AZ

"HTŞ “Hizbullah”ın və İran silahlılarının ölkədə qalmasına imkan verməz" - ƏLİ ÖZTÜRKMƏN

Yazını böyüt
Yazını kiçilt

Nəhayət, Suriyada 13 ildir davam edən vətəndaş müharibəsi müxalifətin qələbəsi ilə başa çatdı, diktator Bəşər Əsəd ailəsini də götürüb gizlincə ölkədən Rusiyaya qaçdı. Geridə isə qətlə yetirilmiş 300 min insanın odu söndürülmüş ocağı, başsız ailələr, xarabazara çevrilmiş şəhər və kəndlər qaldı. Bəs iqtidarı ələ alan “Heyət Tahrir Şam” (HTŞ) bütün bu yaraları sağalda, ölkəni yenidən rifaha qovuşdura biləcəkmi? Axı ölkənin əksər hissəsinə nəzarəti ələ alsa da, Fərat çayının şərq sahilindəki torpaqlar hələ də ABŞ tanklarının kölgəsində hökmranlıq edən “SDG-PYD-PKK”ya bağlı silahlı ünsürlərin tapdağı altında azad olunacağı günü gözləyir. Yəni Suriyanın bütün ərazisində hələlik vahid dövlət bayrağı dalğalanmır…

Suriyanın bugünü və gələcəyi ilə bağlı müəmmalara aydınlıq gətirən suriyalı türkmən hüquqşünas, Yaxın Şərq üzrə mütəxəssis Əli Öztürkmən Hafta.az-ın suallarını cavablandırdı:  

- Hazırda HTŞ Suriya torpaqlarının 80 faizinə nəzarət edir. Yeni iqtidarın tabeliyində olmayan ərazilər YPG-nin nəzarətində qalan kürdlərin toplam yaşadığı bölgələrdir. Bu gün ölkədə sabitləşmə prosesi gedir. Şəhərlərdəki silahlı dəstələrin üzvləri müəyyənləşdirilir, əhalidəki qanunsuz silahların toplanması prosesinə start verilib. Ən əsası, Suriyada asayişi və milli təhlükəsizliyi təmin edəcək təşkilatların yaradılmasına başlanılıb, o cümlədən Müdafiə Nazirliyi də bura aiddir. İndiki Müvəqqəti hökumət gələn ilin mart ayınadək fəaliyyət göstərəcək. Onun əsas işi bu müddətdə ölkəni idarə etməklə yanaşı, daimi konstitusiya layihəsi hazırlamaqdır. Zatən, Əsəddən sonrakı mövcud qarma-qarışıq vəziyyətdə Müvəqqəti hökumətdən əlavə nələrsə gözlənilmir də.

- Dünya mətbuatında hamı yazır ki, Türkiyə müxalifətə kömək edir, amma heç kim Suriyada ABŞ və Rusiyanın hərbi varlığının əvvəlki kimi mövcud olduğunu xatırlatmır, həmçinin İran və “Hizbullah” ünsürləri də eynilə. Suriyadakı xarici hərbi varlıqlar gələcəkdə də öz fəaliyyətlərini asanlıqla davam etdirəcəkmi? Sizcə, onların əvvəlki kimi qalması HTŞ-nin idarəetmə gücünə xələl gətirməzmi?

- Əlbəttə, HTŞ heç vaxt “Hizbullah”ın və İran silahlı birliklərinin ölkə ərazisində qalmasına imkan verməz. Bilirsiniz, onların hər ikisi illərdir, Əsəd rejiminin hakimiyyətdə qalmasına kömək edib. Rusiyaya gəlincə, hazırda ruslar ölkənin fərqli yerlərindəki əsgərlərini Şimal-Qərbdə yerləşən dəniz bazasına daşımaqdadır. Çox güman, Rusiya irəlidə öz qüvvələrini Suriya torpaqlarından çıxaracaq. Əlbəttə, Suriyada rusların bir də hərbi hava bazası mövcuddur. Belə düşünürəm, “HTŞ” yaxın gələcəkdə Bəşər Əsədi təhvil almaqla həmin bazaları yenidən Rusiyanın ixtiyarına verə bilər. Amerika qüvvələrinin isə ümumiyyətlə, Suriyada qalmasına qanuni əsas yoxdur. Onlar kürdlərin yaşadıqları bölgələrdə “YPG-SDG”yə dəstək verirlər. İndiki vəziyyətdə “HTŞ”nin amerikalı hərbçiləri ölkədən zorla çıxarmağa gücü çatmaz. Hesab edirəm, gələcəkdə bütün bunlar yoluna qoyulacaq. Sizinlə razıyam, bəli, “HTŞ” xarici hərbi qüvvələrin ölkə ərazisində qalmasının öz nüfuzuna mənfi təsir edəcəyini bilir və bu səbəbdən də heç vaxt onların Suriya torpaqlarında mövcudluğuna imkan verməz.

