Fransanın keçmiş prezidenti Nikolya Sarkozi barəsində olan məhkəmə qərarına münasibət bildirib.
APA xəbər verir ki, bu barədə o “X” hesabında yazıb.
N. Sarkozi hər hansı dəlillərə əsaslanmayan ittihamları qəbul etmədiyini, buna baxmayaraq, qanun qarşısında cavab verməyə hazır olduğunu açıqlayıb:
“Məhkəmənin qərarından şikayət etmək fikrim yoxdur, lakin ədalətsizliyi də qəbul etmək niyyətində deyiləm. Bu işdə həm mənim hüquqlarım, həm də Avropa İnsan Hüquqları Məhkəməsinin tələbləri pozulub. Lakin bu məhkəməyə apellyasiya şikayətim ölkəmə və onun nüfuzuna xələl gətirə bilər. Belə bir məqamda mən sadəcə, hüquqlarımı qorumaq və təqsirsizliyimi sübut etmək istəyirəm. Bu məsələdə son dərəcə qərarlıyam. İnanıram ki, yekunda ədalət qalib gələcək. Belə olduqda isə hər kəs Fransa xalqı qarşısında hesabat verməli olacaq”.
Qeyd edək ki, Fransanın Ali Məhkəməsi keçmiş Prezident Nikolya Sarkozinin barəsindəki 3 illik azadlıqdan məhrumetmə hökmünü qüvvədə saxlayıb.
Qərar “nüfuz alveri” ittihamı ilə ona qarşı qaldırılan cinayət işi üzrə hökmdən şikayət əsasında çıxarılıb. O cəzasının 1 ilini elektron qolbağın tətbiqi ilə ev şəraitində, iki illik müddətini isə şərti olaraq çəkməlidir.