AZ

Lerikin “Rəşadət”li oğlu

Bu dəfə İkinci Qarabağ müharibəsinin qəhrəman zabiti, Azərbaycan Silahlı Qüvvələrinin artilleriya divizionunun qərargah rəisi, “Rəşadət” ordenli mayor Ramil Mərdan oğlu Ağayevdən söhbət açacağıq. O Ramil ki, uğrunda şəhid olduğu Qarabağdan xeyli uzaqda – ucqar Lerikdə dünyaya göz açmışdı. 1984-cü il dekabrın 20-də doğulan igidimizin uşaqlıq illəri Talış dağlarının qoynunda keçmişdi.

Hərbçi olmaq istəyi

Ramil Milli Qəhrəman, şəhid Valeh Müslümov adına Lerik şəhər 2 saylı tam orta məktəbdə oxuyub. O, Valehdən yaşca çox kiçik olsa da, bir məhəllədə yaşadıqları üçün onu tanıyırdı. Onda Ramilin 8 yaşı vardı. Şəhidliyi ilə Lerikin qüruru olan Valehin dəfn günü atası Mahir müəllimin ağladığını görəndə, onun övladına qıyan namərd ermənilərə qarşı ürəyinə nifrət və qisas toxumu düşmüşdü...

Ramil dərslərini əla oxuyub, sinifdə hamıdan seçilib. Riyaziyyat fənnini çox gözəl bildiyindən iqtisadçı olmağı düşünüb. Amma 11-ci sinifdə fikrini dəyişib. Şəhidin müəllimi Həmid İmanov bu barədə deyir: “Ramil Ağayevin riyaziyyat fənninə böyük marağından xəbərim var idi və iqtisadiyyat yönümlü ali məktəblərə hazırlaşdığını eşitmişdim. Bir gün onların sinifində şagirdlərə Şuşanın işğalı günü ilə bağlı geniş tarixi məlumat verir, Pənahəli xanın saldığı bu şəhərin Azərbaycan üçün nə qədər böyük əhəmiyyət daşıdığının izahını verirdim. Uşaqlar qəfil sual verdilər ki, müəllim, Şuşa nə vaxt azad ediləcək? Cavab verdim ki, “Şuşanın azad edilməsi sizdən asılıdır. Əgər siz savadlı, vətənpərvər olsanız, aranızdan hərbiçi olsa, hərbi xidmət zamanı döyüş vərdişlərini dərindən öyrənsəniz, Vətəni sevsəniz torpaqlarımızı, elə Şuşanı da siz azad edəcəksiz”.

Bu məqamda Ramil cəld ayağa qalxıb dedi: “Müəllim sizə söz verirəm ki, mən hərbiçi olacağam. Torpaqlarımızı nəyin bahasına olur-olsun işğaldan azad edəcəyik”. Ramil həqiqətən verdiyi vədə əməl etdi”.

Kursant Ramil

Ramil 2001-ci ildə orta təhsilini başa vurduqdan sonra hərbçi olmaq fikrini qəti qərarlaşdırdı. İlk cəhd uğursuz olsa da, 2002-ci ildə yüksək balla Heydər Əliyev adına Ali Hərbi Məktəbə raket-artilleriya ixtisasına qəbul olundu.

Orta məktəbdə ibtidai hərbi hazırlıq müəllimi, Birinci Qarabağ müharibəsi iştirakçısı olan əmisi Araz Ağayev onu təbrikə gələndə ilk sözü bu oldu ki, yaxşı zabit olmaq üçün təkcə cəsarət və mərdlik azdır. Öncə savadlı olmalı, hərbi taktika və strategiyanı yaxşı öyrənməlisən. Ramil əmisinin demək istədiklərini anlamışdı.

İki il Ramil üçün sanki bir göz qırpımında keçdi. Təhsilə başı elə qarışdı ki, vaxtın necə keçdiyini hiss etmədi. Arzuların qanadlandığı belə bir vaxtda, 2004-cü ildə atasının qəfil ölüm xəbəri Ramili sarsıtdı. Bir andaca bütün arzuları çilik-çilik oldu. Həyat yoldaşı Mərdanın ona əmanət etdiyi 4 uşağın taleyi az vaxtda saçları bəyazlamış Şərafət ananın ümidinə qaldı.

