AZ

Mahirlə Kloze arasında münaqişə: “o, əsəbi və öz qanunları olan futbolçudu”

Mahir Emreli şərəfini qoruduğu “Nürnberq”in baş məşqçisi Miroslav Klozeylə münaqişə yaşayıb.

“Football-plus.az” xəbər verir ki, bu barədə “Nürnberq” nəşri məlumat yayıb. Qəzetin iddiasına görə, həmyerlimiz 2-ci bundesliqanın 16-cı turu çərçivəsində “Köln”ün qonağı olduqları matçda (1:3) əvəzlənməsinə etiraz edib. Hətta o, narazılığını “instaqram” hesabında da dilə gətirib və bir qədər sonra həmin paylaşımı silib.

Məlum olduğu kimi, Emreli həmin oyunda cəmi 45 dəqiqə meydanda olub. Baş məşqçisinin onu meydandan çıxarmasının səbəbi haqda yazmışıq. Xatırladaq ki, hücumçu 1-ci hissədə passiv görünüb. Daha əvvəl bu addımına görə mütəxəssisi qınamağın yersiz olduğunu da demişik. Ona görə ki, statistika Mahirin həqiqətən enişdə olduğunu sübut edir. Bəs millimizin üzvü bununla niyə barışmır? Cavab belədi: o, uğursuzluğunun səbəbini özüylə yox, komandanın ümumi performansıyla əlaqələndirir. Düzü, ona bu mənada haqq verə bilərik. “Nürnberq” son 6 matçda qələbə qazana bilməyib ki, bunu yalnız həmyerlimizin ayağına yazmaq insafsızlıq olar. Qısası, bu üzdən nə bizimkini top atəşinə tutmaq olur, nə də baş məşqçini...

Gələk qalan detallara... Sözügedən qəzetin iddiasına görə, futbolçusunun narazılığından agah olan Kloze onunla nə az, nə çox - 1 saat 30 dəqiqə söhbət edib. Müzakirə xoşbəxt sonluqla nəticələnib ki, dünən kollektivlə birgə məşq edən oyunçu xüsusi fəallığıyla diqqəti çəkib. Hətta bilmədən komanda yoldaşıyla – Berkay Yılmazla toqquşan, bu üzdən dizi qanayan Mahir fasilə vermədən məşqə davam edib.

Reaksiyalar
“Nürnberq” qəzeti:
“Şübhə yoxdu ki, azərbaycanlı yaxşı bacarıqlara malikdi və milli komandasında mükəmməl performans sərgiləyərək ölkəsinə fayda verə bilər. Elə Almaniya futboluna da... Sadəcə, Emreli bəzi anlarda emosiyalarını idarə edə bilmir və hadisələrə normadan artıq reaksiya verir. O, əsəbi və öz qanunları olan futbolçudu”.


Miroslav Kloze:
“Mahirin daha yaxşı oynaya biləcəyini düşünürəm. O da bunun üçün əlindən gələni edir. Futbolçuma qarşı kinim yoxdu. Gələcəkdə də heç bir oyunçumla münaqişə yaşamaq istəmirəm. Emrelini anlamaq, diləmək və tövsiyə vermək mənim vəzifəmdi. Söhbətimizdə bunu etdim. Mən də hücumçu olmuşam. Onun hansı hissləri keçirdiyini çox yaxşı başa düşürəm”.


KƏNAN BAHADIR
Seçilən
1
football-plus.az

1Mənbələr