Türkiyə valyutası ABŞ dollarına qarşı yenidən ucuzlaşmaqla tarixi minimum səviyyəsindən aşağı düşüb. Bakı vaxtı ilə 10:50 radələrində 1 ABŞ dolları 35.07 lirə təşkil edib.
Bu da sessiya ərzində lirənin ABŞ puluna qarşı 0.3 faiz ucuzlaşması deməkdir. Lirə artıq 19 faiz dəyər itirmiş olub. Cari ilin əvvəlində 1 dollar 30 lirə ətrafında idi.
Ekspertlərə görə, lirənin zəifləməsi son aylarda davam edən iqtisadi çətinliklərin və inflyasiyanın nəticəsidir. Lirənin ucuzlaşması, əsasən, ölkədəki pul siyasəti, Mərkəzi Bankın qərarları və qlobal iqtisadi amillərlə əlaqələndirilir.
Lirənin dəyərinin azalması, xüsusilə idxal məhsullarının bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərir. Bununla yanaşı, inflyasiya təzyiqlərinin artması sosial narahatlıqlar və bazara olan inamın azalmasına gətirib çıxarır.
Türkiyənin iqtisadi siyasəti və lirənin stabilizasiyası üçün atacağı addımlar, xüsusilə yaxın gələcəkdə xarici sərmayə və beynəlxalq valyuta bazarlarında vəziyyətə ciddi təsir göstərə bilər.
İqtisadçı Akif Nəsirli mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşüb:
"Türkiyənin Azərbaycan kimi dollara satıla bilən sərvəti yoxdur. Onun yalnız dollara satılan daxili istehsalı mövcuddur və bu da ölkənin dollara olan tələbatının qarşılanmasına yetərli olmur. Bu səbəbdən də Türkiyədə lirə bu neçə ildə öz dəyərini mütəmadi olaraq itirir. İlin sonunda inflyasiyanın artması təbii haldır. İl sonuna doğru isə hesablaşmaların dövrü başlayır və insanlar borclarını ödəməyə çalışır, ona görə də ölkədə dollara tələbat yüksəlir. Beləliklə, dolların tələbinin artması ilə, lirə dollarqarşısında dəyərini itirməyə başlayır. Bu proses ilin sonuna kimi davam edəcək. Ola bilər, lirə 3-5 faiz də dəyərini itirsin. Amma fikrimcə, yanvar ayının sonuna qədər, lirə yenidən dekabr ayının əvvəllərindəki dəyərinə qayıda biləcək".
İqtisadçı əlavə edib ki, Türkiyədə lirənin ucuzlaşması daxili problemlərdən qaynaqlanır və bu inflyasiya qonşu ölkələrdə inflyasiya yaratma imkanına malik deyil. Əslində, ticarət dövriyyəsi zamanı Azərbaycana idxal olunan məhsulların ucuzlaşması müşahidə olunacaq. Yəni Türkiyədən məhsul idxal edən sahibkar, lirənin ucuzlaşmasından faydalana bilər, çünki bu 3%-lik ucuzlaşma onların xərclərini azaltdığından, müəyyən qazanc əldə edəcəklər.
Lakin Türkiyəyə ixrac zamanı bizim sahibkarlarımız müəyyən itkilərə məruz qala bilər. Belə inflyasiya zamanı dövriyyələrin azalması və alıcılıq qabiliyyətinin düşməsi ilə üzləşir. Bu səbəbdən Türkiyəyə mal ixrac edən sahibkarlarımız bundan əziyyət çəkə bilər.
Azərbaycanın bunun qarşısını almaq üçün hər hansı tədbir görmək imkanları məhduddur. Nə Türkiyə, nə də biz onların əyaləti deyilik ki, hər hansı rıçaqlardan istifadə edək".