AZ

Basketbol: “Gəncə”, “Şəki” və “Abşeron”dan qələbə

Bu gün keçirilmiş üç oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 7-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun sonuncu oyun günündə də 3 qarşılaşma baş tutub.

Günə B qrupunun “Quba” – “Gəncə” görüşü ilə start verilib. Gəncə basketbolçuları səfərdə inamlı qələbə qazanıblar. Qrupun digər oyununda “Şəki” “Ordu” ilə dueldən qalib ayrılıb.

A qrupunda isə “Abşeron” “Sərhədçi”ni sınağa çəkib. Eyni xala malik komandaların duelində meydan sahibləri son dövrədəki uğurlu oyun sayəsində qalib gəliblər.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Naxçıvan” NTD-yə 95:77, “Neftçi” “Sabah”a 71:66, “Sumqayıt” isə “Lənkəran”a 108:99 hesabı ilə qalib gəlmişdi.

Azərbaycan Basketbol Liqası
7-ci tur
18 dekabr

A qrupu

“Abşeron” – “Sərhədçi” 71:68 (18:9, 10:21, 19:23, 24:13)
Bakı. “Sərhədçi” İdman Mərkəzi.

Xallar: Sabah – 13. Naxçıvan – 13. Abşeron – 11. Sərhədçi – 10. Neftçi – 8. NTD – 8.

B qrupu

“Quba” – “Gəncə” 78:95 (22:19, 21:25, 20:27, 15:24)
Quba Olimpiya İdman Kompleksi.

“Ordu” – “Şəki” 74:80 (24:19, 15:17, 14:18, 21:26)
Bakı. “Sərhədçi” İdman Mərkəzi.

Xallar: Gəncə – 13. Şəki – 12. Ordu – 11. Sumqayıt – 9. Lənkəran – 9. Quba – 9.

Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.

Seçilən
5
9
arena.az

10Mənbələr