AZ

MSK bələdiyyə seçkilərində namizədlərin qeydiyyatı prosesinə dair seminar keçirib

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramı çərçivəsində müxtəlif statuslu seçki subyektləri üçün fərqli istiqamətlər üzrə layihələr davam etdirilir.

AZƏRTAC xəbər verir ki, genişmiqyaslı proqrama əsasən dekabrın 19-da bələdiyyə seçkilərində namizədlərin qeydiyyatı prosesinə dair seminar təşkil olunub. Qeyd etmək lazımdır ki, namizədliyin qeydə alınması üçün təqdim olunan imza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə dairə seçki komissiyaları nəzdindəki işçi qruplarını əhatə edən bu layihə ənənəvi şəkildə gerçəkləşdirilməklə, onların fəaliyyətinin daha da təkmilləşdirilməsinə mühüm töhfələr verib və sonuncu belə tədbir qısa müddət əvvəl ölkəmizdə Milli Məclisə seçkilər zamanı reallaşdırılıb. Bütün sadalananlar nəzərə alınaraq, budəfəki seminar bələdiyyə seçkilərində namizədlərin irəli sürülməsi və qeydə alınması prosesinin dinamik və intensiv davam etdiyi bir mərhələdə müxtəlif aidiyyəti məsələlərin və təcrübədə ortaya çıxan halların tam praktiki müzakirəsinə həsr olunub.

Seminar Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımovun açılış nitqi ilə başlayıb. O, çıxışında bir sıra məqamlarla yanaşı, Komissiya tərəfindən ardıcıl, sistemli şəkildə həyata keçirilən maarifləndirmə layihələrindən danışıb, bu layihələrin seçkilərin yüksək səviyyədə hazırlanıb, azad, ədalətli və şəffaf keçirilməsindəki əhəmiyyətini xüsusi vurğulayıb. R.Qasımov, həmçinin bələdiyyə seçkilərində vətəndaşların birbaşa Konstitusiya ilə təsbit edilmiş passiv seçki hüquqlarının daha səmərəli təmin olunmasında dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən işçi qruplarının üzərinə böyük məsuliyyət düşdüyünü xatırladı, onların öz vəzifə və səlahiyyətlərini yerinə yetirərkən qanunvericiliyin tələblərinə dəqiqliklə əməl etmələrinin zəruriliyini diqqətə çatdırıb.

Tədbirin açılışından sonra gündəliyə uyğun olaraq, Komissiya üzvlərinin bələdiyyə seçkilərində passiv seçki hüququnun mənsubiyyəti və onun realizə imkanları, namizədlərin qeydə alınması prosesinin qanunvericilik əsasları və qaydaları, eləcə də işçi qrupunun fəaliyyətinin praktiki aspektləri, əldə olunmuş təcrübə barədə təqdimatları dinlənilib. Əyani vəsaitlərdən də istifadə edilməklə keçirilən təqdimatlarla iştirakçılar mövzularla bağlı ətraflı məlumatlandırılıb.

Seminarın praktiki hissəsi bələdiyyə seçkilərində namizədliyin irəli sürülməsi və qeydə alınmasına dair müxtəlif məsələlər ətrafında geniş müzakirə, sual-cavab sessiyası ilə öz işini davam etdirib.

Media subyektlərinin nümayəndələri tərəfindən geniş işıqlandırılan seminarda namizədliyin qeydə alınması üçün təqdim edilən imza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə bələdiyyə seçkiləri keçirilən 118 seçki dairəsi üzrə dairə seçki komissiyalarının hər birinin nəzdində fəaliyyət göstərən işçi qrupunun rəhbəri iştirak edib.

Seçilən
3
6
yeniazerbaycan.com

7Mənbələr