- Suriyanın tələbinə baxmayaraq, Moskva və Vaşinqton getmək istəməsə, nə olacaq? “PYD” və “SDG”ni qorumaq üçün təxribatlar yarada, məsələn, etibarlılıq qazanmaq məqsədilə Vaşinqton hətta özünün yaradaraq bəslədiyi “İŞİD”i yenidən aktivləşdirib meydana çıxara bilər…

- Yenə deyirəm, ABŞ qüvvələrini yeni hökumət tam şəkildə fəaliyyətə başladıqdan sonra Suriyadan mütləq çıxaracaq. Rusiya isə artıq ölkəni tərk etməyə başlayıb. ABŞ-nin çıxmasında bir məsələ var ki, onlar bölgədə “PYD”ni hərbi təchizatla maksimum gücləndirməyə çalışacaqlar. Hansı ki, bu, Türkiyəni hər zaman olduğu kimi, ciddi narahat edir. Buna baxmayaraq gec-tez çıxacaqlar.

- Son zamanlar heç kimin danışmadığı Suriya türkmənləri məsələsindən danışaq, Suriyada gedən proseslərin fornunda onların vəziyyəti necədir?

- Türkmənlər ötən müddətdə Suriya daxilində nəzərəçarpacaq səviyyədə təşkilatlanmadılar. Mövcud olanlar da adi yerli təşkilatlar səviyyəsindədir. Onlar bu müddətdə dünya ictimaiyyətinə tanıdılmadılar, hüquqlarının qorunması yönündə hər hansı addım atılmadı. Suriyada türkmənlərin varlığını, sadəcə, Türkiyədə bilirlər, amma yaxşı olardı ki, onlar dünya müstəvisində tanıdılsınlar. Bunun üçün hər hansı lobbi təşkilatları yaradılmdı. Məncə, bütün bunların fonunda Suriyanın yeni hökuməti də onların haqq və hüquqlarını qəbul etməyə bilər. Yeri gəlmişkən, hakimiyyətin sünnilərdən ibarət “İhvan”ın əlində olacağı aydın görünür. “HTŞ”nin zatən siyasi karyerası yoxdur, o, dini-sələfi silahlı təşkilatdır və çox güman, iqtidarı dini əsaslar üzərində qurulmuş sünni siyasi təşkilatlara ötürəcəklər. Artıq bu təcrübəni digər ölkələrdə - Liviya və İraqda da görmüşük. “İhvan” da əvvəldən türkmənlərin varlığını qəbul etmir. Onlar türkmənlərin də sünni çətiri altında birləşməsinə tərəfdardır. Bu səbəbdən də Suriya türkmənlərinin dövlət quruculuğunda hər hansı rolunu görə bilmirik.

- Hazırda Suriyada nə qədər türkmən var və onlar əsasən hansı bölgələrdə yaşayırlar?

- Suriyada 3 milyondan artıq türkmən yaşayır. Özü də onlar ora gəlmə deyil, min ildən artıqdır, bu torpaqların sahibləridir. Əsasən, ölkənin şimalında, bir hissəsi Hələb, Raqqa, Lazkiyyədə yaşayırlar. Mərkəzi rayonlarda, İordaniya və İsraillə sərhədyanı bölgələrdə yaşayan türkmənlər də var. Bir problem var ki, 3 milyondan artıq türkmənin yalnız yarısı öz dilində sərbəst danışa bilir. Bu müstəvidə araşdırma aparan bir şəxs olaraq dediyimin üstündə dururam. Qalanları Fransa müstəmləkəçiliyi və ərəb millətçiliyi dövrlərində edilən basqılar nəticəsində öz kimliklərini təsdiqləyə bilmədi. Onların milli mənsubiyyəti, sadəcə, mədəni-məişət səviyyəsindədir. Təbii ki, onlara dəstək verilmiş olsaydı, türkmən kimliklərinə qayıda bilərdilər.

- Suriyada Türkiyə Ordusunun nəzarəti altında olan ərazilərdə yaşayanlar arasında türkmənlər də az deyil. Eşitdiyimə görə, Türkiyədən Suriyaya geridönüş başlayıb. Türkmənlərin Türkiyə sərhədlərinə yaxın ərazilərdə məskunlaşması mümkündür?

- Sizə elə gəlməsin, Türkiyə ilə həmsərhəd bölgələrdə türkmənlər ayaqda duracaq qədər güclüdürlər, qətiyyən. Ötən illərdə Türkiyə onlara ərəblərdən fərqli xüsusi diqqət göstərmədi, yəni bütün qayğı ərəbləri məmnun edəcək limitdə olub. Əvvəllər türkmənlərin yerli əhalinin 70-80 faizini təşkil etdiyi bölgələrə ərəb köçkünlərin yerləşdirilməsi nəticəsində demoqrafik balans tamam pozulub. Bu gün həmin rayonlarda türkmənlər yerli əhalinin cəmi 5 faizini təşkil edir və irəlidə miqrasiya nəticəsində türkmənlərin lehinə hər hansı faiz dəyişikliyini mümkün görmürəm.

