AZ

“Xaş atası” ilə xaş söhbəti: Əvvəllər kişilər, indi isə qadınlar növbəyə durur... – VİDEOREPORTAJ

Müğdət Vəliməmmədovun 73 yaşı var. 50 ildir ki, aşpaz işləyir. Son 10 ilini isə xaş bişirməyə həsr edib.

Onun əsl ixtisası mühasiblikdir. Lakin bu sahəyə güclü marağı olmadığı üçün arxasınca getməyib.

VELİ.jpeg

Deyir ki, aşpazlığa əsgərlik vaxtından başlayıb. Ondan sonra isə müxtəlif yeməkxanalarda baş aşpaz olub. İndi isə bişirdiyi yeganə yemək xaşdır. Sumqayıtın müxtəlif kafelərində çalışır və müştərilərin ağzını dada gətirir. Nəinki Azərbaycanın müxtəlif yerlərindən, hətta Rusiyadan da gəlib onun bişirdiyi xaşdan yeyirlər. Elə bu ləzzətə görə də ona “Xaş atası” deyirlər.

“Azərbaycan kulinariyasını məndən yaxşı bilən yoxdur. Dolmadan tutmuş dovğaya kimi bişirirəm.

Xaş bişirməyi 10 il məşğul olduqdan sonra öyrənmişəm. Bişirmək üçün gərək əziyyət çəkəsən. Dana dırnağı alırsan, təmizlədirsən, sonra da doğruyub suya qoyursan və 5 saat qalır. 5 saatdan sonra qazın üstündə zəif xodla 5 saata bişir. Daha sonra isə bişən xaşı digər qazana tökürsən ki, bir az da dadlansın. Xaşın suyunun mət olmağı üçün gərək dırnaqları çox bişirəsən. Dana dırnağı 5, düyə dırnağı 8, inək dırnağı isə 10-12 saata bişir. Mən ancaq dana dırnağından istifadə edirəm. Lənkəran və Quba zonasının yerli camaatı xaşı qarınla yemir. Gəncəbasar, Gədəbəy zonası, Qərbi azərbaycanlılar və Qarabağ camaatı isə xaşı qarınla yeyir. Mən zərdablıyam, qarınla xoşlayıram. Xaşı bişirmək üçün gərək gecə yatmayasan, hazırlıq görəsən. Gecə 1-də dırnaqları qazın üstünə qoyuram, səhər saat 7-də hazır olur. Buna görə də gecələr yatmıram”, - Müğdət Vəliməmmədov deyir.

Bildirir ki, bütün aşpazlar kimi o da evdə yemək bişirmir. Bu işə xanımı baxır:

“Mən evdə yemək bişirən deyiləm. Evdə o işlərə xanım baxır. Mənim əlimin duzu var. Bişirdiyim xörəkləri bütün Azərbaycan bəyənir. İki oğlum, bir qızım var. Amma övladlarım arasında yolumu davam etdirən yoxdur. Mən özüm istəməmişəm. Aşpazlıq ağır işdir. Gərək müştərinin yanında üzün ağ olsun. Hətta yeməklərimi gəlib alıb evə aparanlar da var”.

XAS

Müğdət kişi deyir ki, bir pors xaş və yanında suxarısı, sirkəsi, turşusu 10 manata satılır:

“Bəzən isə qazan, banka gətirirlər, alıb evə aparırlar. Özüm də xaş yeməyi sevirəm. Gündə bir stəkan içinə limon sıxıb suyundan içirəm. Gədəbəy zonasının adamları xaşı sarımsaq qatıqla yeyirlər. Qərbi azərbaycanlılar, Qarabağ zonası xaşı daha çox sevir. Şuşa zonasının insanları isə başı, dırnağı və bağırsağı, qursağı qarışdırır.

Xaşı suxarı və Naxçıvan lavaşı ilə yemək məsləhətlidir. Dırnaq daha dadlıdır. Zingində isə ilik var. Ən yeməli şey elə odur. Ondan gündə bir az yesən, 100 il yaşayarsan”.

Aşpazın sözlərinə görə, indi qadınlar kişilərdən çox xaş yeyir. Səhər saat yeddidən xaş növbəsinə düzülənlər arasında zərif cinsin nümayəndələri kişilərdən geri qalmır:

“Xaşın hər şeyə faydası var. Yeyirsən, doyursan və bir gün yemək istəmirsən. Qənaətdir də (gülür). Mənim müştərim çoxdur. Hələ bir adam narazı getməyib. Türkiyədən də müştərilərim var. Mən aşpazlıqdan xeyir görmüşəm. Ziyanlığı olmayıb. Ona görə də bu işi sevirəm. Yeyib-içən adamam, dedim, elə bu işi seçim, həm də yeyim”.



Şahanə Rəhimli
Musavat.com

Seçilən
4
12
musavat.com

10Mənbələr