İlk günlərin kədər yükü onu arzularının yolundan sapdırmağa başlayanda kursant yoldaşları onun yanında olub özünə qapanmasına imkan vermədilər. Ramil anladı ki, daha böyük məsuliyyətlə oxumalı, atasının ona olan ümidlərini doğrultmalıdır.

İlk xidmət yerləri

Ramil Ağayev 2006-cı ildə Ali Hərbi Məktəbi müvəffəqiyyətlə bitirib, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Ehtiyat Zabit Hazırlığı kursunda təlimlər keçir. Gənc leytenant Mingəçevir şəhərindəki “N” saylı hərbi hissəyə xidmətə göndərilir. 2007–2009-cu illərdə ilk təyinat yerində baş leytenant rütbəsi alır. 2010-cu ilin fevralında Gəncə şəhərindəki “N”saylı hərbi hissəyə xidmətə yola düşür. Çox keçmir ki, Ramil özünü cəbhə xəttinin ən qaynar nöqtəsində sınamaq qərarına gəlir və öz xahişi ilə ən ağır bölgələrdən olan Murovdağ silsiləsində xidmətə göndərilir. O, 2012-ci ildə Murovdakı çətin və sərt iqlim şəraitində ilk sınaqdan çıxır.

Ramil Ağayevin dostu, Xüsusi Təyinatlı Qüvvələrin giziri Vüqar Məmmədov o günləri belə xatırlayır:

– 2012-ci ildə Ramil Murovdakı “Sibir” postunun komandiri idi. Orada Aran Qarabağı Dağlıq Qarabağla birləşdirən strateji bir yüksəklik var. Bir gün gecə Ramil kiçik bir dəstə ilə az qala yarım saata həmin yüksəkliyə yürüş edib orda post qurdu və dərhal şəxsi heyəti ora yerləşdirdi. Ermənilər səhər durub bizim bayrağımızı görəndə qorxudan nə edəcəklərini bilmədilər. Dərhal həyəcan siqnalı çalındı. Elə bildilər ki, bizim qüvvələrimiz onların arxasına sızıb. Yüksəkliyə hücum etməyə cürətləri çatmadı. Həmin postda indi də bizim ordunun bölmələri yerləşir...

Aprel döyüşləri

4 günlük Aprel döyüşləri Ramil Ağayevin artilleriyaçı zabit kimi bacarığını üzə çıxarmaq üçün sankı bir fürsət olur. Aprel döyüşlərində Ramil Ağayev minaatan batareyanın komandiri olub. Həmin günlər ən ağır döyüşlər Talış kəndi istiqamətində gedib. Komandanlıq kapitan Ağayevi yanına çağırıb kordinatları ona göstərib və düşmən mövqelərini ləngimədən susdurmağı tapşırır. Qısa vaxtdan sonra düşmənin atəş nöqtələri həmişəlik susur, çoxlu sayda canlı qüvvəsi və döyüş texnikası məhv edilir. Bu döyüşlərdən sonra bütün şəxsi heyət onunla fəxr edir.

…Goranboyun Tapqaraqoyunlu kəndində XTQ-nin bir qrupu xüsusi tapşırığı yerinə yetirmək üçün düşmənin arxasına keçir. Geri qayıdanda düşmən tərəf onları güclü atəşə tutur. Döyüşçülərimizin güllə yağışı altında çətin duruma düşdüyünü görəndə kapitan Ramil Ağayevə düşmənin atəş nöqtələrinə minaatanlardan zərbə endirmək tapşırılır. Zabit özü minaatanın arxasına keçir. 2–3 dəqiq atışdan sonra düşmənin atəş nöqtələri susur və XTQ-nin diversiya qrupu tapşırığı itkisiz başa vurur.

Cəsur kapitan Ramil Ağayevin döyüş məharətlərini müşahidə edən Aprel döyüşlərinin qəhrəman sərkərdələrindən biri, Milli Qəhrəman general-mayor Polad Həşimov ona şəxsi heyət qarşısında təşəkkür elan edir. Sonra gənc zabitin atəşləri nəticəsində mərmilərin düşmən mövqelərinə necə dəqiq düşdüyünü qeydə alan videogörüntülər komandanlığa nümayiş etdirilir. Korpus komandirinin müavini polkovnik Qiyas Abbasov qəhrəman zabitin vəzifə pilləsində irəli çəkilməsi barədə komandanlıq qarşısında vəsatət qaldırır. Kapitan Ağayevi fəxri fərmanla təltif edilir.

