Harvard və Edinburq universitetlərinin araşdırmasına görə, planetlər həyatın mövcudluğu üçün yeganə məkan olmaya bilər. Alimlərin fikrincə, bəzi ekosistemlər kosmik vakuumun ekstremal şəraitində belə yaşamaq üçün lazımi şəraiti müstəqil şəkildə formalaşdıra bilirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Universe Today” məlumat yayıb.
Planetlər ənənəvi olaraq həyat üçün optimal mühit hesab olunurlar, çünki onlar maye suya çıxışı təmin edir, radiasiyadan qoruyur və lazımi temperaturu saxlayır. Amma orqanizmlərin özləri tərəfindən yaradılan bu cür strukturlar planetlərin rolunu öz üzərinə götürə bilərlər.
Bəzi mikroorqanizmlər, məsələn, bakteriya və yosunlar mənfi amillərə qarşə özləri üçün qoruyucu maneələr yarada bilərlər.
Alimlərin apardığı hesablamalara görə, belə bioloji strukturlar Günəşdən 1-5 astronomik vahid arasında mövcud ola bilər. Bu məsafəyə Yerin orbitindən Yupiterin orbitinə qədər olan dairə daxildir. Elm adamları iddia edirlər ki, belə bioloji strukturlar fotosintez üçün əlverişli daxili şəraiti qoruyub saxlaya bilir, kimyəvi prosesləri tənzimləyir və intensiv ultrabənövşəyi şüalardan qoruyur.
Bütün bunlar kainatdakı təkamülün tamamilə bənzərsiz formalar ala biləcəyini ifadə edə bilər. Bu cür ekosistemlər, ehtimal ki, Yer kürəsində məlum olan hər hansı bir şeyə bənzəmir.
Yeni fərziyyə doğrudursa, bu, planetimizdən kənarda həyat əlamətlərini harada və necə axtarmaq barədə anlayışımızı xeyli genişləndirəcək.