AZ

“Zəfər tariximizin Fatehləri”

Türkiyənin paytaxtı Ankarada - Türksoyda Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı, publisist Zərifə Quliyevanın müəllifi olduğu “Zəfər tariximizin Fatehləri”  kitabının təqdimatı keçirilib. Azərbaycanın Türkiyədəki səfirliyi, Türksoyun rəhbərliyi və Türkiyə Kocaeli Haydar Aliyev adına Kültür Evinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyə və Azərbaycanın görkəmli ziyalıları, elm xadimləri, millət vəkilləri iştirak ediblər. 

Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı qurumun Baş katibi Sultan Raevin adından iştirakçıları salamlayıb. Azərbaycanın Zəfərini bütün Türk dünyasının Qələbəsi kimi dəyərləndirən E.Qafarlı bildirib ki, qəhrəman Azərbaycan övladlarının şücaəti sayəsində 4 il bundan əvvəl ərazi bütövlüyümüz bərpa edilib. Bu gün həmin yurd yerlərində bərpa işləri sürətlə aparılır, əhali öz doğma torpaqlarına qayıdır. 

Kocaelidəki Heydər Əliyev adına Mədəniyyət Evinin rəhbəri Bilal Dündar çıxışında Azərbaycan və Türkiyə dövlətçiliyinin memarı Heydər Əliyevi və Mustafa Kamal Atatürkü iki qardaş ölkənin əvəzsiz irsi adlandırıb. Azərbaycanın dövlətçilik tarixində əvəzsiz xidmətləri olan görkəmli şəxsiyyətlərdən hərtərəfli bəhs edən “Zəfər tariximizin fatehləri” kitabı ilə tanış olmaq hissini nadir fürsət kimi dəyərləndirib. 

Sonra, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun şöbə müdiri, professor Rəna Mirzəzadə, Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun direktoru, professor Səyyarə İbadullayeva, AMEA Rəyasət Heyəti Aparatının Elmi İrs şöbəsinin müdiri,tarix elmləri doktoru,professor Zemfira Hacıyeva və başqaları çıxış ediblər. Bildiriblər ki, xalqın qəhrəmanlıq səhifələrinin dünya ictimaiyyətinə çatdırılması ölkəmizin həqiqətlərinin təbliği baxımından çox vacibdir. 

Sonda, kitabın müəllifi, “Müasir İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva qeyd edib: 

- Bu kitab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Qələbənin qazanılmasında göstərdikləri əvəzsiz xidmətlərindən bəhs edir. Burada, həmçinin Ulu Öndər Heydər Əliyev və akademik Zərifə xanım Əliyevanın irsləri ilə bağlı məqalələr və nəşrlər toplanıb, Azərbaycan xalqının suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda apardıqları haqlı mübarizə mövzusu geniş şəkildə işıqlandırılıb. Sevindirici haldır ki, qardaş Türkiyədə “Zəfər tariximizin fatehləri” kitabının təqdimatı keçirilir. Türkiyə-Azərbaycan birliyi əbədidir”.

Tədbir çərçivəsində, ulu öndər Heydər Əliyevin irsi mövzusunda videoçarx da nümayiş olunub.

 

Fidan

XQ

Seçilən
10
xalqqazeti.az

1Mənbələr