AZ

Məhkəmə “Veysəloğlu”nu cərimələyib

“Veysəloğlu” MMC valyuta tənzimi qaydalarını pozduğu üçün cərimələnib.

"Operativ Media"nın əldə etdiyi məlumata görə, Mərkəzi Bank tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Müddəanın tələblərinə əsasən, şirkət xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.

Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib. 

Xatırladaq ki, valyuta tənzimi qaydalarını pozmaya görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Qeyd edək ki, 2006-cı ildə dövlət qeydiyyatına alınan “Veysəloğlu” MMC-nin nizamnamə kapitalı 8 826 172 manat, qanuni təmsilçisi isə Bəxtiyar Adil oğlu Allahverdidir. 53 yaşlı B.Allahverdi hazırda Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının sədr müavini və “Araz” supermarketlər şəbəkəsinin səhmdarlarından biri və “Veysəloğlu Distribusiya” şirkətinin idarə heyətinin sədridir.

Mətbuatda “Veysəloğlu” şirkətinin və ona məxsus olan ARAZ, OBA və SPAR supermarketərinin sahibinin Aydın Veysəl oğlu Talıbov olduğu bildirilir. Şirkət A.Talıbovun atasının adına uyğun olaraq “Veysəloğlu” adlandırılıb.

Xatırladaq ki, “Veysəloğlu” MMC daha əvvəl bir neçə dəfə digər inzibati xəta törətdiyinə görə cərimələnib.

Seçilən
7
1
operativmedia.az

10Mənbələr