Azərbaycanda səfərdə olan general-leytenant Tuncay Altuğun rəhbərlik etdiyi türkiyəli nümayəndə heyəti Azərbaycan Ordusunun rəhbər vəzifəli şəxsləri ilə bir sıra işgüzar görüşlər keçirib.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Türkiyəli qonaqlarla görüşən Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Quru Qoşunları Komandanı general-polkovnik Hikmət Mirzəyev qonaqları salamladıqdan sonra onlara Azərbaycan Ordusunun Quru Qoşunlarının xidməti-döyüş fəaliyyəti, həyata keçirilən islahatlar, Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması istiqamətində görülən işlər və qazanılan uğurlar haqqında danışıb.
Qardaşlıq və dostluq üzərində qurulan Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının Ordumuzun Quru Qoşunlarının formalaşması və inkişafında çox vacib yerə malik olduğu ifadə edilib.
Səfər çərçivəsində Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində davam edən görüşdə müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının nümayəndə heyətini salamlayaraq onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib və qonaqlara mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verib.