AZ

Ermənistan müharibə canilərinin işi üzrə Bakı ilə əməkdaşlıqdan qaçır...

Image

Akif Nağı: “Azərbaycan dünya birliyinə bir nümunə göstərir ki, biz ədalətli qərar çıxarmaq üçün bu məsələdə Ermənistanla da əməkdaşlıq etməyə hazırıq” 

Azərbaycanın Baş Prokurorluğu Bakıda həbsdə olan Qarabağ separatçılarının cinayət işi ilə bağlı Ermənistanın aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edib. Bu barədə Baş Prokurorluğun Bakıda həbsdə olan Qarabağ separatçılarının cinayət işinin məhkəməyə göndərilməsi ilə bağlı yaydığı məlumatda vurğulanıb. 

"Azərbaycan Respublikasının Baş Prokurorluğu bu istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinən, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan Respublikasının ərazisində olmasına ciddi əsasları rəhbər tutaraq, Ermənistan Respublikasının aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edir", - məlumatda qeyd olunub.

Azərbaycanın Baş Prokurorluğunun Ermənistanın aidiyyəti qurumlarını bu hərbi cinayətkarların cinayət əməlləri ilə bağlı müxtəlif epizodlar üzrə əməkdaşlığa dəvət etməsi çox mühüm haldır. Çünki onların törətdiyi cinayətlərin çox böyük bir hissəsinin hazırlanması meydanı Ermənistandır və bu baxımdan mütləq  bu ölkənin aidiyyəti qurumları Azərbaycanın Baş Prokurorluğu ilə əməkdaşlıq etməlidir. Vaxtilə bu hərbi canilər Azərbaycan ərazisində, Qarabağda saysız cinayət əməlləri törədiblər.  Bunlar gerçəkdən hərbi cinayətkarlardır. Əlində silah dövlətimizə qarşı döyüşən bu hərbi cinayətkarların işi üzrə Ermənistanın əməkdaşlığı çox vacibdir. Amma belə görsənir ki, Ermənistan bu istiqamətdə əməkdaşlıqdan da yayınır. 

“Ermənistan tərəfi, əməkdaşlıqdan qaçmaq əvəzinə, Azərbaycanla əməkdaşlıq etməlidir ki, haqq-ədalət bərqərar olunsun”

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, erməni hərbi caniləri üzərində artıq məhkəmə prosesi başlayır. “Azərbaycan hüquq-mühafizə, prokurorluq orqanları bu hərbi cinayətkarlarla bağlı bütün mümkün materialları toplayıb. Onların bu cinayətləri əsasən Azərbaycan ərazisində baş verib, bu hadisələrin şahidləri də, o cinayətlərin qurbanları da durur, onlar şahid qismində danışırlar, ifadələr verirlər. Bunlar hamısı vacib məsələlərdir. Onlar barədə materallar toplanıb və məktəməyə təqdim edilib. O materaillar əsas verir ki, erməni hərbi caniləri ilə bağlı obyektiv, ədalətli qərar çıxarılsın, onlar cəzalarını alsınlar. Azərbaycan tərəfi, həmişəki kimi, məsələyə məsuliyyətlə yanaşır və hesab edirik ki, əlavə faktların ortaya çıxması ilə bağlı Ermənistan özünün xidmətini göstərməlidir. Ermənistana müraciət edilib. Bu ölkə doğrudan da özünü müstəqil, ədalətli dövlət hesab edirsə ədalətin bərpa olunmasında iştirak etməlidir, onların buna imkanları var. Ermənistan ərazisində yaşayan adamlar var ki, onlar şahid qismində, yaxud başqa formalarda o dövrdə baş vermiş qətl hadisələrində, hərbi cinayətlərdə, insanlığa qarşı cinayət hadisələrində iştirak ediblər və onlar mütləq şəkildə bu prosesə qoşulmalıdırlar. Azərbaycan tərəfin müraciəti əsasında Azərbaycana da gələ, yaxud Azərbaycan öz nümayəndələrini Ermənistana göndərə bilər ki, hüquq-mühafizə orqanlarının əməkdaşları gedib yerində onlarla söhbət etsin, onları danışdırsınlar. Yaxud üçüncü bir ölkəyə də dəvət edilə bilərlər ki, onlardan məlumat alınsın, tədqiqat, istintaq işləri aparılsın. Yəni Azərbaycan haqq-ədalətin bərpa olunması, digər faktların üzə çıxarılması naminə istənilən varianta razıdır. Azərbaycan məhkəməsi əlində olan materiallar əsasında da bu hərbi cinayətkarlara qarşı hökm çıxara bilər və çıxaracaq da. Çünki Ermənistan tərəfə müraciət olunub, amma onlardan hələ bir reaksiya yoxdur, görünən odur ki, onlar bu müraciətə cavab vermək fikrində deyillər. Azərbaycan tam mənzərənin yaranmasını istəyir ki, ortada hərtərəfli məlumatlar olsun, başqa bir tərəfdən kimsə nə vaxtsa Azərbaycana qarşı hər hansı bir ittiham səsləndirə bilməsin. Burda məsələnin o tərəfi də var. Azərbaycan maraqlıdır ki, bütün faktlar üzə çıxsın. Ola bilsin, Ermənistan tərəfdə elə materiallar var ki, istintaqın gedişini dəyişə bilər. Bu məsələ də istisna deyil. Bu baxımdan, Ermənistan tərəfi əməkdaşlıqdan qaçmaq əvəzinə Azərbaycanla əməkdaşlıq etməlidir ki, haqq-ədalət bərqərar olunsun”.