- Sirr deyil ki, illərdir davam edən müharibədə suriyalıları Türkiyə qədər dəstəkləyən və himayə edən olmadı. Rusiya və İran Əsədlə birlikdə insanları qırıblar. Qərb Əsədə qarşı çıxdı, lakin Əsəddən üstün olmayan “SDG”ni dəstəklədi və Fəratın şərqində bu silahlı təşkilatın nəzarətində faktiki dövlət yaratdı. Bu gün keçmişdə heç nə olmamış kimi, həmin ölkələr “HTŞ” ilə əlaqələr qurmağa başlayıb, hamı Suriyadan pay alıb ölkənin bərpasında iştirak etmək istəyir, Colani də təklifləri müsbət qarşılayır. Bu müstəvidə fikirlərinizi bölüşün...

- Suriyada “SDG”, “PYD” və “PKK” var və bunların hamısı əslində eynidir. Fərqli adlardan istifadə edərək beynəlxalq ictimaiyyəti çaşdırmalarına baxmayaraq hamısının özülündə PKK dayanır və ABŞ tərəfindən dəstəklənir. Məncə, indiki halda özünü daha da çətinə salmamaq üçün Colani “SDG”-“YPG” ilə sülh içində keçinməyə çalışacaq. Bunun bir səbəbi də odur ki, “HTŞ” keçid dövründə “SDG” ilə qarşıdurmaya getməklə, əslində, “PKK”nın əlinə fürsət vermək istəməyəcək. “PKK” belə toqquşmanını çox arzulayır ki, özünü dünyaya məzlum, qırılan və əzab çəkən tərəf kimi göstərə bilsin. Qənaətimcə, irəlidəki dönəmdə Colani “SDG”nin nəzarətindəki bölgələrə hər hansı muxtariyyət verməyəcək. Bunu “İhvan” və ümumiyyətlə, islamçı iqtidarlar edə bilərlər.

- Colani hökumətinin son 13 ildə Əsədin əzdiyi suriyalılara verdiyi dəstəyin müqabilində Türkiyəyə haqqını qaytaracağına inanırsınız?

- Doğrudan da, Türkiyə son 13 illik ağrı-acılı dövrdə suriyalı insanlara ən çox yardım edən ölkədir. Hansı ki,  bunu onlara heç bir ərəb-islam ölkəsi etməyib. Xüsusilə qaçqınlara köməkliyi, beynəlxalq müstəvidə suriyalıların haqqının müdafiəsi baxımından Türkiyənin dəstəyi əvəzsizdir. Buna baxmayaraq, yeni hökumətin Türkiyənin haqqını ödəyəcəyini düşünmürəm.  Əsəd rejimi altmış il ərzində xalqın beynini yuyub, türklərin xüsusilə Osmanlı dövründə, işğalçı obrazını yaradıb. Qısa müddətdə Əsədin bu siyasətinin təsirlərinin dəyişəcəyini zənn etmirəm. Yeni nəsillər onun yaydığı yanlış məlumatlarla yetişdirilib. Suriyada Türkiyəyə qarşı böyük rəğbətin yaranacağını gözləməyə dəyməz, zatən, bunu Türkiyədə məskunlaşmış suriyalı qaçqınlar aydın şəkildə hiss etdirirdilər. Yeni hökumətlərlə qurulan əməkdaşlığın dostluğa və əməkldaşlığa xidmət göstərməsini arzulayırıq. Suriyada ərəb xalqında hakim olan “BƏƏS” mədəniyyətinin dəyişməsini istərdim və inşallah yaxşı nəticələr görərik.

- Suriyanın Əsəddən Colaniyə keçməsi və Dəməşqlə Ankara arasında ikitərəfli münasibətlərin bərpası Türkiyə iqtisadiyyatına və ticarətinə nələr gətirə bilər?

- Əlbəttə ki, 25 milyonluq Suriya dövləti iqtisadi yönümdən Türkiyə üçün vacib ölkədir. Təəssüf ki, Türkiyənin HTŞ üzərində hər hansı təsirini görə bilmirik.  Türkiyə əvvəlki müddətdə istər türkmənlərlə, istər ərəblərlə, istərsə də kürdlərlə bağlı siyasətini Suriya müxalifəti ilə məhz xalq arasında o qədər də dəstəyi olmayan “İhvan” çərçivəsində qurmağa çalışıb. Yenə də arzu edərdik ki, Türkiyə mövcud “HTŞ” iqtidarı və ya irəlidə qurulacaq hökumətlərlə əməkdaşlığı gücləndirsin. Bütün bunlar Türkiyə hökumətlərinin yürüdəcəyi siyasətdən asılı olacaq. Məncə, bu prosesi yüksək dəyərləndirmək lazımdır ki, meyvəsini toplamaq mümkün olsun. Belə görürəm ki, hazırda Ankara Suriyada daha çox mövcud dini kəsimin iqtidarda oturuşmasına daha çox maraqlıdr, nəinki iqtisadi-ticarət əlaqələrinin güclənməsinə. Yenə deyirəm, əgər Suriyanın yeni hökumətlərini əlində tuta bilsə Türkiyənin qazancları böyük ola bilər.

Seçilən
7
hafta.az

1Mənbələr