İpoteka və Kredit Zəmanət Fondu (İKZF) "Körpü-Bina Tikinti" şirkəti ilə satınalma müqaviləsi bağlayacaq.
Valyuta.az xəbər verir ki, şirkət Fondun yaşayış sahələrinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 138 800 096 manatdır.
Fond bu məbləğə 40 000 kv.metr yaşayış sahəsi alacaq.
Bu halda yaşayış sahəsinin 1 kv.metri 3 470 manat təşkil edəcək.
Mənzillər Bakının 7 və 8-ci zonalarında salınacaq yaşayış kompeksindən alınacaq.
Paytaxtın 7-ci zonası 20 yanvar Binəqədi, Nəsimi rayonlarının, 8-ci zona isə dənizin sahil xəttindən başlayaraq Xətai rayonunun digər zonalarla əhatə olunmayan ərazilərini əhatə edir.
Ekspertlərə görə, bu ərazilərdə mənzilin 1 kv.metrinin qiyməti 3 470 manatdan əhəmiyyətli dərəcədə aşağıdır.
Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Körpü-Bina-Tikinti” MMC 17 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkət 40 manatlıq nizamnamə kapitalı ilə yaradılıb. 2016-cı ildə isə nizamnamə kapitalı 300 000 manata çatdırlıb. “Körpü-Bina-Tikinti” MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev 1-də yerləşir. Şirkətin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur.
Xaliq Göyüşov iş adamı Xəlil Göyüşovun qardaşıdır. Mediada gedən məlumatlara görə, "Körpü-Bina Tikinti" MMC-nin sahibi də Xəlil Göyüşovdur.
Xəlil Göyüşov ölkənin ən varlı iş adamlarından biri hesab edilir və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) keçmiş sədri, hazırda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olan Cavid Qurbanova yaxın şəxs sayılır.
İş adamı oktyabr ayında Sabunçu rayonunda yerləşən tuneldə baş verən faciə ilə gündəmə gəlib. Söhbət Sabunçu rayonu Asəf Əsədullayev küçəsində yerləşən tuneli su basdığı üçün 2 nəfərin ölümündən gedir. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, tuneli 2019-cu ildə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sifarişi ilə “Körpü Bina Tikinti” MMC tikib.
2019-cu ildə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov olub.
Hüseyn