AZ

Ucuz pomidor üçün yayı gözləməliyik

2024-cü ilin 11 ayı ərzində (yanvar-noyabr) Azərbaycandan 155 milyon 362 min dollar dəyərində 129 min 790 ton pomidor ixrac olunub. 

Bu, Dövlət Gömrük Komitəsinin aylıq hesabatında öz əksini tapıb. 

2023-cü ilin 11 ayı ərzində Azərbaycandan 140 milyon 469 min dollar dəyərində 124 min 302 ton pomidor ixrac olunub. Beləliklə, pomidor ixracı 2024-cü ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 14 milyon 893 min dollar və ya 10,6%, miqdar ifadəsilə 5 min 488 ton və ya 4,4% artıb. Daxili bazarda pomidorun qiymətinin nisbətən yüksək olmasına səbəb pomidor ixracının artmasıdır?

Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cebheinfo.az”-a açıqlamasında deyib ki, qış mövsümündə daxili bazarda pomidora tələbat azalır: 

“Ölkəmizdə istehsal olunan yerli meyvə və tərəvəzlər, xüsusən də istixana şəraitində yetişdirilən məhsullar ixrac olunur. O məhsullar daha çox şimal qonşumuz olan Rusiyaya göndərilir. Həm logistik baxımından az xərc tələb edir, həm də qiymət baxımından sahibkarlar üçün əlverişlidir. Məhz bu səbəbdən də daxili bazarda pomidor çatışmazlığı olduğuna görə qış aylarında qiymət baha olur”. 

Ekspertin fikrincə, pomidorun ucuzlaşmasını görmək üçün onların kütləvi yetişdirildiyi dövrü gözləmək daha doğru olar: 

“Yaz aylarından başlayaraq istixana şəraitindən kənarda istehsal başlayacaq. Tərəvəzlər bazara daha çox daxil olacağından, qiymətlər də daha ucuz olacaq. Lakin keçən il quraqlıq və qeyri -stabil hava olduğu üçün meyvə və tərəvəzlərin qiyməti nisbətən yüksək oldu”. 

Seçilən
9
cebheinfo.az

1Mənbələr