AZ

Dinlərarası dialoq məkanı...

ISESCO-nun baş direktoru ölkəmizlə birgə sülh platformasının yaradılmasını təklif edib

Azərbaycan tarix boyu fərqli dinlərin daşıyıcılarının qardaşlıq zəminində yaşadığı ölkə olub. Son illər dünyanın ayrı-ayrı yerlərində radikal, ekstremist dini qrupların müəyyən siyasi dairələr tərəfindən gizli və açıq formalarda dəstəklənməsinin, həmin qüvvələrdən sosial sabitliyin pozulmasında, islamofobiyanın yayılmasında istifadə edilməsinin şahidi oluruq. Digər tərəfdən, Avropada multikulturalizmin böhranı, islamofob və ksenofob meyillərin güclənməsi də tolerantlığa zərbə vuraraq mədəniyyətlərarası qarşıdurmanı gücləndirir.

Bütün bunların fonunda Azərbaycanda əsrlərdən bəri mövcud olan tolerantlığın, müxtəlif etnik, dini mənsubiyyətə malik olan toplumların mehriban birgəyaşayışının şahidi oluruq. Bunun əsas səbəblərindən biri Azərbaycanın tarixən dini və dünyəvi dəyərlərin uzlaşdığı, fərqli mədəniyyətlərin bir arada yaşadığı və inkişaf etdiyi, sivilizasiyaların qovuşduğu bir məkan olmasıdır. Yəni Azərbaycan xalqı uzun əsrlər boyu özünün milli, dini-mənəvi dəyərlərinə bağlılığını qoruyub saxlayıb, eyni zamanda, başqa dinlərin və etnik qrupların nümayəndələri ilə tolerant, mehriban birgəyaşayış mühitində sahib olduğu yüksək mənəvi keyfiyyətlərini inkişaf etdirib. Nəticədə dini, mədəni plüralizmin mövcud olduğu, dini və dünyəvi dünyagörüşünün uzlaşdığı müasir Azərbaycan cəmiyyəti formalaşıb.

Ölkəmiz dinlərarası dialoqun önəmini beynəlxalq müstəvidə də fəal təbliğ edir. Mərakeşin paytaxtı Rabat şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO), Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və bu ölkədəki səfirliyimizin birgə əməkdaşlığı ilə “Dinlərarası harmoniya: Sülh içində birgəyaşayışın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransın keçirilməsi də  bunun göstəricisidir. ISESCO-nun baş qərargahında keçirilən konfransda sülh içində birgəyaşayış, qarşılıqlı hörmət və dini dözümlülüyün qlobal əhəmiyyəti ilə bağlı müzakirələr aparılıb, Azərbaycanın dini müxtəliflik sahəsində uğurla tətbiq etdiyi nümunələr təqdim edilib. Dini liderlər, siyasətçilər və din alimləri arasında dialoq və əməkdaşlığın gücləndirilməsi, eləcə də dinlərarası anlaşmanın təşviqi və dini dözümsüzlük halları ilə mübarizə üçün ən yaxşı təcrübə mübadiləsi konfransın müzakirə mövzusu olub.

Konfransda Azərbaycan və Mərakeşin nüfuzlu elm və fikir adamları, eləcə də Misir, Liviya, Tunis, İtaliya, İngiltərə və digər ölkələrdən dini mövzular üzrə mütəxəssislər iştirak ediblər.

