AZ

Prezident İlham Əliyevin müsahibəsində ifadə etdiyi fikirlər bir daha Azərbaycanın sülhə yönəlmiş siyasətini təsdiqlədi



Prezident cənab İlham Əliyevin xarici mətbuata verdiyi müsahibələr Azərbaycanın beynəlxalq aləmdəki mövqeyinin daha da gücləndirilməsində çox önəmli rol oynayır. Bu müsahibələr vasitəsilə dövlət başçımız ölkənin siyasi, iqtisadi və mədəni strategiyasını geniş auditoriyalara çatdırır və həm də erməni dezinformasiyasına qarşı effektiv cavab verir. Birinci növbədə, Prezident İlham Əliyevin müsahibələri Azərbaycanın haqq səsinin bütün dünya ictimaiyyətinə çatdırılması üçün önəmlidir. Xüsusən, 44 günlük Vətən müharibəsi dövründə Prezidentin xarici mediaya verdiyi müsahibələr beynəlxalq ictimaiyyətə müharibənin real səbəblərini, tarixi faktları və Qarabağla bağlı həqiqətləri çox dolğun şəkildə izah etdi. Bu, həm Azərbaycanın haqq ədalət mübarizəsini beynəlxalq arenada legitimləşdirdi, həm də erməni təbliğatını ifşa etdi. Digər bir önəmli məqam, bu müsahibələrin ölkənin iqtisadi potensialı və strateji məqsədləri haqqında şəffaf məlumatları çatdırmasıdır. Prezident cənab İlham Əliyev müsahibələrində neft-qaz sektorunda qazandığımız nailiyyətlərə, qeyri-neft sektorunun inkişaf perspektivlərinə, eləcə də ölkənin nəqliyyat-logistika mərkəzi kimi əhəmiyyətli rolu üzərində dayanır. Bununla da, xarici investorları cəlb edir və ölkənin iqtisadi çəkisini artırır. Dövlət başçımız müsahibələrdə Azərbaycanın multikultural və tolerant dəyərlərini təbliğ edir, ölkənin bu istiqamətdə bölgə və dünya miqyasində oynadığı rolu vurğulayır. Bu da Azərbaycanın müsbət imicinin formalaşmasına kömək edir. Nəticə etibarilə, Prezident İlham Əliyevin xarici mətbuata verdiyi müsahibələr, Azərbaycanın milli maraqlarının müdafiəsi, beynəlxalq aləmdə ədalətin bərpası və ölkənin müasir imicinin formalaşması baxımından olduqca vacibdir.  Bu baxımdan Prezident cənab İlham Əliyevin dekabrın 17-də  “Rossiya Seqodnya” Beynəlxalq  İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı  Dmitri Kiselyova müsahibəsi  də xüsusi əhəmiyyət kəsb edir. Bu müsahibə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməklə yanaşı, Azərbaycanın geosiyasi mövqelərini, regional sülh təşəbbüslərini və qlobal enerji siyasətindəki rolunu önə çıxarmaq baxımından çox vacibdir. Bu müsahibə, Azərbaycanın müasir dünya siyasətindəki mövqeyini göstərməklə yanaşı, ölkənin strateji hədəfləri haqda ətraflı məlumat verir.
Dövlət başçımız müsahibəsində Cənubi Qafqazda davam edən geosiyasi proseslərə və Ermənistanla normallaşma prosesinə diqqət çəkdi. O, Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etdikdən sonra regionda sülhün təmin olunması üçün sükut dövrü olduğunu vurğuladı. Prezident sülh müqaviləsinin imzalanmasını regionda davamlı sabitliyin təmin olunmasının əsas şərti kimi qiymətləndirdi. Müsahibədə xüsusilə Zəngəzur dəhlizinin reallaşmasının vacibliyi vurğulandı. Prezident Zəngəzur dəhlizini iqtisadi inteqrasiyanı təmin edəcək, eyni zamanda region üçün yeni nəqliyyat və ticarət imkanları yaradacaq strateji layihə kimi qiymətləndirdi. Dəhlizin açılmasının təxirə salınmaz bir məsələ olduğunu bildirdi və bunun regionda iqtisadi çoxtərəfli fayda yaradacağını vurğuladı.
Prezident cənab İlham Əliyev Azərbaycanın enerji strategiyasından geniş şəkildə bəhs etdi. O, Cənub Qaz Dəhlizi layihəsinin uğurla tamamlanmasını və bu dəhlizin Avropanın enerji təhlukəsizliyində oynadığı rolu vurğuladı. Prezidentimiz qeyd etdi ki, enerji sahəsindəki tərəfdaşlıq beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar yaradır. Xüsusilə Qoşulmama Hərəkatındakı sədrlik missiyası, pandemiya dövründə irəli sürülən humanitar təşəbbüslər və beynəlxalq təşkilatlarla konstruktiv dialoq Azərbaycanın qlobal arenada önəmini göstərir. Dövlət başçımız bildirdi ki, Azərbaycan müstəqil xarici siyasətini davam etdirməklə beynəlxalq tərəfdaşlıqlara öz töhfəsini verir.
Prezident İlham Əliyevin “Rossiya Seqodnya” agentliyinə verdiyi müsahibə, Azərbaycanın sülhsevər siyasətini, beynəlxalq öhdəliklərə sadiqliyini və milli maraqlarını qoruya biləcək qətiyyətini bir daha nümayiş etdirdi. Bu müsahibə vasitəsilə, Prezidentimiz beynəlxalq ictimaiyyətə Azərbaycanın strateji prioritetlərini açıq və anlaşılan formada ifadə etdi. Azərbaycanın geosiyasi rolunu gücləndirən bu kimi çıxışlar ölkənin dünya arenasındakı mövqeyini daha da möhkəmləndirir.

Namiq Əhmədov,
YAP Xəzər rayon təşkilatının sədri



Seçilən
3
aia.az

1Mənbələr