AZ

Əsəd və qardaşı ilə bağlı şok məlumatlar: Qaçış zamanı hava limanında...

 Suriyada “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşması eks-prezidenti Bəşər Əsədin qardaşı Mahir Əsədin axtarışlarını davam etdirir.

News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, “The Times” Əsəd rejiminin ən rüşvətxor nümayəndələrindən biri kimi tanınan Mahir Əsədin sonuncu dəfə qardaşı ilə mübahisə edərkən görüldüyünü yazıb.

Məlumata görə, HTŞ-nin rəhbərliyindəki müxalif qruplar İdlib şəhərindən çıxıb, ölkənin cənubuna doğru yönəldikləri zaman Mahir Əsəd Dəməşqdə olub. Nəşr yazır ki, bəzi şahidlər onu sonuncu dəfə el-Mazzah hərbi aeroportunda qardaşı Bəşər Əsədlə mübahisə edərkən görüblər. Lakin bu məlumat hələ tam təsdiqlənməyib.

“The Times”ın məqaləsində qeyd olunur ki, Mahir Əsəd strateji əhəmiyyətli Homs bölgəsində son bir müdafiə xətti formalaşdırıb mübarizə aparmağı  planlaşdırıb. O, dekabrın 7-si səhər saatlarında qardaşına bu barədə məlumat verib. Lakin günortadan sonra Bəşər Əsədlə əlaqə saxlaya bilməyib və onu hava limanına qədər izləməyə başlayıb. Mahir Əsəd eks-prezidentin helikopterlə Hmeymimdəki rus bazasına getməyə çalışdığını görüb. Nəşr yazır ki, Suriya ordusunun komandirləri həmin an Əsədin hər kəsi ataraq qaçmağa çalışdığını anlayıblar. Mahir Əsəd bu səbəbdən qardaşı ilə mübahisə edib, lakin Bəşər Əsəd heç nəyə məhəl qoymayıb və ölkədən çıxıb.

İddialara görə, hökumət tam çökdükdən sonra M.Əsəd İraqa qaçıb. Lakin rəsmi Bağdad bu məlumatı təkzib edib. Onun da qardaşı kimi Rusiyaya getdiyinə dair fikirlər səsləndirilir.

Çevrilişdən sonra müxalif qüvvələr Mahirin də Dəməşqdəki evinə basqın ediblər. Malikənin altında böyük tunellər aşkarlanıb. Tunellərin ölçüsünün bir yük maşınının keçə biləcəyi qədər iri və geniş olduğu bildirilir. Tuneldə bəzi bağlı otaqlar və rəflər tapılıb.

M.Əsəd dövlət büdcəsindən ailə hesabına qeyri-qanuni pul köçürmələri etməkdə, ölkədəki narkotik dövriyyəsinə şərait yaratmaqda günahlandırılır. O, İrana yaxınlığı və amansızlığı ilə tanınır.


Seçilən
7
1
news24.az

2Mənbələr