AZ

Azərbaycan və Türkiyə parlamentləri arasında əlaqələr müzakirə olunub - FOTOLAR

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Missiya.Az-a bildiriblər ki, əvvəlcə təkbətək görüş keçirilib. Görüşdə qardaş ölkələrimiz və parlamentlərimiz arasında yüksək səviyyəli əlaqələrə dair fikir mübadiləsi aparılıb.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib.

Numan Kurtulmuş iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb, Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni mərhələyə qədəm qoyduğunu deyib.

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirildiyini xatırladan Sahibə Qafarova onun ən böyük xüsusiyyətinin ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazilərində keçirilməsi olduğunu diqqətə çatdırıb. O, ənənəyə uyğun olaraq, ilk rəsmi səfərini qardaş Türkiyəyə etməkdən məmnunluğunu bildirib.

Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin, ortaq tarixə, dilə, dinə, milli-mənəvi dəyərlərə malik xalqlarımızın birliyinin və həmrəyliyinin bizim üçün ən böyük dəyər olduğunu söyləyən Milli Məclisin sədri vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı özünü ən parlaq şəkildə təsdiqləyir. Prezident İlham Əliyevin də dediyi kimi, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa ölkələr yoxdur.

Görüşdə vurğulanıb ki, ölkələrimiz və xalqlarımız həm sevincli, həm də kədərli günlərdə bir yerdədir. Şuşa Bəyannaməsi isə bu müttəfiqliyin rəsmi ifadəsi və möhürüdür.

Söhbət zamanı əlaqələrin bu səviyyəyə gəlib çatmasında dövlət başçılarının müstəsna rolu qeyd edilib, onların şəxsi dostluğunun və qardaşlığının, siyasi iradəsinin və qətiyyətinin münasibətlərin hazırkı yüksək səviyyədə olmasını təmin etdiyi bildirilib.

Görüşdə ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da genişləndirilməsinə parlamentlərin verdiyi töhfələr də yüksək qiymətləndirilib. Vurğulanıb ki, qanunverici orqanlarımız arasında əməkdaşlıq qardaş xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına, ortaq dəyərlərimizin gələcək nəsillərə ötürülməsinə xidmət edir və ölkələrimiz arasındakı müttəfiqlik ruhuna uyğundur. Parlamentlərimizin həm ikitərəfli, həm də üçtərəfli formatlarda əməkdaşlıq etdiyi, o cümlədən beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyət göstərdikləri diqqətə çatdırılıb.

Söhbət zamanı parlamentlərimizin, dostluq qruplarının, həmçinin parlament komitələrinin əməkdaşlığının daha da genişləndirilməsi ilə bağlı məsələlər də nəzərdən keçirilib.

Görüşdən sonra TBMM-n plenar iclas zalında Milli Məclisin sədri Sahibə Qafarovanın salamlanması mərasimi olub.

Daha sonra Azərbaycanın parlament nümayəndə heyəti 2016-cı il iyulun 15-də baş vermiş dövlət çevrilişi cəhdi zamanı TBMM-in zədələnmiş ərazilərini ziyarət edib.

Seçilən
1
13
missiya.az

10Mənbələr