AZ

Suriyalı müxbir Əsədin “ölüm löhvə”lərini aşkarladı – 100-lə şəxsin fotosu var

Bəşər Əsəd rejimi devriləndən sonra Suriya vətəndaşları ölkənin dörd bir tərəfindən itkin qohumlarından xəbər almaq ümidi ilə paytaxta axışdılar. Dəməşq çölündə yerləşən Sednaya həbsxanası önündə izdiham yaşandı. İnsanlar illərlə soraq ala bilmədikləri yaxınlarının taleyi barəsində hər hansı bir xəbər almaq ümidi ilə bura gəlmişdilər. Bir çoxları Sednayada yaxınlarına qovuşa bilsə də, “Əsədin qəssabxanası” adlanan bu məkandan məyus halda geri dönənlər də az olmadı. Hazırda Suriyada izsiz-tozsuz itirilmiş rejim əleyhədarlarının axtarışları davam edir.

Musavat.com xəbər verir ki, Suriyanın “Zaman əl-Vəsl” qəzetinin müxbiri Dəməşqdə zənginlərin yaşadığı Kafr Sousse məhləsindəki Dövlət Təhlükəsizlik Şöbəsinə daxil ola bilib.

Müxbir Dövlət Təhlükəsizlik Şöbəsində bir neçə yüzlərlə məhbusun fotosu olan löhvələr aşkar edib. Lövhələrdəki əksər fotoların arxasında fayl nömrəsi, bəzilərinin isə ad yazılıb. Faylların üzərində “Həbs olunub” sözləri var. Fotoların sahiblərinin aqibəti aydın deyil. Müxbirin aşkarladığı foto və fayllardakı məlumatlar üzərindən məhbusların sonrakı talelərini aydınlaşdırmaq üçün ipucu ola bilər.

Ehtimal var ki, məhbuslar dindirilmələrdən sonra Sednayaya göndərilib. Onların Sednaya həbsxanasından Əsəd rejimi devrildikdən sonra azad edildikləri və ya orada edan olunduqları hələ məlum deyil.

WhatsApp

Sednaya həbsxanası 1980-ci illərin əvvəllərində paytaxt Dəməqdən təxminən 30 kilometr şimalda kiçik bir şəhərdə qurulub. Həbsxana Əsəd rejiminə qarşı çıxanları saxladığı yer olub. İnsan haqları təşkilatları tərəfindən “insan qəssabxanası” kimi tanınan Sednaya gizli saxlanılırdı və Əsəd devrilənə qədər həbsxananın içindən heç bir görüntü çəkilməmişdi. Həbsxanada baş verənlər haqda yalnız keçmiş mühafizəçilər və məhbuslarla müsahibə yolu ilə müəyyən edilirdi. Sednaya illərdir Suriya Ordusu və hərbi kəşfiyyat orqanları tərəfindən idarə olunub.

Binanın tikintisinə 1980-ci illərin əvvəllərində başlanılıb. 1,4 kvadrat kilometrlik həbsxanaya ilk məhbuslar 1987-ci ildə Bəşərin atası Hafiz Əsədin hakimiyyətinin 16-cı ilində aparılıb. Tam fəaliyyətə başlayanda həbsxananın 2 təcridxanası olub. İnsan haqları təşkilatlarının məlumatına görə, Ağ Bina rejimə xəyanətdə şübhəli bilinən zabit və əsgərlər üçün tikilib. Bu, böyüyən obyektin cənub-şərqindəki L formalı bina olub. Əsas həbsxana, Qırmızı Bina, əvvəlcə islamçı təşkilatların üzvü olmaqda şübhəli bilinən rejimin əleyhdarları tərəfindən məskunlaşıb. Azadlığa çıxan məhbuslarla müsahibə aparan insan haqları qruplarına görə, 2 binada 10-20 min adam saxlanıla bilər. 2011-ci ildə vətəndaş müharibəsi başlayanda məhbuslar Ağ Binadan çıxarılıb və Amnesty İnternational-ın keçmiş həbsxana gözətçilərinə əsaslanan hesabatına görə, bu bina prezident Bəşər Əsəd rejiminə qarşı aksiyalarda həbs olunanların yerləşdirilməsi üçün hazırlanıb. Keçmiş məhbuslar Qırmızı Binada saxlanılanların tez-tez müxtəlif işgəncə üsullarına, o cümlədən şiddətli döyülmələrə, zorlamalara, qida və dərmanlara çıxışın məhdudlaşdırılmasına məruz qaldıqlarını söyləyib.Qeyd olunub ki, danışanların “Edam otağı” adlandırdıqları “Ağ bina”nın altında Qırmızı binadakı məhbusların asılmağa aparıldığı yer olub.

Əsəd rejimi devrildikdən sonra Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) rəhbəri Okay Məmiş Sednaya həbsxanasında axtarış işləriinin aparıldığını açıqlayıb. O, məhbuslara qarşı qeyri-insani rəftarda istifadə olunan çoxlu dəzgah və alətlər gördüklərini vurğulayıb:

“Biz binanın hər bir hissəsini böyük diqqətlə və dəqiqliklə yoxladıq və çöl həyətdə işimizi davam etdiririk. Gördüyünüz alətlər və avadanlıqlar var ki, bu haqda danışmaqda çətinlik çəkirəm, danışmağa dilim tutulur. Pres maşını, meyitləri məhv etmək üçün kislota çənləri, ifadə etməkdə çətinlik çəkdiyim bir çox şeylər. Biz minlərlə cəsəd torbasının hər yerə səpələnmiş olduğunu gördük. Bu qədər cəsəd torbasının olması suallar doğurur”.

Əsədin “ölüm löhvə”lərindəki şəxslərin izlərinin Sednayada itirildiyi də istisna deyil.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Seçilən
0
musavat.com

1Mənbələr