AZ

Azərbaycanda bütün şagirdlər psixometrik testlərdən KEÇİRİLƏ BİLƏR

Hər il 9-cu sinifdən kifayət qədər şagird təhsilini sona qədər davam etdirmək istəmir və təhsilini bitirmədən əmək bazarına atılır. Biz bu şagirdlərin sayını azaltmaq üçün çalışırıq.

Modern.az xəbər verir ki, bu sözləri Karyera İnkişaf Forumunda Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə deyib.

M.Abbaszadə ixtisas seçimi zamanı DİM-in şagirdlərə göstərdiyi dəstəkdən danışıb:

“Mərkəzin saytında xüsusi testlər hazırlanıb və bu testlərin nəticələrinə uyğun olaraq proqram şagirdə öz əmək sahəsini müəyyənləşdirməyə kömək edir. Testlər mütəxəssislər tərəfindən elmi əsaslara uyğun hazırlanıb. Ancaq təəssüf ki, yeniyetmələr və onların valideynləri ixtisas seçimi zamanı əmək bazarında olan tələbatı, gələcəkyönümlü peşələri nəzərə almırlar. Əsas seçim ətrafdakı insanların düşüncələrinə uyğun müəyyənləşir”.

Sədr qeyd edib ki, psixometrik testlər 14-15 yaşlı uşaqlar üçün individual qaydada keçirilir: "Amma bu gün DİM-də məktəb direktorları ilə görüş var. Biz təklif edəcəyik ki, direktorlar müraciət etsin, biz bütün şagirdlərin bu testlərdən keçirilməsini təmin edək”.

Məleykə Abbaszadə qeyd edib ki, bu, tam elmi əsasları olan alətdir, bu testlər yerli mütəxəssislər tərəfindən hazırlanıb: “Geniş auditoriyada tətbiqi və internet üzərindən keçirilməsi üçün də işlər aparırıq”. O deyib ki, bu testlər gənclərin kor-koranə ixtisas seçimi etməsinin qarşısını alacaq.

DİM-in sədri qeyd edib ki, ali məktəblərdə dövlət qulluğu sahəsində karyeranı qurmaq üçün gənclərlə görüşlər təşkil olunur: “Bu yaxınlarda keçirdiyimiz layihə çərçivəsində 22 yaşa qədər olan 2 mindən çox gəncə individual məsləhət verilib. Eyni zamanda, gənclər dövlət qulluğunun bələdçisi proqramından yararlana bilərlər. Bu proqram vasitəsilə hansı dövlət qulluğuna uyğun olduğun müəyyən edilir”.

Seçilən
3
5
modern.az

7Mənbələr