AZ

Ukraynanın hərbi cinayətkar elan etdiyi Rusiya generalını kim və niyə öldürüb?

Hüquq-mühafizə orqanları 1995-ci il təvəllüdlü Özbəkistan vətəndaşını Rusiyanın Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə qoşunlarının rəhbəri, general-leytenant İqor Kirilov və onun köməkçisinin qətlində şübhəli şəxs qismində həbs edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin (İK) rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

Petrenkonun sözlərinə görə, şübhəli şəxs dindirilmə zamanı "Ukraynanın xüsusi xidmət orqanları tərəfindən cəlb edildiyini" və onların tapşırığı ilə Moskvaya gələrək, partlayıcı qurğu əldə etdiyini bildirib. O, bu qurğunu İqor Kirilovun yaşadığı binanın girişində, elektrik skuteri üzərində yerləşdirib. Şübhəli, binanı nəzarətdə saxlamaq üçün avtomobil icarəyə götürərək ona müşahidə kamerası quraşdırıb. Kameradan gələn görüntülər təxribatın təşkilatçılarına, Dnipro şəhərinə ötürülüb. Kirilov və köməkçisi İlya Polikarpov binadan çıxdıqda partlayıcı qurğu məsafədən işə salınıb.

"Bu cinayət üçün icraçıya 100 min dollar məbləğində mükafat və Avropa ölkələrindən birində yaşamaq imkanı vəd edilib", — deyə Petrenko qeyd edib. O əlavə edib ki, cinayətin təşkilində iştirak edən digər şəxslərin kimliyi də müəyyənləşdirilir. Daxili İşlər Nazirliyinin rəsmisi İrina Volkun məlumatına əsasən, şübhəli şəxs Moskva vilayətinin Balaxışinski rayonunun Çernoye kəndində həbs edilib.

Özbəkistanın DİN-i vətəndaşının bu cinayətdə iştirakı barədə məlumata malik olmadığını açıqlayıb. Eyni zamanda, "Kommersant", "İzvestiya" və RBK-nın mənbələri icarə avtomobilindəki videoregistrator və telefon məlumatları sayəsində iki şübhəlinin aşkarlandığını bildirib. Onların telefonları dindirilmə zamanı müsadirə edilib və yazışmalar qətlin təşkilatçıları ilə əlaqəni təsdiqləyib.

General Kirilov və köməkçisi Polikarpov 17 dekabrda, səhər tezdən, Moskvanın Ryazan prospektində binanın qarşısında baş verən partlayışda həlak olublar. Partlayışın gücü 1 kiloqram trotil ekvivalentinə bərabər olub. İK terror aktı, qətl, qanunsuz silah və döyüş sursatı dövriyyəsi üzrə cinayət işi qaldırıb.

Ukraynanın Təhlükəsizlik Xidmətindəki (SBU) mənbə BBC-yə bu əməliyyatı SBU-nun təşkil etdiyini bildirib. "Kirilov hərbi cinayətkar idi və qanuni hədəf sayılırdı, çünki o, Ukrayna hərbçilərinə qarşı qadağan olunmuş kimyəvi silahların tətbiqinə əmr vermişdi. Belə bir biabırçı sonluq Ukraynalıları öldürən hər kəsi gözləyir", — deyə mənbə vurğulayıb.

Lakin Ukrayna Prezidentinin Ofisi Kirilovun qətlində Kiyevin iştirakı barədə iddiaları rədd edib. Prezident aparatının rəhbərinin müşaviri Mixail Podolyak "Ukrayna terror formatından istifadə etmir" deyə bəyan edib. O, qərarların yalnız döyüş meydanında qəbul edildiyini vurğulayıb və Kirilovun qətlini "daxili qarşıdurmanın" nəticəsi adlandırıb.

Alpər

Seçilən
9
qaynarinfo.az

1Mənbələr