Bölgələrdə həkim çatışmazlığı Azərbaycanın səhiyyə sisteminin üzləşdiyi ciddi problemlərdən biridir. Bu da xüsusilə, ucqar ərazilərdə tibbi xidmətə əlçatanlığın aşağı olmasına və yerli sakinlərin sağlamlıq problemlərinə səbəb olur. Bəs, hər il Azərbaycanda, eləcə də xaricdə universitet bitirib tibb diplomu alan yüzlərlə gəncin olmasına rəğmən, niyə bölgələrdə həkim çatışmazlığı problemi yaşanır? Bu problemi aradan qaldırmaq üçün hansı tədbirlər görülməlidir?
Mövzuyla bağlı Bakupost.az -a danışan Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, bölgələrdə həkim çatışmazlının həm obyektiv, həm də subyektiv səbəbləri var:
“Obyektiv sıbıb ondan ibarətdir ki, iqtisadi inkişafın spesifikası ilə əlqədar olaraq bütün dünya ölkələrində iqtisadi miqrasiya prosesləri baş verir. İstehsalın təmərküzləşdiyi, iş imkanlarının daha çox olduğu bölgələrə insan axını müşahidə olunur. Təbii ki, Bakı, Sumqayıt, ümumiyyətlə, Abşeron yarımadası iqtisadi fəallığın yüksək olduğu ərazidir. Ona görə də əhalinin bu bölgəyə axını yüksəkdir. Bu, təkcə Azərbaycan üçün yox, bütün dünya ölkələri üçün bazar iqtisadiyyatının spesifik xüsusiyyətlərindəndir. Biz bunu qonşu ölkələrdə də görə bilirik. Sözügedən ərazilərdə tibb müəssisələrinin maddi-texniki bazası yüksəkdir, böyük tibb müəssisələri var. Bundan əlavə, hər bir həkimin maddi rifah halının iqtisadi fəallıq olan bölgədə yüksəltmək ehtimalı daha çoxdur. Karyera inkişafı bu bölgədə daha genişdir”.
Müşfiq Məmmədli problemin digər səbəbinin subyektiv amillə bağlı olduğunu bildirib:
“Regionlarımızda inkişaf etmiş xəstəxanalar var. Prezidentimizin bu sahəyə xüsusi diqqət yetirməsi nəticəsində səhiyyə infarstrukturu ən ucqar bölgələrimizdə də yüksək səviyyədə inkişaf edib. Burada personal çatışmazlığı həkim qıtlığı ilə bağlı məsələdir. Buna Avropa ölkələrində də rast gəlmək olar. Həkimlik uzunmüddətli təhsil və zəhmət tələb edir. Əgər ölkə qısa bir müddət ərzində ixtisaslı həkimlərlə təmin olunmasa, yaxud onların qeyri-bərabər paylanması müşayiət olunsa, bu, ölkə səhiyyəsində özünü biruzə verir”.
Ekspert bildirib ki, infrastruktur olduğu üçün müəyyən iqtisadi tənzimləmələr, maaş əlavələri, ipoteka kreditlərinə əlçatanlığın artırılmasıyla regionlarda işin təşkili üçün daha çevik addımlar atıla, bölgələrə həkimlər cəlb edilə və mövcud çatışmazlıq aradan qaldırıla bilər:
“Təkcə Türkiyə və Avropada deyil, həmçinin Rusiya, Ukrayna, Belarusda təhsil almış həkimlərimiz var. Rezidentura təhsilindəki fərqlər onların fəaliyyətinə bəzən obyektiv, bəzən subyektiv maneələr törədir. Bu istiqamətdə optimal addımlar atmaqla biz bu həkimlərimizi bölgələrimizdə işləməyə cəlb edə bilərik”.
Rəhman Mirzəlizdə, BakuPost