Aprel döyüşlərindən sonra, 2016-cı ilin mayında gənc zabit Naftalan şəhərindəki “N” saylı hərbi hissəyə divizion komandirinin müavin vəzifəsinə təyin olunur. 2017-ci ildə Silahlı Qüvvələr günü Ramil Ağayevə mayor hərbi rütbəsi verilir.

Aprel döyüşlərinin qəhrəmanlarından biri kimi tanınan Ramil Ağayev 2016-cı ilin noyabrında Beyləqan şəhərindəki “N” saylı hərbi hissəyə xidməti təyinat alır. 2017-ci ilin dekabrında Ağcabədi rayonundakı “N” saylı hərbi hissədə artilleriya divizionunun qərargah rəisi vəzifəsində xidmətə başlayır. 2020-ci ilin yanvarında yenidən Beyləqan şəhərindəki “N” saylı hərbi hissəyə göndərilir. İndi artıq o, yüksək komandanlığın nəzərində təcrübəli hərbiçi zabit kimi mühüm döyüş əməliyyatları üçün daim diqqətdə saxlanırdı.

Vətən müharibəsi

Müharibənin ilk günündəcə mayor Ramil Ağayevin komandanlıq etdiyi artilleriya divizionunun batareyaları tapşırılan istiqamətdə, əsasən, düşmən istehkamlarını və müdafiə xəttini dağıtmaqla, onları atəş altında saxlamaqla məşğul idilər. Füzuli uğrunda döyüşlərdə mayor Ramil Ağayev və onun rəhbərlik etdiyi artilleriya batareyaları sözün əsl mənasında böyük qəhrəmanlıq nümunəsi göstərirdilər.

Müharibə başlayanda mayor Ağayevin komandanlığı altında 4 artileriya batareyası, hər batareyada isə 6 top vardı. Divizyonun qərargah rəisi o qədər narahat adam idi ki, istəyirdi 24 topun hamısına eyni vaxtda rəhbərlik etsin, göstərişlər versin, kordinatların düzgün müəyyənləşdirilməsinə kömək etsin. Toplar onun sayəsində bir an belə sursatsız qalmırdı.

...Dörd günlük ağır döyüşlərdən sonra düşmənin birinci xətdəki mövqeləri darmadağın edildi. Piyada qüvvələr düşməni sürətlə geri çəkilməyə məcbur etdikcə ehtiyat qüvvələr azad edilmiş mövqelərdə yerləşib möhkəmləndirmə işlərinə başlayırdılar. Artileriya qüvvələrinə də dislokasiya yerlərini irəli çəkmək əmri verilmişdi. Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından sonra düşmən öz əsgərlərinin meyitlərini belə döyüş meydanlarında qoyub qaçırdı. Müharibənin bu ağlasığmaz dəhşətli mənzərsi ermənilərin öz əsgərlərinə olan iyrənc münasibətini nümayiş etdirirdi. Bütün bunları seyr edən mayor Ağayev sanki özü-özü ilə danışırmış kimi pıçıldayırdı: “Budurmu bunların cəsarətli orduları!? Gəbərmiş əsgərlərinin meyitlərini belə atıb qaçırlar...”

Ramilin döyüş yoldaşı zabit Elçin İsmayılovun hüznlü xatirəsi:

– Müharibənin altıncı günü diviziyamızın dislokasiya yerini dəyişdilər. Oktyabrın 4-də bizə Horadizə yola düşmək əmri verildi. Artıq silahlı qüvvələrimiz düşmənin güclü istehkamlarını darmadağın edib sürətlə irəliləməyə başlamışdı. Hava çox yağışlı idi. Ətraf erməni əsgərlərinin leşləri ilə dolu idi. Bir də baxdıq ki, qarşıdakı dağın arxasından bir nəfər bizə tərəf gəlir. Yaxınlaşanda gördük ki, gələn mayor Ramil Ağayevdir. Açığı bizi burada hər an təhlükə gözləyirdi.

