Elektrik təsərrüfatına müdaxilə etmək yanğına səbəb ola bilər — Ekspert
“Bütün təyinatlı obyektlərdə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməlidir. Obyekt yanğın təhlükəsizliyinə dair təchizatla təmin olunmalıdır. Qanunvericilikdə də bu, təsdiq olunub. Yanğın təhlükəsizliyi haqqında qanunda göstərilir ki, bütün təyinatlı obyektlər – restoranlar, şadlıq sarayları, anbarlar, idarələr, müəssisələr, fabriklər, zavodlar, hər birində yanğın təhlükəsizliyi haqqında təlimatlara ciddi əməl edilməlidir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib. O qeyd edib ki, obyektin spesifikasına uyğun olaraq orada xəbərdaredici siqnalizasiya vasitələri, yanğın dolabları, yanğın hidratları, ehtiyat su çəni, ilkin od söndürmə vasitələri olmalıdır:
“Bunlar daim saz vəziyyətdə olmalıdır. Yanğınlar daha çox yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəbilə baş verir. Yanma qabiliyyəti yüksək olan mal və materialın düzgün saxlanılmaması, normativlərə riayət edilməməsi, yanğın təhlükəsizliyi rejiminin pozulması yanğın riskini qaçılmaz edir”.
Ekspert bildirib ki, bütün təyinatlı obyektlərdə elektrik təsərrüfatı daim işlək vəziyyətdə olmalıdır:
“Elektrik təsərrüfatına kənar müdaxilələr etmək və ya normadan artıq yükləmək olmaz. Bu, qısaqapanma, yanğına gətirib çıxara bilər. Bunlar kompleks tədbirlər planıdır yanğınların baş verməsinin qarşısını almaq üçün. Yanğınların bir neçə növü var. Maye maddələrin alışmasından baş verən yanğınlar, bərk maddələrin alışaraq səbəb olduğu yanğınlar. Bundan başqa qaz halında olan maddələr də yanğın törədə bilər, çünki partlamağa səbəb olur. Elektrik sızması nəticəsində də yanğınlar baş verir”.
Qeyd edək ki, bu gün səhər saatlarında "Neolit" restoranında yanğın baş verib. FHN tərəfindən yanğının ətrafa yayılmasının qarşısı alınıb.
Törə Zeynallı
Demokrat.az