“Avtobus bağça” modelini, bunu “mobil bağçalar” da adlandırmaq olar, ilk dəfə 2022-ci ildə Özbəkistanda konfransda gördük.
Modern.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova “Azərbaycan müəllimi”nə müsahibəsində deyib.
O qeyd edib ki, içərisinə 2-3 masa qoyulmuş avtobus gün ərzində 2 kəndə gedir. Tərbiyəçi-müəllim də avtobusun içərisindədir:
"Hava yaxşıdırsa, avtobus nəzərdə tutulmuş xüsusi yerdə saxlayır, uşaqlar avtobusun yaxınlığında açıq havada oynayır, təlimlər keçirlər. Azərbaycanda bu modelin tətbiqi üçün xərclərin effektivliyi, müvafiq kəndlər araşdırılmalıdır. Uşaq sayı yetərlidirmi? Məsələn, 2 kənddə cəmi 4 uşaq varsa, həmin evlərə qutu göndərmək daha səmərəli olar. Hansı kənd üçün hansı modelin effektiv olmasına qərar vermək geniş təhlil tələb edir. Uşaqların sayı müəyyənləşdirildikdən sonra səmərəli variantların hamısına nəzər salınmalı, iqtisadi və effektivlik baxımından modellərin üstünlüklərinə diqqət yetirilməlidir.
Bağça bahalı modeldir, çünki uşaq orada səhərdən axşama qədər qalır, qidalanır. Amma öyrənmə komponentli 2-3 saatlıq təlim proqramları böyük maliyyə tələb etmir. Belə modellərdən biri uşaq bağçalarında olan qısamüddətli təlim qruplarıdır. Məktəbəqədər təhsil müəssislərinin bəzilərində müəyyən səbəblərdən istifadəsiz, boş otaqlar var. 2024-cü ildə tətbiq edilən pilot layihələr arasında ikisi məhz bununla bağlı idi. Belə ki, müəyyən edilən boş otaqlar resurslarla təmin olundu və iki növbə olmaqla, ümumilikdə 40 uşaq yarımgünlük təlim qruplarından faydalandılar. Yəni, bu modelin əsasını da qeyri-formal öyrənmə təşkil edir. Başqa sözlə desək, bir məktəbəqədər təhsil müəssisəsində tam və yarımgünlük qruplar paralel fəaliyyət göstərir. Yeni qrant layihəsi çərçivəsində bu modelin də genişlənməsi gözlənilir".