Tədbirin açılış mərasimində ISESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Maliki bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə ISESCO arasında dinc birgəyaşayışın təşviqində əməkdaşlığın gücləndirilməsi, habelə dini icmalar və beynəlxalq aktorlar üçün sülhün möhkəmləndirilməsi istiqamətində platformanın yaradılması önəmlidir. O qeyd edib ki, Prezident İlham Əliyevin fəaliyyəti sayəsində bu gün Azərbaycan konfessiyalararası, həmçinin məzhəblərarası həmrəyliyin, milli birliyin, mənəvi vəhdətin, dini-mədəni müxtəlifliyin nadir nümunələrini sərgiləyir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz İslam aləmində elmin, təhsilin inkişafı, zəngin mədəni irsin qorunması sahəsində böyük işlər görən ISESCO ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir. Azərbaycanda tarixən müxtəlif dinlərin təşəkkül tapması, tolerantlıq və birgəyaşayış ənənələrinin yayılmasından da bəhs edən R.Məmmədov dünyada multikulturalizmin mərkəzi kimi tanınan, dini-milli zəmində qarşıdurmaların heç vaxt olmadığı ölkəmizin daim dinlərarası, mədəniyyətlərarası münasibətlərə töhfə verən təşəbbüslərlə çıxış etməsindən danışıb. Prezidentin təşəbbüsü ilə Azərbaycanın 2008-ci ildən başlayan “Bakı prosesi” çərçivəsində Mədəniyyətlərarası Dialoq Forumları, Dünya Dini Liderlərinin sammitləri, Bakı Beynəlxalq Humanitar Forumlarına evsahibliyi etdiyini vurğulayıb.

Komitə sədri çıxışında Azərbaycanın Birinci vitse-prezidenti, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dünya əhəmiyyətli tarixi, dini, mədəni abidələrin bərpa edilməsi istiqamətində təşəbbüsləri barədə də məlumat verib.

Əlahəzrət Kral VI Məhəmmədin müşaviri Andre Azuley çıxışında təəssüf hissi ilə bildirib ki, dünya bəzi digər aspektlərdən olduğu kimi, sivilizasiyaların və dinlərin toqquşması baxımından problemlərlə üzləşir. Dinlərarası, hətta məzhəblərarası münasibətlər xeyli dərəcədə gərginləşir, lokal konfliktlərin sayı durmadan artır. Andre Azuley vurğulayıb ki, dünya dövlətləri Mərakeş və Azərbaycanın dinc birgəyaşayış modelindən xəbərdar olmalı, öz daxili və xarici siyasətlərində bu ənənələri tətbiq etməlidirlər.

Milli Məclisin sədr müavini Rafael Hüseynov İslam sivilizasiyasını birləşdirən ortaq mənəvi dəyərlərə, bir çox xalqın birləşərək yaratdığı müştərək mədəni irsə diqqət çəkib. Bildirib ki, İslam dünyası zəngin və rəngarəng mədəni irsə malikdir. Azərbaycanın tarixin sınaqlarından keçmiş mötəbər dinlər və mədəniyyətlərarası dialoq modelinə, çoxmədəniyyətli mühitlərdə rahat yaşamın doğru yollarını göstərən tarixi təcrübələrinə diqqət çəkən R.Hüseynov qeyd edib ki, ölkəmizdəki konfessiyalar həmişə qarşılıqlı hörmət və anlaşma şəraitində yaşayıblar.

Tədbir çərçivəsində “Ortaq insanlıq və fərqli dinlər” adlı sərgi də təşkil olunub. Sərgidə Azərbaycanda mövcud tolerantlıq mühiti, ISESCO tərəfindən 2024-cü ilin “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhərinin tarixi və mədəni abidələri ilə bağlı fotolar və digər nümunələr nümayiş olunub.

Beynəlxalq konfransda panel sessiyalar da keçirilib. Panel sessiyalarda Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, İtaliyanın “Global Christian-Muslim-Marian Committee” təşkilatının rəhbəri Nadir əl-Akkad, Heydər Əliyev Fondunun Heydər Əliyev irsinin tədqiqi və təbliği şöbəsinin müdiri Cəmil Əliyev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksi (Smirnov), “Zeytouni” Universitetinin professoru, Tunis Respublikasının keçmiş dini işlər naziri Abdeljalil Salem, Avropa Yəhudilərinin Bakı dini icmasının ravvini Şneor Seqal, Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının general vikarisi Yozef Marek çıxış edərək Azərbaycandakı tolerantlıq mühitini yüksək dəyərləndiriblər.

Konfrans çərçivəsində təşkil edilən “Ortaq bəşəri dəyərlər, müxtəlif dinlər” adlı sərgidə Azərbaycanda mövcud olan dini müxtəliflik və tolerantlığa, eləcə də ISESCO tərəfindən mədəniyyət paytaxtı olan Şuşaya aid fotolar nümayiş etdirilib.

N.BAYRAMLI

Seçilən
43
yeniazerbaycan.com

1Mənbələr