AZ

Makroiqtisadi inkişaf göstəriciləri: Dövlət sosial xərclərdə hansı dəyişiklikləri edəcək? - ŞƏRH

2024-cü il Azərbaycanda makroiqtisadi göstəricilərin yaxşılaşdığı illərdən biri kimi yadda qalacaq. Bu il ümumi daxili məhsul (ÜDM) istehsalının həcmində, istehsalın artım sürətində, əhalinin real gəlirlərinin artmasında, xarici ticarət dövriyyəsində, cari əməliyyatlar balansında, dövlət büdcəsinin gəlir və xərclərinin balansında, strateji valyuta ehtiyatlarında və s. mühüm göstəricilərdə müsbət dəyişikliklər olub.

 

Sfera.az bildirir ki, cari ildə ÜDM istehsalının 123 milyard manatı, yəni 72,7 milyard dolları keçməsi proqnozlaşdırılır. ÜDM-nin nominal dəyəri ötən illə müqayisədə azalsa da, iqtisadiyyatda yaradılan əlavə dəyərdə real artım yüksələcək.


 

2023-cü ildə real artım 1,1 faiz olduğu halda, bu il (yanvar-noyabrda-red.) 4,1 faiz təşkil edib. ÜDM-nin qeyri neft-qaz bölməsində isə yüksək artım dinamikası davam edib. Bu il qeyri neft-qaz ÜDM-si 6,4 faiz artıb. Qeyri neft-qaz sektorunda real göstəricilər yaxşılaşmaqla bərabər nominal dəyər də yüksəlib. İlin sonunda qeyri neft-qaz ÜDM-nin 82 milyard manatı keçməsi gözlənilir ki, bu da rekord nəticə olacaq.

 

Azərbaycanın iqtisadiyyatında qeyri neft-qaz sektorunun payının artması müşahidə edilir. Bu sektor ümumi iqtisadi inkişafda lokomotiv rolunu oynamaqdadır. Əvvəllər ÜDM istehsalının 50 faizə yaxını qeyri neft-qaz sahələrində təmin edildiyi halda, bu il qeyd edilən göstərici 66 faizi ötəcək.

 

Əsas makroiqtisadi göstəricilərdən biri də əhalinin gəlirləridir.

 

 

Bu il həm nominal, həm də real gəlirlərdə artım baş verib. İlin 11 ayında nominal gəlirlər 6,3 faiz, hər nəfərə düşən gəlirlər isə 5,8 faiz artıb. Cari ildə illik inflyasiyanın 2 faiz olduğunu nəzərə alsaq, bu il əhalinin real gəlirləri 4,3 faiz, adambaşına düşən real gəlirlər isə 3,8 faiz artıb. Gəlirlərin bir hissəsini təşkil edən ortaaylıq nominal əməkhaqqında bu il 7,8 faiz artım qeydə alınıb və 993 manatı ötüb.

 

Cari dövrdə dövlət büdcəsinin gəlirləri də xeyli artıb.

 

 

Büdcə gəlirləri 34 milyard manatı keçib ki, bu da son illərin ən yaxşı nəticələrindən biridir. İlk 11 ayın nəticəsi göstərir ki, dövlət büdcəsində 3,02 milyard manat profisit də baş verib ki, bu da olduqca yaxşı nəticədir. Son illərdə Azərbaycanın dövlət büdcəsində daim kəsir qeydə alınır. Bu il kəsirin olmaması ehtimalı var.

 

Digər mühüm göstəricilərdən biri də əhalinin banklardakı əmanətləridir. Əhalinin əmanətlərinin həcmi ilk dəfə olaraq 14,26 milyard manatı ötüb. Bir il ərzində əmanətlərin məbləğində 13,5 faiz artım qeydə alınıb. Əmanətlərlə bağlı önəmli dəyişikliklərdən biri, əhalinin banklara etibar etdiyi vəsaitin böyük hissəsini milli valyutada yerləşdirməsidir. Son məlumata əsasən, banklarda olan əmanətlərin 66,5 faizi manatla qoyulub.

 

Müqayisəyə əsasən, son bir ildə manatla qoyulan əmanətlərin həcmi 16,5 faiz artıb, xarici valyutada qoyulan əmanətlərin məbləği isə 8,2 faiz azalıb.

 

Kredit qoyuluşu da sürətlə artır.

 

 

2024-cü ildə kredit qoyuluşunun həcmi 29 milyard manata yüksəlib. Onun 24,15 milyard manatı uzunmüddətli kreditlərdir ki, bu da yaxşı göstəricidir. Kreditlərlə bağlı digər vacib dəyişiklik isə vaxtı keçən kreditlərin nisbətinin azalmasıdır. Son məlumata əsasən, vaxtı keçmiş kreditlərin payı 1,7 faizə enib.

 

Qeyd edilənlərin fonunda ən mühüm iqtisadi göstərici təbii ki, Azərbaycanın cari əməliyyatlar balansıdır.

 

Cari əməliyyatlar balansında profisit 2024-cü ildə də təmin olunub. Yanvar-sentyabr aylarına aid olan məlumata əsasən, 9 ayda profisit 3,95 milyard dollar olub ki, bu da iqtisadi sabitliyin təmin edilməsinə mühüm töhfə verib. Cari əməliyyatlar balansında böyük profisitin yaranması xarici ticarətdəki müsbət dinamika ilə bağlı olub. Bu il xarici ticarətdə müsbət saldo 7 milyard dolları ötməklə digər sahələrdə yaranan kəsiri artıqlaması ilə kompensasiya edib.

 

Bu il xidmətlər balansında 1,56 milyard dollar, ilkin gəlirlər balansında 2 milyard dollar kəsir yaranıb, eləcə də təkrar gəlirlər balansında müsbət fərq xeyli kiçilib. Bütün bunlara baxmayaraq, xarici ticarətdəki müsbət saldo cari əməliyyatların profisitli olmasını təmin edib.

 

Bu il əsas makroiqtisadi göstəricilərdən yalnız əsas kapitala sərmayə qoyuluşunda azalma müşahidə olunub. Əsas kapitala qoyulan sərmayə 3,8 faiz, o cümlədən qeyri neft-qaz sahələrində 1,1 faiz azalıb.

 

2024-cü ilin müsbət makroiqtisadi dəyişikliklərdən biri də inflyasiya ilə bağlı olub. Cari ildə inflyasiya 2 faizdir ki, bu da son illərin ən aşağı göstəricisidir.

 

 

Nəhayət, bu il Azərbaycanın strateji valyuta ehtiyatlarında artım davam edib. İlin əvvəlində 67,68 milyard dollar strateji ehtiyatlara sahib olan Azərbaycan dövlətinin hazırda rezervləri 70 milyard dolları ötüb.

 

Sadalanan əsas makroiqtisadi göstəricilərin yaxşılaşması dövlətin sosial xərclərdə dəyişiklik etməsinə imkan yaradacaq.

 

2024-cü ilin nəticələri növbəti ildə pensiyaların, təqaüd və müavinətlərin, eyni zamanda, əməkhaqlarının artırılmasına səbəb olacaq. Gələn il inflyasiya riskləri nəzərə alınaraq, vacib sosial xərclərdə artımların olacağı gözlənilir.

 

Vasif

Sfera.az

Seçilən
17
sfera.az

1Mənbələr