AZ

Azərbaycan və Ermənistan sülh müqaviləsi layihəsinin 17 maddəsindən 15-ni razılaşdırıb, bu barədə prezident İlham Əliyev çərşənbə günü ÜDTRŞ-yə və RİA-Novosti Agentliyinə müsahibəsində bildirib.

Razılaşdırılmamış maddələrdən biri tərəflərin bir-birinə qarşı beynəlxalq iddialardan imtina etməklə bağlıdır. Əliyevin fikrincə, "bu, qarşılıqlı şəkildə qəbul oluna biləcək maddədir".

"Bu yaxınlarda biz vurulmuş zərərin təhlilini başa çatdırdıq, həm də bunu ətraflı etdik. Biz buna 4 il vaxt sərf etdik və orada hər şey sənədlərlə qeyd olunub. Bu, təqribən 150 milyard dollardan çoxdur, yəni, işğal illərində vurulan zərərdir. Ona görə də zənnimcə, qarşılıqlı iddiaları kənara qoymaq hər iki tərəf üçün qəbulediləndir", deyə Əliiyev qeyd edib.

Digər maddə başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır. "Çünki sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb", deyə Əliyev qeyd edib. Bu müşahidəçilərin göndərilməsi məsələsi 2022-ci ilin oktyabrında, Avropa İttifaqı nümayəndələrindən ibarət məhdud sayda kontingentin cəmi iki ay orada olacağı şərti ilə bizimlə razılaşdırılıb.

"Erməni tərəfinin həyata keçirməli olduğu daha iki məqam var. Birincisi, öz Konstitusiyasını dəyişməkdir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də Konstitusiyanın dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir", deyə Əliyev bildirib.

Azərbaycanın ikinci şərti ATƏT-in Minsk Qrupunun ləğvidir, çünki bu qurum artıq fəaliyyətsizdir.

"Əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır? Yəni, Ermənistanın onun ləğv edilməsini, ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün bizimlə birlikdə ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir", Əliyev belə hesab edir.

Seçilən
6
turan.az

1Mənbələr