AZ

“Biz tarixi torpaqlarımızda yaşamaq hüququmuzu bərpa edəcəyik” – ŞƏRH + FOTO

Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində Ermənistandan qovulmuş azərbaycanlılardan danışıb. Dövlət başçısı deyib ki, Azərbaycanda Ermənistandan gələnlərin icması var, onlar 1980-ci illərin sonunda – 1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlıdır. Ölkə rəhbərinin sözlərinə görə, bu icma qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edib.

Prezident İlham Əliyev vurğulayıb ki, vaxtilə Ermənistanda yaşayan azərbaycanlıların 1990-cı illərin əvvəlində oradan deportasiyası o demək deyil ki, bu insanların qayıtmaq hüququ yoxdur. Dövlət başçısı deyib ki, bu günədək Ermənistan rəhbərliyindən azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesini necə görmələri barədə cavab verilməyib.

“Biz tarixi torpaqlarımızda yaşamaq hüququmuzu bərpa edəcəyik” - <span style=color:red>ŞƏRH + FOTO

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, əslən Qərbi Azərbaycandan olan millət vəkili Naqif Həmzəyev mövzu ilə bağlı Medianews.az-a bildirib ki, 1987-1991-ci illər ərzində hazırkı Ermənistan Respublikasının ərazisindən 300 mindən çox Qərbi azərbaycanlı deportasiya olunub.

“Biz tarixi torpaqlarımızda yaşamaq hüququmuzu bərpa edəcəyik” - <span style=color:red>ŞƏRH + FOTO

Deputat vurğulayıb ki, bu, XX əsrdə azərbaycanlılara qarşı Ermənistan dövləti, erməni millətçiləri və ideoloqları tərəfindən törədilmiş sayca dördüncü deportasiyadır: “Ötən əsrin əvvəlində, daha dəqiq desək 1905-1907 və 1918-1920-ci illərdə Qərbi Azərbaycandan soydaşlarımızın deportasiyası daha faciəvi xarakter alıb, soyqırımı ilə müşayiət olunub. Minlərlə dinc sakin yalnız azərbaycanlı olduğuna görə ermənilər tərəfindən amansızlıqla qətlə yetirilib, ata-baba yurdundan qovulub. 1948-1953-cü illərdə də Stalinin bədnam qərarı əsasında Qərbi Azərbaycanın əzəli sakinləri zorla vaqonlara doldurularaq Azərbaycanın aran zonasına köçürülüb, heç bir şəraiti olmayan düzənlikdə, açıq ərazilərdə yaşamağa məhkum ediliblər. Bu zaman iqlim dəyişməsinə məruz qalan, çoxsaylı xəstəliklərə yoluxan minlərlə günahsız insan dünyasını dəyişib. Bunun özü də bir soyqırımı idi. Bütün bu çətinliklərə, faciələrə baxmayaraq, Qərbi azərbaycanlıların Vətən həsrəti, yurda, el-obaya, torpağa bağlılığı onları zaman-zaman geri qaytarıb. Didərginlik həyatı yaşayan soydaşlarımız yenidən ata-baba ocaqlarına sahib çıxıb, dağıdılan evlərini, məhv olan təsərrüfatlarını bərpa ediblər. Ancaq məhz 1987-1991-ci illərdə baş tutan deportasiyadan sonra Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıtması və orada yaşama hüquqları hələ də bərpa olunmayıb. Çox təəssüflər olsun ki, bu istiqamətdə Qərbi Azərbaycan İcmasının Ermənistan siyasi rəhbərliyinə etdiyi müraciətlər cavabsız qalıb”.

“Biz tarixi torpaqlarımızda yaşamaq hüququmuzu bərpa edəcəyik” - <span style=color:red>ŞƏRH + FOTO

N.Həmzəyev söyləyib ki, Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtma hüquqları ilə bağlı hələ də Ermənistan dövləti və siyasi rəhbərliyi tərəfindən hər hansı addım atılmır, bu barədə çağırışlara reaksiya verilmir: “Bu o demək deyil ki, biz öz istəyimizdən, təbii hüquqlarımızdan əl çəkməliyik. Əksinə, biz bu hüquqların bərpası ilə bağlı beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırırıq və BMT-nin Qaçqınlar Komissarlığı ilə yaxından əməkdaşlıq edirik. İnanırıq ki, tezliklər Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtması, orada yaşaması və təməl hüquqları olan vətənlərinə qayıtmaq hüquqlarının bərpası reallaşacaq. Bu vətən torpağıdır. Biz orada doğulmuşuq, böyümüşük. Bizdən öncə də uzun illər orada məhz Qərbi azərbaycanlılar yaşayıb və oralar tarixi Azərbaycan torpaqlarıdır”.

“Biz tarixi torpaqlarımızda yaşamaq hüququmuzu bərpa edəcəyik” - <span style=color:red>ŞƏRH + FOTO

Millət vəkili deyib ki, indiki halda Qərbi Azərbaycan İcmasının Ermənistan dövlətinə və siyasi rəhbərliyinə müraciətləri torpaq davası, ərazi bütövlüyünə qəsd deyil, birbaşa olaraq soydaşlarımızın doğma Vətəndə yaşamaq hüquqlarının bərpası məsələsidir: “Bizim Qərbi Azərbaycana qayıtmağımız nəyin bahasına olursa-olsun reallaşmalıdır. Təkcə 1987-1991-ci illərdə oradan deportasiya olunmuş soydaşlarımız yox, ondan öncə zorla qovulmuş Qərbi azərbaycanlıların soylarının davamçılarının da öz babalarının doğma kəndlərində, qəsəbələrində, şəhərlərində yaşamaq hüquqları bərpa olunmalıdır. Həmçinin də biz unutmamalıyıq ki, məhz Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıdışının təmin edilməsi Cənubi Qafqazda uzunmüddətli, dayanıqlı sülhün gücləndirilməsinə böyük dəstək ola bilər. Əgər Cənubi Qafqazda böyük Qafqaz ailəsini formalaşdırmaq və dayanıqlı sülh əldə etmək istəyiriksə, Qərbi azərbaycanlıların hüquqlarının bərpasını mütləq əsas kimi saxlamalı və təmin etməliyik. Mən əminəm ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində Qərbi Azərbaycanla bağlı irəli sürdüyü və dilə gətirdiyi fikirlər gec-tez reallaşacaqdır. O müsahibədə dövlət başçısının səsləndirdiyi fikirlər dünyaya, Ermənistana, eləcə də onun havadarlarına mühüm mesajdır. Biz çox sevinirik ki, Cənab İlham Əliyev Qərbi azərbaycanlıların hüquqlarının bərpası barədə mütəmadi olaraq fikir bildirir. Bu, bizim ümidlərimizi daha da artırır. Biz inanırıq ki, gec-tez Qərbi azərbaycanlıların da arzusu çin olacaq və biz tarixi torpaqlarımızda yaşamaq hüququmuzu bərpa edəcəyik”.

Nailə QASIMOVA

Seçilən
15
1
medianews.az

2Mənbələr