AZ

Aİ-nin baş diplomatı: "Zelenskini danışıqlara məcbur etməyin, onsuz da Putin istəmir"

Qərb ölkələri Ukrayna Prezidenti Volodimir Zelenskini sülh danışıqlarına başlamağa çağırmağı dayandırmalıdır. Bunun əvəzinə, Kiyevə verilən təhlükəsizlik zəmanətləri üzrə öhdəliklər reallığa çevrilməlidir.  

Qaynarinfo xəbər verir ki, bu fikri Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas "Financial Times" qəzetinə müsahibəsində bildirib.
 
Aİ-nin baş diplomatı vurğulayıb ki, Zelenskini sülh mövzusunda danışığa məcbur etməyin mənası yoxdur, çünki Rusiya Prezidenti Vladimir Putin müharibəni dayandırmaq üçün heç bir istək göstərmir.  

Kallas bildirib ki, bu mövzu, Donal Trampın Ağ Evə mümkün qayıdışı fonunda Kiyevə dəstəyin adaptasiyasına həsr olunmuş Aİ liderlərinin sammiti ərəfəsində müzakirə edilib.  

"Putinin danışıq istəmədiyi halda Zelenskini danışığa sövq etmək mənasızdır, - Kallas bildirib. - Biz sülhməramlılardan danışa bilmərik, çünki sülh yoxdur. Niyə sülh yoxdur? Çünki Rusiya sülh istəmir".  

Donald Tramp daha əvvəl Ukraynaya hərbi yardımı dayandırmaq və atəşkəs üzrə danışıqlara çağırmaq niyyətində olduğunu açıqlayıb. Bu bəyanat Aİ ölkələrini Ukraynaya dəstəklə bağlı strategiyalarını yenidən nəzərdən keçirməyə vadar edib.  

"İndi Ukraynanı dəstəkləmək sonradan müharibəni qəbul etməkdən qat-qat ucuz başa gəlir. Rusiya hədəflərini dəyişməyib. Əgər vicdanlı olsaq, etiraf etməliyik: indi əslində nə ilə məşğuluq?" - deyə Kallas bildirib.  

NATO-nun baş katibi Mark Rütte sammit ərəfəsində Zelenski, İtaliyanın baş naziri Corcia Meloni və Almaniyanın kansleri Olaf Şolts da daxil olmaqla Avropa liderləri ilə görüş keçirib. Görüşdə əsas mövzu Ukraynaya gələcək dəstək məsələsi olub.  
"Biz indi sülh sazişinin necə görünə biləcəyini müzakirə etməyə başlasaq, ruslar üçün vəziyyəti yüngülləşdiririk, - Rütte bildirib. - Hesab edirəm ki, bu məsələni bağlamaq müdrik qərar olardı".  

Aİ sammitində liderlər Ukraynaya dəstəklərini aşağıdakı sözlərlə təsdiqləməyi planlaşdırırlar: "Nə qədər lazımdırsa, o qədər və nə dərəcədə gərəkdirsə, o qədər intensiv şəkildə". "Financial Times"ın tanış olduğu bəyanat layihəsində qeyd edilib: "Rusiya qalib gəlməməlidir".  

Buna baxmayaraq, Avropa ölkələri arasında yardımla bağlı konkret məsələlərdə, o cümlədən hərbi qüvvələrin yerləşdirilməsi, uzunmənzilli silahların təchizatı və ya Ukraynanın NATO-ya qəbulunun dəstəklənməsi məsələlərində hələlik vahid mövqe yoxdur.  

"Əsas məsələ nədəndir ki, hansı təhlükəsizlik zəmanətləri mövcuddur? Bu əslində nədir? Əgər bu hərbi qüvvələr deyilsə, uzunmənzilli silahlar deyilsə, bu, əslində sizi nə ilə müdafiə edir?" - Kallas bildirib.   

Fransa Prezidenti Emmanuel Makronun fevral ayında irəli sürdüyü Avropa qüvvələrinin Ukraynaya göndərilməsi ideyası mübahisəli reaksiyalar doğurub. Polşanın Baş naziri Donald Tusk ötən həftə bu mövzuda heç bir müzakirənin olmadığını aydın şəkildə bildirib, Almaniya və digər əsas Aİ ölkələri də bu ideyanı dəstəkləmir.  
"Qüvvələr yerləşdirilməsi ilə bağlı heç bir hazırlıq yoxdur, - Aİ diplomatlarından biri bildirib. - Aİ-də bu məsələdə hələlik strukturlaşdırılmış müzakirələr yoxdur".  

Kallas qeyd edib: "Biz öz gücümüzü az, Rusiyanın gücünü isə çox qiymətləndirməməliyik. Hazırda Ukraynanı maksimum şəkildə gücləndirmək üçün hər şeyi etməliyik, çünki döyüş meydanında nə qədər güclü olsalar, danışıqlar masasında da bir o qədər güclü olacaqlar - əgər danışıqlara gəlib çatsalar".  

Qeyd edək ki, Donald Tramp Ukrayna Prezidenti Zelenskini müharibəni bitirmək üzrə saziş bağlamağa hazırlaşmağa çağırıb. Onun sözlərinə görə, bu barədə Kreml lideri Vladimir Putinlə müzakirə aparmaq niyyətindədir.

Alpər
Seçilən
2
qaynarinfo.az

1Mənbələr