Bu gün Azərbaycan Pezidenti İlham Əliyev "Rossiya-1" telekanalına müsahibəsində bildirib ki, Ermənistanın 30 il ərzində Azərbaycana vurduğu ziyan 150 milyard dollardan çoxdur.
Bəs, Ermənistan bu zərəri kompensasiya edəcəkmi?
Mövzuyla bağlı Bakupost.az -a danışan politoloq Xəyal Bəşirov bildirib ki, Ermənistanla münasibətləri qaydasına salmaq, sülh sazişi bağlamaq üçün keçmiş münaqişəylə bağlı heç bir problem qalmamalıdır:
“Ölkə başçısı bu rəqəmi səsləndirərkən 17 maddəli sülh sazişinə də istinad elədi. Prezident bildirdi ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı proses yükun iki maddənin razılaşdırılmasında qalıb. Həmin o maddələrdən biri qarşılıqlı şəkildə beynəlxalq iddialardan əl çəkilməsi məsələsidir. Bu kompensasiyanın ödənilməsi məsələsi o zaman Azərbaycan tərəfindən qəti şəkildə ortaya qoyulacaq ki, Ermənistan beynəlxalq iddialarda əl çəkməyəcək. Mən düşünürəm ki, o məsələ hələ ki müzakirə edilir. Müzakirə edildiyinə görə təzminat məsələsi hələ qaldırılmayıb”.
Poliroloqun sözlərinə görə, Ermənistan məsələnin ciddiliyini anlasa və həqiqətən Azərbaycanla düşmənçilik siyasətinə son qoyub sülh sazişi imzalamağa maraqlı olsa, bu məsələ həllini tapa bilər:
“Bu, əslində, Ermənistan üçün tarixi bir şansdır. Çünki 150 milyard dolları ödəmək Ermənistan üçün çox böyük bir problemdir. Ermənistanın büdcəsi ilə hesablasaq, 10 dəfələrlə böyük bir məbləğdir. Amma bu məbləği qarşılaya bilməsə, bu o demək deyil ki, məsələdən boyun qaçıra bilər. Bu, Azərbaycanın haqqıdır. Ermənistan bunu hansısa formada ödəyəcək. Ola bilər ki, ərazi kompensasiyası şəklində, ya da ona silah verən dövlətlər onun Zəngəzur dəhlizinin reallaşdırılması və Ermənistan ərazisindən keçəcək avtomobil yolları, logistika xidmətinə görə də anlaşma mümkündür”.
Rəhman Mirzəlizadə, BakuPost