AZ

Trampın vədi Kanadanı qarışdırıb

Castin Trüdo hökumətdə dəyişiklik edəcək. Buna səbəb çərşənbə günü ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Kanada mallarına 25 faizlik rüsum tətbiq etmək hədəsinə Ottavanın mümkün cavabı ilə bağlı fikir ayrılıqları fonunda baş nazirin müavini Kristi Frilandın mübahisəli istefa verməsidir. Ölkənin həm müxalifət, həm də hakim Liberal Partiyasının aparıcı siyasətçiləri Kanada baş nazirinin istefaya getməsi ehtimalı barədə danışmağa başlayıblar. Ona qarşı irəli sürülən ittihamları rədd edən Castin Trüdo vəzifəsində qalacağını açıqlayıb.

Kanadanın Nazirlər Kabinetindəki dəyişikliklər barədə CTV telekanalı Ottavadakı hökumət dairələrindəki mənbələrə istinadən məlumat verib. Buna səbəb Kristi Frilandın vəzifəsini tərk etməsi səbəb olub. Xanım Friland bazar ertəsi X sosial şəbəkəsində paylaşdığı müraciətində Castin Trüdo ilə işləmək istəmədiyini bildirib: “Dekabrın 13-də siz mənə dediniz ki, artıq maliyyə naziriniz olmağımı istəmirsiniz, mənə Nazirlər Kabinetində başqa vəzifə təklif edirsiniz. Düşündükdən sonra kabineti tərk etmək qərarına gəldim”.

Baş nazir ilə uzun müddətdir davam edən fikir ayrılıqlarının olduğunu xatırladan xanım Friland hesab edir ki, Castin Trüdonun mövqeyi ABŞ ilə mümkün tarif müharibəsi ərəfəsində ölkənin maliyyə təhlükəsizliyinə təhdid yaradır. Kristi Friland müraciətində özünü ABŞ-la “mümkün tarif müharibəsi üçün maliyyə ehtiyatlarının qorunmasının” tərəfdarı adlandırıb və büdcə xərclərində təmkin nümayiş etdirməyi mühüm vəzifə adlandırıb.

Ukrayna kökləri olan, uzun illər Rusiyaya qarşı ən barışmaz mövqe tutan və eyni zamanda, Ottavada əsas siyasi fiqurlardan biri sayılan xanım Frilandın qalmaqallı gedişi Kanadada ciddi daxili siyasi təlatümlərə səbəb olub. Müxalifətdəki Mühafizəkarlar Partiyasının lideri Pyer Pualyevr bazar ertəsi Kanada parlamentindəki dinləmələrdə deyib ki, Castin Trüdo “öz hökumətinə nəzarəti itirib”: “Baş nazir nəzarəti itirib, lakin hakimiyyətdən yapışmağa davam edir. Biz bilirdik ki, o, seçicilərə, müqrasiyaya, xərclərə, inflyasiyaya və mənzil xərclərinə nəzarəti itirib, lakin indi öz ofisinə də nəzarəti itirib. Bizdə seçkilər nə vaxt olacaq?”.

Onu müxalifətdəki Yeni Demokratik Partiyasının rəhbəri Caqmit Sinq də dəstəkləyib və o, birbaşa rəqiblərindən Castin Trüdonun nə vaxt istefa verəcəyini soruşub. Hakim Liberal Partiyasının da müəyyən hissəsinin müxalifəti dəstəkləməsindən sonra vəziyyət daha da gərginləşib. “Partiyamızın bir sıra üzvləri hesab edirlər ki, bizə rəhbərlik dəyişikliyinə ehtiyac var və mən də onlardan biriyəm. Bizim üçün irəliyə doğru yeganə yol yeni lider seçməkdir”, – Liberal Partiyasının deputatı Çad Kollinz bazar ertəsi Kristia Frilandın istefasından sonra partiya üzvlərinin qapalı iclasından sonra bildirib.

