“Cənab Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verərkən çox maraqlı məqamlara toxundu. Amma maraqlı məqamlardan biri də hərbi amillə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.
Onun sözlərinə görə, İkinci Dünya müharibəsindən sonra hərbi meydan, güc və hərbi amil əsas rol oynamağa başladı: “Azərbaycan öz təcrübəsində 30 ilə yaxın gözlədi ki, beynəlxalq təşkilatlar torpaqlarımızın işğaldan azad olunması ilə bağlı hərəkət edib, öz qətnamələri, qərarları yetirsinlər, lakin nəticə olmadı. Ona görədə Azərbaycan gücə qarşı güc tətbiq etməli oldu. Ermənistan təcxribatına cavab olaraq güc yolu ilə öz haqqını, ərazi bütövlüyünü bərpa elədi.
Azərbaycan Türkiyə əməkdaşlığın hərbi səviyyəyə keçməsi barədə kimlərsə narahat ola bilər. Ancaq ondan narahat ola bilərlər ki, Azərbaycana qarşı pis niyyətləri var, bizə qarşı hərbi addım atmaq istəyərlər, bundan narahat olmalıdırlar, olurlar da. Lakin Azərbaycanın heç kimə qarşı təcavüzkar niyyəti yoxdur və Türkiyə ilə hərbi əməkdaşlıq davam edir. Bu barədə təlimlər keçirilir, silah, kadr mübadiləsi həyata keçirilir. Azərbaycanlı zabitlərin müəyyən bir hissəsi Türkiyədə hərbi məktəbdə təlim keçirlər. Yəni bunlar norma haldır. İki bir- biri ilə yaxın qonşu, qardaş olan dövlətlərdir və bunlar arasında hərbi əməkdaşlıqdan heç kəs narahat olmamalıdır”.
Akif Nağı sözlərinə belə davam edib: “Cənab Prezident bunu da vurğuladı ki, vəziyyət dəyişib. Artıq, sərhədlərin dəyişməməsi, hərbi güc amilindən istifadə olunmaması ilə bağlı qərarlar dəyişib. Xüsusən də 1974-cü il Heysinqin aktından sonra dünyada yeni münasibətlər sistemi formalaşıb. Amma belə görünür ki, hər kəs öz gücünə arxalanaraq, o cümlədən böyük dövlətlərdə, Prezident də qeyd elədiyi kimi gücə hesablanırlar, fikirlərini, niyyətlərini gizlətmirlər. Rusiyada, ABŞ- də bu istiqamətdə addımlar atır. Yəni artıq açıq şəkildə güc tətbiqi ilə sülhə nail olacaqlarını bildirirlər. ABŞ - nin yeni seçilmiş prezidenti də o mövqedən çıxış edir. Yəni yeri gələrsə sülhün güc amili ilə əldə olunması tezisini ortaya atırlar. Təbii ki hərbi güc nəzərdə tutulur. Dünyanın müxtəlif nöqtələrində Amerikanın hələdə hərbi bazaları var, istənilən yerə hərbi müdaxilə "hüququnu" özündə saxlayır. Yəni belə bir şəraitdə Azərbaycan da özünü müdafiə üçün addımlar atmalı, tədbirlər görməlidir.
Hər kəslə əməkdaşlığımız davam edir. Rusiya, Amerika, İsrail və digər ölkələrlə də əməkdaşlığımız var. Amma ilk növbədə Türkiyə ilə hərbi əməliyyatlarımız yerindədir. Şuşa bəyannaməsində də həmin məsələ ilə bağlı bənd salındı və orda göstərilir ki, Azərbaycan və Türkiyəyə qarşı hər hansı üçüncü tərəf güc tətbiq edərsə, bir yerdə məsləhətləşmələr apararaq hərəkətə keçirlər. Və digər istiqamətlərdə də Azərbaycan və Türkiyə prezidentlərinin açıqlamalarında zaman- zaman təsdiq olunur ki, bir yerdə hərəkət eləməyə, müdafiə eləməyə, eyni zamanda hərbi müstəvidə bir yerdə olmağa, müəyyən aqressiyaların qarşısını almağa Azərbaycan və Türkiyə qərarlıdır. Azərbaycan öz mövqeyini hər zaman açıq şəkildə deyibdir və burada da açıq şəkildə bildirir. Bu da birmənalı şəkildə Rusiya və digər dövlətlər tərəfindən qəbul olunur”.
Ayşən Vəli