Mayor vəziyyəti qiymətləndirəndən sonra zirehli texnika, BMP və BTR-lər gətirdi və gecə səhərə qədər 6 top və 60 nəfər şəxsi heyəti həmin palçıqlı xəndəkli yoldan çıxartdı. Səhərə qədər gözünü belə qırpmayan bu insanın üzündə bir anlıq da olsun gərginlik görmədik.

Komandirimiz son dərəcə həyatsevər insan idi. Mühasirədən çıxandan sonra özümü çox üzgün hiss edirdim. Bir tərəfdən yorğunluq, bir tərəfdən batareyanın şəxsi heyətində itkilər, bir tərəfdən də yaralıların olması mənə çox ağır təsir etmişdi. Bu məqamda Ramil gülə-gülə mənə yaxınlaşıb dedi: “Niyə üzülürsən, rəisin ölməyib ki, gör sənə nələr gətirmişəm”. Baxdım ki, mənə isti alt paltarları, hətta haradansa çox sevdiyim feyxoa meyvəsi tapıb gətirib. Deyə bilərəm ki, şəxsən mən xidmətdə olduğum müddətdə belə bir zabitə rast gəlməmişəm.

…Cəbrayılın Daşkəsən kəndi istiqamətində hərəkət edəndə texnika karvanı düşmən tərəfindən artilleriya atəşinə tutulur. Şəxsi heyət pərən-pərən düşür. Bir tağım çox çətin duruma düşür. Onlara yaxınlaşmaq hədsiz təhlükəli olduğundan hər zabit ora gedib şəxsi heyəti oradan çıxartmağa cürət etməzdi. Amma mayor Ağayev heç nədən çəkinmədən çevik hərəkətlərlə özünü tağıma çatdırır. Qəfil artilleriya atəşi altına düşüb pərən-pərən düşən şəxsi heyəti bir yerə toplayır və çox böyük fədakarlıqla tağımı düşmənin artilleriya atəşi altından sağ-salamat çıxararaq təhlükəsiz yerə keçirə bilir.

Son döyüş – əbədiyyət qapısı

Kiçik çavuş İlkin Əhmədov Ramilin son anını gözləri önündə canlandırıb deyir:

– Hadisədən yarım saat əvvəl komandir bizə bildirdi ki, gedim baxım o biri batareyanın uşaqları necədir, nə problemləri var. Təminatları varmı, yoxmu? Yoluna qoyum, qayıdıram. Bu, onun son gedişi oldu. Oktyabrın 8-də saat 11–12 radələri olardı. Qəfildən elə bil yer-göy lərzəyə gəldi. Hadrut istiqamətindən namərd ermənilər “Smerç” reaktiv yaylım atəşi sistemi ilə bizim mövqeləri güclü atəşə tutdular. Mayor Ramil Ağayev, hətta, belə bir atəş altında da özünü deyil, texnikanı xilas etməyin qayğısına qalaraq onları çıxarmağa atıldı. Raketlərdən biri ondan bir qədər aralı düşüb partladı. Mayor Ramil Ağayevlə bərabər 5 MAXE-miz və bir çavuşumuz elə oradaca qəhrəmancasına şəhid oldular. Biz təkcə komandirimizi deyil, dostumuzu, qardaşımızı, böyük bir dayağımızı itirdik. Amma o qəlbimizdə əbədi yaşayacaq.

Gözlərində təbəssümün kölgəsi belə görünməyən Şərafət xanım o məğrur duruşu, kədərini büruzə verməməsi ilə insanı heyran edir. Dərdi, ağrı-acısı ilə ürəyində götür-qoy edən şəhid anası qubarını içində boğub danışır:

– Ramil uşaqlarımın içində ən kövrəyi, mehribanı və ürəyiyananı idi. Atasının vəfatından sonra məni heç vaxt tək buraxmazdı. Uzaqda olsa da, mənə telefon açıb hal-əhval tutmadığı elə bir gün olmazdı. Bəzən yalvarırdı ki, gedib onlarla qalım. Bilirdi onun üçün çox narahat oluram. Müharibə başlayanda da mənə zəng vurmuşdu. Dedi, “Ana, nəhayət ki, gözlədiyimiz gün gəlib çatdı. Ali Baş Komandan əmr verib, hücuma keçirik”. Nə qədər narahat olsam da büruzə vermədim, sadəcə dedim, “Oğlum ehtiyatlı ol, özünü qoru”. Ölüm Allahın əmridir. Balama ən gözəli düşdü. Şəhidlik hər insana nəsib olmur.