A.Nağı qeyd etdi ki, Azərbaycan ilk növbədə haqq-ədalətin bərqərar olmasını istəyir, məqsədi, məramı bundan ibarətdir. Onun sözlərinə görə, Azərbaycan onsuz da bilir ki, Ermənistan tərəfi məlumatları saxtalaşdırmağa adət edib və beynəlxalq təşkilatlar da, ayrı-ayrı qurumlar da bu ölkəni dəstəkləyir. “İndi də bizə qarşı yeni hücumlara başlayıblar, guya bu hərbi canilərin azad olmasını tələb edirlər.  Hansısa ölkələrdə, eləcə də Ermənistanda bu hərbi cinayətkarlarla bağlı kampaniya aparırlar. Bu hərbi canilər arasında hansısa Vardanyan da var ki, xirttəyə qədər cinayətlərin içindədir. Beynəlxalq aləmdə də bu hərbi caninin müdafiəsini təşkil edib əsassız iddialar səsləndirirlər. Azərbaycan məhkəməsi müəyyən qərarlar çıxarandan sonra da, təbii, onlar hay-küy salacaq, əsassız olaraq bizə qarşı hücuma keçəcəklər. Biz də onların əlində olan müəyyən arqumentləri onlardan almaq, bizi haqsız yerə ittiham etmələrinə yol verməmək üçün gərəkli addımları atıb Ermənistana müraciət etmişik. Bu, Azərbaycanın əlində ciddi bir əsas olardı ki, Ermənistan tərəfi də bu proseslərdə həqiqətlərin ortaya çıxmasında əməkdaşlıq edib, faktların üzə çıxması üçün bəzi adamların Azərbaycana göndərilməsinə şərait yaradıblar. İndi qarşıdakı günlərdə Ermənistan buna necə cavab verəcək? Onlar həqiqətlərin ortaya çıxmasında maraqlıdırlarmı? Amma tarix də, günümüzün reallıqları da bunu göstərir ki, ermənilər heç vaxt həqiqətin ortaya çıxmasında maraqlı olmayıblar. Əksinə, yalanları şişirtməyə meyllidirlər, tarixləri də, başqa məsələlər də göstərir ki, onların hər şeyi yalan üzərində qurulub. Yenə də o xətlə gedəcəklər. Onlar həqiqətin üzə çıxmasında heç zaman maraqlı olmayıblar. Burada bir məsələ də var ki, ermənilər bu məsələdə Azərbaycanla əməkdaşlıq etsələr ortaya çoxlu faktlar çıxacaq və bu faktlara görə Ermənistan hakimiyyəti də cavab verməli olacaq. Dünənki haklimiyyətin əvəzinə bu gün onun varisi olan hakimiyyət də cavab vermək məcburiyyətində qalacaq. Bu “təhlükəni” ermənilər görür və məsuliyyətdən yaxalarını qurtarmaq üçün əməkdaşlıqdan yayınacaqlar. Azərbaycan bu təşəbbüsü irəli sürüb. Bu, beynəlxalq təcrübədə ilk təşəbbüslərdən biridir ki, düşmən tərəf əməkdaşlığa dəvət edilir. Ermənistan hələ də bizə düşmən münasibəti bəsləyir, yeni müharibəyə hazırlaşır, revanşizmdən əl çəkmir. Amma Azərbaycan dünya birliyinə bir nümunə göstərir ki, biz ədalətli qərar çıxarmaq üçün bu məsələdə Ermənistanla da əməkdaşlıq etməyə hazırıq”-deyə A.Nağı qeyd etdi.       

A.Nağının fikrincə, Azərbaycan bu təşəbbüsü irəli sürməklə ermənilərin 15, 50 il sonra aparacaqları təbliğatın qarşısını alır ki, bu faktlar bizim Ermənistanla birgə əməkdaşlığımız nəticəsində ortaya çıxıb. O qeyd etdi ki, Azərbaycanın bir məqsədi də gələcəkdə ermənilərin yalan təbliğatının qarşısını almaqdır. “Azərbaycan dünya birliyinə bir nümunə göstərir ki, bir-biri ilə müharibə aparan, döyüşən ölkələr bir araya gələ, əməkdaşlıq edə bilərlər. Məqsəd də ancaq həqiqəti üzə çıxarmaqdır. Gözləyək görək, Ermənistanın cavabı nə olacaq. Azərbaycan növbəti dəfə Ermənistanı çıxılmaz bir vəziyyətə salıb. Ermənistan nə “hə”, nə də “yox” deyə bilir. “Hə” deyərsə və Paşinyan hökuməti Azərbaycanla əməkdaşlıq edərsə Ermənistanın daxilində bir qədər də nüfuzdan düşə bilər, ona qarşı bundan müxalifət istifadə edə bilər. Digər tərəfdən, əməkdaşlıq edəcəklərsə, ortaya çıxan faktlar onların özlərinə qarşı çevriləcək. Yəni bu amillərin təsiri altında Ermənsitan hakimiyyəti ziddiyyətli  bir vəziyyətdədir. Azərbaycanın bu ağıllı gedişinə onlar necə cavab verəcəklər, vəziyyətdən    necə çıxacaqlar, məlum deyil. Amma istənilən halda hesab edirəm ki, onlar “hə” desələr də, “yox” desələr də Azərbaycan üstün mövqedədir. Ermənilərin nə etməsindən asılı olmayaraq Azərbaycan istənilən vəziyyətdə öz üstün mövqeyini qoruyub saxlayır”-deyə A.Nağı əlavə etdi.

İradə SARIYEVA





Seçilən
6
baki-xeber.com

1Mənbələr