"Sumqayıt"ın ölkə kubokunda 1/4 final mərhələsinə yüksəlməsi gözlənildiyi qədər asan olmadı.
"Kimyaçılar" Birinci Liqa təmsilçisi MOİK-lə matçda əməlli-başlı əziyyət çəkməli oldu.
Bunda "hərbiçilər"in yarımmüdafiəçisi İbrahim Əliyevin rolunu xüsusi qeyd etmək yerinə düşər.
O, vurduğu bərabərlik qolu ilə qarşılaşmanı əlavə vaxta daşıdı. Həm də 120 dəqiqə "Sumqayıt"ın müdafiəsinə az çətinlik yaşatmadı.
Sportinfo.az-a müsahibə verən "Neftçi"nin yetirməsi ilk öncə görüş barədə danışıb.
- Çox maraqlı oyun keçdi. Premyer Liqa klubuna qarşı oynamaq, özü də belə meydanda bizim üçün əlavə motivasiya idi. Diş göstərə biləcəyimizə inanırdıq. Hətta qələbə barədə düşünürdük.
- Sürprizə nə mane oldu?
- Sadəcə qismət olmadı. Təbii ki, rəqibin səviyyəsi vardı. "Sumqayıt" güclü kollektivdir. Amma bu gün bizdən birbaş üstün deyildi. Bacardığımız qədər mübarizə apardıq. Birinci Liqanın elə-belə çempionat olmadığını stadionda göstərdik. Düzdü, liqada 8-ci pillədəyik. Amma bugünkü görüş göstərdi ki, o yerə layiq deyilik.
- Bu gün meydanda ən istəkli görünən futbolçulardan biri idin. MOİK-in yeganə qolunu da sən vurdun. Yüksək motivasiyan sabiq komandana qarşı oynamağınla bağlıydı?
- Belə deməzdim. Hansı komandanın formasını geyinirəmsə meydanda canımı qoyuram. Bəzi şeylərə çox da fikir vermirəm. Heç "Sumqayıt"dan da pis ayrılmamışam. Burada olan hər kəsə hörmət edirəm. Yaxşı münasibətlərimiz var.
- Qarşılaşmanı həm də özünü Premyer Liqa klublarına göstərmək baxımından bir şans kimi qiymətləndirmək olar?
- Əlbəttə. Birinci Liqadayıq deyə, bizim üçün heç də hər şey bitməyib. İşimizə peşəkar yanaşırıq. Məqsədimiz qabağa getmək, Premyer Liqada çıxış etməkdi. Futbolda bir anın içində hər şey ola bilər. Bir anda çox yuxarı pillələrə qalxmaq olar. Şans hər zaman var.
- Birinci Liqa ilə bağlı səslənən fikirlər bəzən yaxşı olmur. Bugünkü oyunla bəzi suallara cavab verdiyinizi demək olar?
- Adımıza layiq oyun göstərdik. Əlimizdən gələnin artığını etməyə çalışdıq. Məncə, pis alınmadı. Heç kim düşünməsin ki, Birinci Liqa sıradan bir çempionatdır.
XANOĞLAN İMANOV