Şərqşünas alim kimi böyük uğurlara nail olan Aida İmanquliyeva ərəb-məhcər ədəbiyyatının dövrünü, mühitinin ictimai-siyasi xəritəsini çəkib, ədəbi-bədii, fəlsəfi mühitinin mənzərəsini yarada bilmişdir. Aida xanım ərəb-məhcər ədəbiyyatının nümayəndələrinin Vətən sevgisi ilə azadlıq eşqinə söykənib heyrətamiz fədakarlıqla yaşamaqlarını özünəməxsus həssas və istedadlı şəkildə şərh etmişdir.
Görkəmli şərqşünas Aida İmanquliyevanın ərəb mədəniyyətinin və cəmiyyətinin inkişafında ərəb-məhcər ədəbiyyatının tədqiqatçısı kimi olduqca böyük xidmətləri olmuşdur. Aida xanım yaracılığında ərəb ədəbiyyatı korifeylərinin fikirlərini, düşüncələrini tədqiqata cəlb edərək, onların üslublarını elmi, bədii, publisistik cəhətdən alim, şərqşünas kimi tədqiq etmişdir. Ərəb məhcər ədəbiyyatının ən görkəmli tədqiqatçısı Aida xanım mövzunu geniş və çoxşaxəli şəkildə çoxsaylı elmi araşdırmalarının əsas tədqiqat obyekti kimi araşdırmışdır. Ərəb məhcər ədəbiyyatı XIX əsrin sonunda Livan başda olmaq şərti ilə ictimai-siyasi və iqtisadi həyatdakı problemlərə görə insanların kütləvi şəkildə vətəni tərk edərək, ABŞ-a mühacirət etmələri nəticəsində yaranmışdır. Yaradıcı, ziyalı livanlılar ABŞ-nın əsasən Nyu-York şəhərinə mühacirət edərək, orada yeni ərəb ədəbiyyatının yaranmasında əhəmiyyətli rol oynadılar. Aida xanımın çoxsaylı və gərgin araşdırmaları “Suriya-Amerika məktəbi”nin aparıcı nümayəndələrinə həsr olunmuşdur.
Dünya ərəbşünaslığına yeni istiqamət verən alim ərəb məhcər ədəbiyyatının nümayəndələrinin yaradıcılığının etik və bədii dəyərlərini və nailiyyətlərini milli ənənələrlə müqayisə edərək təhlil etmişdir. Ərəb məhcər ədəbiyyatının yazıçıları ərəb ölkələrinin ən mühüm ictimai inkişaf tələblərini və nailiyyətlərini mənimsəyərək, fəaliyyətlərinə daxil etməsi nəticəsində XX əsrin əvvəllərində ərəb ədəbiyyatı regional birliklər çərçivəsində qalmaq ənənəsini dəf edib, dünya ədəbi prosesinə fəal şəkildə qoşula bilmişdir. Aida xanım “Suriya-Amerika məktəbi” nümayəndələrinin Amerika transsendentalizmi və rus ədəbiyyatının tənqidi realizmini mənimsəyib, yeni ərəb ədəbiyyatının formalaşmasına daxil etməklərini təhlil və tədqiq etmişdir.
Aida xanımın yaradıcılığında ərəb məhcər ədəbiyyatının müqayisəli təhlili və öyrənilməsi həm Şərqin yeni ədəbiyyatının tarixi inkişafının mürəkkəb və ziddiyyətli formalarının tipoloji baxımdan həqiqi mənzərəsini canlandırır, həm də Cübran və ər-Reyhaninin yaradıcılığında transsendentalizmin, Nüayməninin yaradıcılığında isə realizmin formalaşmasını sübut edirdi. Şərqşünas alim yaradıcılığında ərəb məhcər ədəbiyyatının ədəbi-bədii üslubunun yenilənməsi nəticəsində klassik ərəb ədəbiyyatının ənənə və dəyərləri olan arxaizmlərdən, ağır sintaktik quruluşlardan, müxtəlif növ süni bəzək yığınından daha az istifadə olunmanı dünya ərəbşünaslığına keçid kimi dəyərləndirmişdir.
Görkəmli şərqşünas Aida İmanquliyeva ərəb-məhcər ədəbiyyatının tədqiqatçısı kimi ərəb məhcər ədəbiyyatının nümayəndələrinin yaradıcılıqlarını araşdıraraq, rus ədəbiyyatının təsiri ilə formalaşan tənqidi realizmin, ingilis poeziyasının təsiri ilə inkişaf edən romantizmin, Amerikan transsendentalistlərinin təsiri ilə yayılan transsendentalizmin xüsusiyyətlərini tədqiq etmişdir. Aida xanımın araşdırmaları sübut etmişdir ki, ərəb məhcər ədəbiyyatının ən görkəmli nümayəndələri maarifçi didaktizmdən və sentimentalizmdən daha çox romantizmi və tənqidi realizmi daha çox mənimsəmişdirlər.
Aida İmanquliyevanın ərəb məhcər ədəbiyyatına dair araşdırmaları “Ərəb filologiyası məsələləri”, “Yaxın və Orta Şərq”, “Sovet şərqşünaslığının problemləri və perspektivləri”, “Şərqin problemləri: tarix və müasirlik”, “Romantizmin problemləri və Şərq” adlı əsərləri və məqalələrində əks olunmuşdur. Qərb mədəniyyəti və ədəbiyyatının nailiyyətlərindən yaradıcılığında geniş şəkildə yararlanan Cübran və ər-Reyhani romantizmi yalnız yaradıcı metod kimi deyil, eyni zamanda ərəb gerçəkliyini ifadə edə bilmək üçün yeni nəzər nöqtəsi kimi qəbul edirdilər. Aida xanım Cübranın və ər-Reyhaninin yaradıcılığını tədqiqat obyekti seçərək onların yaradıcılığı vasitəsilə ərəb ədəbiyyatının Qərb romantizmi ilə mürəkkəb sintezinin təhlilini vermişdir.
Gülnarə Ağayeva, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu