Suriyada 50 illik Əsəd rejiminin sona çatmasının ardından ölkənin müxtəlif şəhərlərində dövlət müəssisələri, məktəblər və ofislər, rejimə aid simvollar və təsvirlərdən təmizlənir.
Yenicag.az xəbər verir ki, zibil maşınları ilə daşınan bu simvollar rejimin devrilməsi ilə əlaqədar olaraq tarixə qovuşur.
Suriya hökuməti bu addımı keçmişin qalıqlarını silmək və yeni bir dövrün başlanğıcını simvollaşdırmaq olaraq izah edir. Şəhərlərin hər küncündə Əsəd rejiminə aid portretlər, dövlət təbliğatları və digər simvolların təmizlənməsi müşahidə olunur.
Bu dəyişiklik həm ölkə daxilində, həm də beynəlxalq miqyasda böyük diqqət çəkib. Bir çox analitiklər bu hadisəni Suriya xalqının keçmişin ağır irsindən təmizlənməsi və daha azad, demokratik bir gələcəyə doğru atılmış mühüm bir addım olaraq dəyərləndirirlər.
Təhlükəsizlik və infrastruktur baxımından hələ də bərpa işləri davam edən Suriyada bir çox şəhər və vilayətdə yeni idarəetmə strukturlarının qurulmasına start verilib.
Məsimə Məmmədova