AZ

Öldürülən generallar – Ölüm onları cəbhədə, ölkədən kənarda, evinin girişində haqlayır

Müharibənin taleyini əsgərlər yox, sərkərdələr həll edirlər. Elementar II dünya müharibəsində Jukov, Rokossovski, Montqomeri, Makartur, Eyzanhauer nasist Almaniyası və militarist Yaponiya üzərində qələbəyə böyük töhfə veriblər. II dünya müharibəsində də xeyli general ön xətdə, döyüş əməliyyatlarında həlak olublar. Hətta əsir düşənlər də olub.

Hazırda isə generalların bir çoxu hərbi əməliyyat zonasında yox, arxa cəbhədə, təhlükəsizliklərinə heç bir təhdidin gözlənilmədiyi yerlərdə ödürülürlər. Srağagün Moskvadakı evinin girişində öldürülən rusiyalı general-leytenant İqor Kirillov buna parlaq misaldır.

Əfqanıstanda ölənlərdən çox... 

gen-5.jpg

Ümumiyyətlə, Rusiya Ukrayna müharibəsində Əfqanıstandakı müharibədən daha çox general itirib. Əfqanıstanda ruslar cəmi üç general itirib. Onlar da döyüşdə yox, xəstəlikdən vəfat ediblər.
Ukraynada Rusiyanın ilk həlak olan general-mayoru Andrey Suxovetskidir. 41-ci ordu komandirinin müavini işğaldan cəmi bir həftə sonra, 28 fevral 2022-ci ildə öldürülüb. Elə həmin il, 8-ci ordu komandirinin müavini, general-mayor Vladimir Frolov vəfat edib. Ardınca istefada olan hərbi hava qüvvələrinin general-mayoru Kanamat Botaşev, qərargah rəisi, 8-ci ordu komandirinin birinci müavini, general-mayor Roman Kutuzov həyatla vidalaşıb. Kutuzova ölümündən sonra general-leytenant rütbəsi verilib.

2023-cü ilin yayında Ukraynanın əks-hücum əməliyyatı zamanı yüksək rütbəli zabitlərin matəm siyahısına general-mayor, 35-ci ordunun qərargah rəisi Sergey Qoryaçov (Sankt-Peterburqda dəfn olunub) və general-leytenant, hərbi dairə komandirinin müavini Oleq Tsokov da əlavə edilib. Müharibədə ümumilikdə 13 rus general həlak olub. Çünki Andrey Mordviçev, Maqomed Tuşayev, Vitali Gerasimov və Yakov Rezantsevin ölümü ilə bağlı məlumatlar mediada yer alsa da, Rusiya ordusu tərəfindən təsdiqlənməyib. Açıq mənbələrdə ukraynalı generalların ölümü ilə bağlı məlumat yoxdur.
Rusiya generallarının Suriyada öldürlməsi faktları da var. Türkməndağı bölgəsində müxalif qüvvələrin etdiyi basqında 4-ü rus olmaqla 19 hərbçi öldürülüb. Ölən rus generallardan birinin Türkməndağıdakı hücumları koordinasiya edən, “Yuri” ləqəbli general-leytenant olduğu bildirilib. Deyr əz-Zor şəhəri yaxınlığında general-mayor Ruslan Qalitski öldürülüb. Digər iki general Valeri Asapov və Vladimir Kocayev Suriyada müxtəlif döyüşlərdə həlak olublar.

Ölkədən kənarda öldürülən generallar

gen-6.jpg

Ölkəsindən kənarda generalları öldürülən təkcə şimal qonşumuz deyil. İranın da komandirləri Yaxın Şərq ölkələrində həlak olub. 2007-ci ildə 14 sincabı casus kimi həbs edən iranlı generallar Suriya və İraqda öldürülüb. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələrinin komandanı general-leytenant Qasım Süleymaninin Bağdadda ölümü böyük rezonans doğurub. Süleymaninin yaxın dostu, SEPAH-ın generalı Razi Musəvi də Suriyada öldürülüb.

Bundan başqa, Dəməşqdə İran konsulluğunun binasına hücum nəticəsində SEPAH-ın 7 üzvü həlak olub. Ölənlər arasında SEPAH-ın yüksək rütbəli briqada generalı Məhəmməd Rza Zahedi və onun müavini general Məhəmməd Hadi Hacı Rəhimi də olub.

gen-1.jpg

Eyni zamanda SEPAH-ın komandir müavini, general-mayor Abbas Nilforuşan “Hizbullah”ın baş katibi Şeyx Həsən Nəsrullahla birlikdə həlak olub. Bu siyahıya briqada generalı Məhəmməd Əli Allahdadini, general Keyumərs Purhaşemini, general Əbülfəzl Əlicanini, general-mayor Huseyn Həmədanini, general Kuruş Bazyarini, general Besic Cabbarini, general Məhəmməd Əliullah Daadini, general Fərhad Dəbirianini, “Əl-Qüds” elit bölməsinin baş komandanı Əsğər Paşaburu, general Şakiba Səlimini, general Bilal Bakkuru və general Qulamrza Səmaini də əlavə etmək olar.

Generallar qədər mühüm alimlər

Xarici düşmənlərin İranın daxilində də bənzər diversiya aktları həyata keçirməsi halları məlumdur. 27 noyabr 2020-ci ildə nüvə fiziki Möhsün Fəxrizadə İranın Absard şəhərində silahlı hücumda öldürülüb. O, İran Müdafiə Nazirliyi yanında araşdırma və innovasiyalar mərkəzinə rəhbərlik edib. Qərb kəşfiyyat xidmətlərinin məlumatına görə, Fəxrizadə İranın nüvə proqramının rəhbəri olub.

gün-3.jpg

Fizik-alimlərin hədəf seçilməsi XXI əsrin əvvəlindən başlayıb. Hələ 2007-ci ilin yanvar ayının 15-də Şiraz universitetinin professoru, nüvə enerjisi sahəsində tədqiqatlara görə bir sıra nüfuzlu mükafatların laureatı Ərdəşir Həsənpur qeyri-müəyyən şəraitdə öldürülüb. 2010-cu il yanvarın 12-də nüvə fizikası üzrə mütəxəssis, professor Məsud Əli Məhəmmədi Tehranda bomba partlaması nəticəsində həlak olub. Onun başına 120 min ABŞ dolları kəsilibmiş.

2010-cu il noyabrın 29-da İranın ən məşhur nüvə fiziklərindən biri Məcid Şəhriyari avtomobilinə yerləşdirilən bombanın partlaması nəticəsində həlak olub. İki il sonra yanvarın 11-də Tehranda Natanzdakı uranın zənginləşdirilməsi mərkəzinin əməkdaşı Mostafa Əhmədi Rouşan avtomobilinə əyləşən zaman nəqliyyat vasitəsi partlayıb.

Beləliklə, aydın olur ki, İqor Kirillovun öldürülməsi adi müharibə epizodudur və harada olmasından asılı olmayaraq müharibənin gedişinə təsir göstərən şəxslərin təhlükəsizliyinə təhdid həmişə var.

İlkin Nəcəf

Seçilən
8
43
musavat.com

10Mənbələr