AZ

Kənd təsərrüfatı heyvanlarının sığorta haqqı azaldılıb

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi çərçivəsində heyvanların sığortası fermerlər üçün daha əlçatan olub. Aqrar Sığorta Fondunun İdarə Heyətinin qərarı ilə kənd təsərrüfatı heyvanlarının sığortalanması üzrə tariflər aşağı endirilib.

Bunu jurnalistlərə açıqlaması zamanı Aqrar Sığorta Fondunun İdarə Heyəti sədrinin müşaviri İmran Cümşüdov bildirib.

O, qeyd edib ki, Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 479 saylı və 22 dekabr 2021-ci il tarixli 398 saylı qərarlarına əsasən, Azərbaycanda aqrar sığorta vasitəsilə iribuynuzlu ətlik və südlük mal-qaranı (inək, camış və danaları), eləcə də xırda-buynuzlu heyvanları (qoyun və keçiləri) sığortalamaq mümkündür.

“İndiyədək mal-qaranın sığortalanması üçün sığorta tarifləri seçilmiş sığorta zərfindən asılı olaraq heyvanın qiymətinin 5,2-8,2 faizi arasında dəyişirdi. İdarə Heyətinin qərarı iləiribuynuzlu heyvanların sığorta haqqı 5 faiz, xırdabuynuzlu heyvanların sığorta haqqı isə 10 faiz aşağı salınıb. Nəticədə tariflər iribuynuzlu mal-qara üçün 4,9-7,8 faizə, xırda buynuzlu heyvanlar üçün isə 4,65-7,37 faizə endirilib. İndiyədək 1000 manatlıq iribuynuzlu heyvanın (inək və ya camışın) illik sığorta haqqı seçilmiş sığorta zərfindən asılı olaraq fermerə 26-41 manata başa gəlirdisə, indi bu rəqəm 25-39 manata enib. Dəyişikliklər nəticəsində qiyməti 3000 manat olan inəklərin sığorta haqqı 77-123 manatdan 73-117 manata endirilib. Qiyməti 5000 manat olan heyvanların sığortası üçün isə fermerlər əvvəlki 129-205 manat əvəzinə, 122-195 manat ödəyəcəklər”, - deyə sədrin müşaviri əlavə edib.

Aqrar Sığorta Fondu rəsmisinin sözlərinə görə, dəyişikliklər nəticəsində xırdabuynuzlu heyvanların sığorta haqqı daha çox – 10 faiz aşağı salınıb: “Belə ki, indiyədək xırdabuynuzlu heyvanların sığortalanması üzrə illik sığorta tarifi 5,2-8,2 faiz arasında dəyişirdisə, indi bu rəqəm 4,6-7,4 faizə endirilib. Nəticədə indiyədək 300 manatlıq xırdabuynuzlu heyvanın (qoyun və ya keçinin) illik sığorta haqqı fermerə 7,75-12,3 manata başa gəlirdisə, indi bu rəqəm 6,97-11 manata enib. Heyvanları daha uzun müddətə – 2-3 illik sığorta etdikdə illik sığorta haqları daha aşağı olur”.

İ.Cümşüdov, həmçinin vurğulayıb ki, aqrar sığorta vasitəsilə heyvanları yoluxucu xəstəliklər, zəhərli otlar, yemlər və kimyəvi maddələrin təsirindən zəhərlənmə, ilan və ya həşərat sancması, vəhşi heyvanların hücumu, yanğın, təbii fəlakətlər, üçüncü şəxslərin hərəkətləri, oğurluq, soyğunçuluq və quldurluq hallarından sığortalayır.

“Odur ki, qış aylarında heyvanların sığortası xüsusilə vacibdir. Belə ki, bu aylarda təsərrüfatlara vəhşi heyvanların hücumu, eləcə də tövlələrin qızdırılması ilə əlaqədar olaraq yanğın hallarının sayı artır. Ümumilikdə isə kənd təsərrüfatı heyvanlarının sığortası aqrar sığortada mühüm yer tutur və bu sığortadan faydalanan fermerlərin sayı artmaqdadır. Belə ki, 2024-cü ilin ilk 10 ayında Aqrar Sığorta Fondu tərəfindən heyvandarlıq sığortası üzrə fermer və təsərrüfatlara 1 milyon manatdan artıq sığorta ödənişi edilib ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 45 faiz artıqdır”.

Seçilən
2
23
xalqqazeti.az

10Mənbələr