Ramil ailəli idi, onun Aysu və Zəhra adında iki qız balası Vətənə əmanət qalıb.

İgidimizin ömür-gün yoldaşı Sevil Ağayeva xoşbəxt olduğu günlərə qayıdır:

– 2006-cı ildə toyumuz olub. 15 illik ailə həyatımızın elə bir anı yoxdur ki, Ramillə bağlı isti bir xatirəmiz olmasın. O, çox məsuliyyətli ailə başçısı, övladlarına bağlı ata idi. Amma ürəyinin yarısı anasının yanında idi. Məzuniyyətə çıxan kimi, gedəcəyimiz ilk ünvanı Lerik olurdu. Həmişə deyirdi ki, anamın üstümüzdə haqqı böyükdür, o haqqı heç nə ilə ödəyə bilmərik.

Ramil həmişə deyirdi ki, mən 35 yaşında şəhid olacağam. Ona deyirdim ki, Allaha ibadət elə, namaz qıl. Çünki o dünyada bizi çox sorğu-sual edəcəklər. Mənə baxıb gülürdü və deyirdi: “Elə bilmə mən ölümdən qorxuram. Allah mənə elə ölüm qismət edəcək ki, məni sorğu-sual etməyəcəklər”.

Sentyabrın 25-də Ramil axşam evə çox yorğun gəlmişdi və bir qədər də qayğılı görünürdü. Söhbət əsnasında dedi ki, sabah tezdən ön cəbhəyə gedirik. Təlimlərə tez-tez getdiyindən onun həmin sözlərinə o qədər diqqət etmədim. Sentyabrın 26-da sübh tezdən durub yola hazırlaşdı. Pal-paltarını hazırladığım vaxtda qəfil qayıtdı ki, “Sevil, müharibə başlayır. Mən orada olmalıyam. Uşaqlar sənə əmanətdir”. Nə deyəcəyimi bilmədim. Gülə-gülə ürək-dirək verdi ki, darıxma, hər şey yaxşı olacaq.

Ramilin bu gedişi əvvəlkilərdən çox fərqli oldu. Uşaqları bağrına basıb çoxlu öpdü. Tez-tez söylədiyi “mən 35 yaşımda şəhid olacağam” sözləri yadıma düşdü. Elə bil içimdə nəsə qırıldı. Amma büruzə vermədim ki, gözü geridə qalmasın. Bircə onu dedim ki, tez-tez əlaqə saxla, uşaqlar xiffət çəkməsinlər.

Həmişə danışanda ona deyirdim ki, Ramil ehtiyatlı ol, Aysu ilə Zəhranı fikirləş. Bizim iki qızımız var, onlara ata daha çox lazımdır. Deyirdi, “ biz elə uşaqları fikirləşdiyimiz üçün buradayıq...”

Cəbrayılın alınmasından 4 gün sonra, oktyabrın 8-də Ramilin sübh tezdən zəngini gözləməyib özüm ona zəng etdim ki, bir xəbər öyrənim. Dedi: “Sevil narahat olma, torpaqları azad etdikcə biz irəli gedirik. Hər şey yaxşıdır. Əgər mənə zəng çatmasa, bundan narahat olma, vaxt olan kimi özüm əlaqə saxlayacağam”. Saat 11-də bir də ona zəng etdim ki, narahatam, amma sənə mane olmaq istəmirəm, sən özün vaxt olanda mənə zəng vur”. Vəssalam…

Bununla da Ramilsiz həyatımız başladı. Uşaqların ata yolu gözləməsi, onları ovutmaq, sevdiyin insanla yalnız xəyallarda və yuxularda görüşmək çox ağırdır. Amma dözməli, onun yadigarlarını Vətənə sevgi ruhunda böyütməyi, şəhidin xanımı adını qürurla daşımağı bacarmalıyam.

Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Silahlı Qüvvələrin hərbi qulluqçusu, Diviziyanın qərargah rəisi, mayor Ramil Mərdan oğlu Ağayev ölümündən sonra 2-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib. Ruhun şad olsun, igid! Azad etdiyin torpaqlarda indi həyat qaynayır.

Zərifə HÜSEYNOVA
XQ

Seçilən
23
xalqqazeti.az

1Mənbələr