Castin Trüdo isə istefa verməyəcəyini deyib: “Kanadadan başqa olmaq istədiyim digər yer yoxdur. Sizin baş naziriniz kimi xidmət etmək mənim həyatımın mütləq imtiyazıdır. Kanada Yer kürəsinin ən yaxşı ölkəsidir, lakin mükəmməl deyil və buna görə də mən hər gün bu ölkənin bütün kanadalılar üçün daha yaxşı işləməsini necə təmin etmək barədə düşünürəm”.

Rəy sorğuları göstərir ki, Kanadada iqtidarda olan partiya 2023-cü ildən bəri qiymətlərin artmaqda davam etməsi və yaşayış xərclərinin artması səbəbindən dəstəyini itirir. Güclənən hökumət böhranı və ölkənin inkişafının əsas məsələləri üzrə fikir ayrılıqları kontekstində Kanada siyasətçiləri ən yaxın müttəfiqi ABŞ ilə ticarət müharibəsi təhlükəsinə necə cavab verməklə bağlı konsensusa gələ bilmirlər. “The Globe and Mail” qəzetinin Kanada hakimiyyətinin yüksək səviyyəli nümayəndəsinə istinadən verdiyi məlumata görə, Amerika ilə ticarət müharibəsi başlayarsa, Kanada hökuməti ABŞ-a neft, uran və kalium (kalium karbonat) tədarükünə ixrac rüsumları tətbiq edə bilər: “Kanada Trampın vədlərinə necə cavab verməsi ilə bağlı strategiya hazırlayır və strateji əhəmiyyət kəsb edən mallara ixrac vergisinin tətbiqi variantlardan biridir”.

Bununla belə, regional hakimiyyət orqanlarının reaksiyası göstərir ki, ABŞ ilə genişmiqyaslı ticarət müharibəsinə qoşulmaq zərurəti ilə bağlı fikirlər haçalanır. Albert əyalətinin rəhbəri Daniel Smit deyib ki, ixrac vergisi “Amerikalılarla bizim üçün ən vacib olan münasibətlərdə böhranla yanaşı, milli birlik böhranı da yaradacaq”. Neft, uran və kaliumun hasil edildiyi Saskaçevan əyalətinin rəhbəri Skott Mo daha da irəli gedərək bildirib ki, belə cavab tədbirləri regionu və bütün Kanadanı məhv edə bilər. Kvebek əyalətinin rəhbəri Fransua Leqo isə ABŞ ilə ticarət müharibəsinin qarşısını almağa, Donald Trampın israr etdiyi sərhəddə giriş rejimini gücləndirməyə çağırıb.

Ancaq ABŞ ilə tarif müharibəsinə hazır olan kanadalı siyasətçilər də az deyil. Məsələn, Ontario rəhbəri Daq Ford açıqlayıb ki, Donald Trampın Kanada mallarına 25 faizlik rüsum tətbiq edəcəyi təqdirdə ABŞ-a elektrik enerjisinin verilməsini dayandırmağa hazırdır: “Əgər bu çox uzağa getsə, biz həddindən artıq tədbirlər görəcəyik. Biz o yerə çatacağıq ki, ABŞ-a elektrik enerjisinin verilməsini dayandıracağıq”. Məlumatlara görə, 2023-cü ildə Ontario ABŞ-dakı 1,5 milyon evi elektrik enerjisi ilə təmin edib. Kanadanın bu əyaləti Nyu-York, Miçiqan və Minnesota ştatlarına elektrik enerjisinin əsas ixracatçısıdır. Bundan əlavə, “The Washington Times”ın Ontario hökumətindəki mənbəyə istinadən verdiyi məlumata görə, Kanadanın bu əyaləti Amerika spirtinin idxalını və elektromobillər üçün akkumulyator istehsalı üçün lazım olan metalların ABŞ-a ixracını qadağan edə bilər.

S.ELAY
XQ

Seçilən
17
xalqqazeti.az

1Mənbələr