AZ

Orxan Məmmədov: KOB İnkişaf mərkəzlərindən daha çox gənclər istifadə edirlər

Bakı, 19 dekabr, AZƏRTAC

Sahibkar olmağı arzulayan gənclər ilk növbədə çalışmaq istədiyi sektoru müəyyən etməli, ondan sonra dəstək gözləməlidirlər. Problemlərin həlli, risklərin idarə edilməsi, kommunikasiya səriştəsi olmalıdır. Bu sahədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) bir çox dəstək aləti var. Bununla həm gənclərimizə, həm də sahibkarlıqla məşğul olmaq istəyənlərə dəstək göstərməyə hazırıq.

AZƏRTAC xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan Karyera İnkişaf Forumunun panel sessiyasında çıxışı zamanı deyib.

O.Məmmədov qeyd edib ki, KOB İnkişaf mərkəzləri vasitəsilə bilik və bacarıqların artırılması istiqamətində xidmətlər aparılır, müxtəlif sahələrdə master-klaslar, treninqlər keçirilir: “Həmin mərkəzlərdən daha çox gənclər istifadə edirlər. Müəyyən sektor seçilir və ona maraq göstərən gənclər müəyyənləşdirilir. Həmin gənclərə bu istiqamətdə müxtəlif növ xidmətlər göstərilir. Həmin xidmətlər tam ödənişsizdir. Dövlət bizim agentlik vasitəsilə həmin xidmətləri təmin edir. Həm gənclər, həm də digər yaş kateqoriyasından olanlar mərkəzlərin xidmətlərindən yararlana bilərlər”.

Onun sözlərinə görə, gənclərlə yanaşı, qadın sahibkarlığın inkişafı da olduqca vacib sahədir. Həmçinin əlilliyi olan şəxslər sahibkarlıqla məşğul olmaq istəyirlərsə, onlar üçün də müəyyən xidmətlər var.

“Sahibkar olmaq düşüncəsində olanlar üçün də xidmətlər göstəririk. Onlar sahibkarlıq bacarıqlarına yiyələnəndə nəinki KOBİA, hətta başqa dövlət qurumlarının xidmətlərindən də istifadə edə bilirlər. Bu sahəyə addım atmaq istəyən gəncə tövsiyəmiz odur ki, heç nədən çəkinməsin, riskləri görə bilsin, şanslardan istifadə etsin. Biz görürük ki, xüsusilə də regionlarda sahibkar olmaq istəyənlər dövlətin bu sahədə göstərdiyi xidmətlərdən xəbərsizdirlər. Bizim əsas xidmətlərimizdən biri olan, xüsusilə regionlarda KOB Dostu şəbəkələrinin məqsədi də insanlara bu xidmətləri çatdırmaq, onların bilik və bacarıqlarını artırmaq və xidmətlərdən düzgün istifadə qaydalarını aşılamaqdır. Ona görə də müəyyən dövlət qurumları ilə bu sahədə bir çox işlər görürük", - deyə o əlavə edib.

Seçilən
4
azertag.az

1Mənbələr