AZ

Ekspertlər media savadlılığının artırılması üçün Bakıda toplaşıb

Əhməd İsmayılov: “Dövlət qurumlarının, medianın və cəmiyyətin ünsiyyətinin sağlam prinsiplər əsasında qurulması, effektiv kommunikasiya vacibdir”

Dekabrın 16-da Azərbaycanda Media Savadlılığı Həftəsinə start verilib. Medianın İnkişafı Agentliyinin təşkilatçılığı, aidiyyəti dövlət və özəl qurumların, akademik müəssisələrin, media və vətəndaş cəmiyyəti institutlarının tərəfdaşlığı ilə 16-22 dekabr tarixlərində keçiriləcək həftə çərçivəsində maarifləndirmə tədbirləri həyata keçiriləcək.

Həmçinin həftə ərzində mediada və sosial şəbəkələrdə media kampaniyalarının icrası, podkastların yayımı, Bakı və regionlarda fərqli hədəf qruplarına yönələn təlimlərin, həmçinin vebinar və mediaturların təşkili, “ASAN Radio”da “Smart Media” layihəsinin icrası baş tutacaq.

Bundan başqa, media və kommunikasiya istiqamətini tədris edən akademik heyət üçün TOT proqramlarının keçirilməsi, Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində media savadlılığı ilə bağlı təlimlərin keçirilməsi, medialiteracy.media.gov.az platformasında onlayn kursun istifadəyə verilməsi nəzərdə tutulur.

Dekabrın 17-də ənənəvi Media Savadlılığı konfransının açılış mərasimi keçirilib. Konfransda müxtəlif qurumların rəsmiləri, yerli, xarici ekspertlər, 500 nəfərə yaxın Azərbaycan könüllüsü və gənci iştirak edib.

Tədbirin açılışında çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media savadlılığının artırılmasının kifayət qədər böyük və cəmiyyətin bütün seqmentlərini əhatə edən davamlı proses olduğunu deyib. O bildirib ki, dövlət qurumlarının, medianın və cəmiyyətin ünsiyyətinin sağlam prinsiplər əsasında qurulması, effektiv kommunikasiya vacibdir.

Audiovizual Şurasının sədri İsmət Səttarov çıxışında media savadlılığının ehtiyac duyulan məlumatı tapmaq, qiymətləndirmək və ondan səmərəli istifadə etmək bacarığı barədə danışıb.

Mərakeş Krallığının Audiovizual Kommunikasiyalar üzrə Ali Qurumunun sədri Lətifə Axarbaş isə müasir dövrdə elektron informasiya cəmiyyətinin sürətlə genişlənməsi, rəqəmsal mühitdə məlumatlara asan çıxışın təmin edilməsi ilə əlaqədar auditoriyanın xəbərin doğru və etibarlı tərəfini müəyyənləşdirməkdə çətinliklərlə üzləşdiyini vurğulayıb. O, media savadlılığının artırılmasının əhəmiyyətindən danışıb.

Daha sonra cari ilin iyul ayında keçirilmiş 2-ci Şuşa Qlobal Media Forumunda dezinformasiya və media savadlılığı ilə bağlı səsləndirilən fikirlərin yer aldığı videoçarx təqdim edilib.

Tədbir dezinformasiyanın aşkarlanması, müasir dövrün ən böyük problemlərindən biri olan saxta xəbərlərin müəyyən edilməsi üçün istifadə olunan texnologiya və metodlar barədə müzakirələrlə davam edir.

Qeyd edək ki, Azərbaycanda Media Savadlılığı Həftəsi 22 dekabra qədər davam edəcək.

Seçilən
8
13
moderator.az

10Mənbələr