1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Xırdalana gedən sakinlərin bir qismi Bakı-Xırdalan-Sumqayıt sürət elektrik qatarının son çıxış saatının 19:35 olmasından narazıdır.
Onlar Oxu.Az-a ünvanladıqları şikayətdə bildiriblər ki, saat 20:00-da Xırdalana hərəkət edəcək qatar olmadığı üçün işləri çətinləşir:
"Xırdalan istiqamətində gedən sonuncu qatar saat 19:35-də yola düşür. İşdən gec saatda çıxanlar, saat 20:00-dan sonra Xırdalana gedəcək qatar tapmırlar. Biz məcbur qalıb ya avtobus, ya da taksidən istifadə edirik. Nəticədə tıxac səbəbindən saatlarla yolda qalırıq. Bakı-Pirşağı istiqamətində hərəkət edən qatarlar gec saatlara qədər hərəkət etdiyi kimi Xırdalana da həmin saatlarda qatarın yola düşməsi yaxşı olardı".
Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Abşeron dairəvi marşrutu üzrə qatarların hərəkət cədvəli qatar parkına uyğun olaraq ən optimal qrafikdir:
"Nəzərə almaq lazımdır ki, Bakı-Xırdalan-Sumqayıt xətti üzrə həm də yükdaşımalar həyata keçirilir, yəni həmin istiqamətdə yük qatarları da hərəkət edirlər. Sərnişin qatarlarının hərəkət qrafiki tərtib edilərkən həm qatar parkı, həm də yük qatarlarının hərəkət cədvəli nəzərə alınır və ən uyğun, ən optimal qrafik hazırlanır", - deyə cavabda qeyd olunub.
Aygün Mirakif