AZ

Beynəlxalq hüququn iflası, silahlanma arzusu və həyatda qalma YARIŞI – Səxavət Məmməd yazır

Tramp prezident səlahiyyətlərini icra etdikdən sonra proseslərin kökündən dəyişəcəyi iddia olunur. Hər halda, dünyada baş verən proseslərin mürəkkəbliyinə baxdıqda, bir nəfərin bütün prosesləri dəyişdirəcəyi inandırıcı deyil.

ABŞ böyük dövlət, böyük güc ola bilər, ancaq eyni anda bir neçə istiqamətdə prosesləri idarə etməsi imkansızdır. Tramp sülh gətirəcəyini, münaqişə ocaqlarını söndürəcəyini bildirsə də, bunun asan başa gələcəyi mümkün deyil. Əslində, bir çox münaqişələrin əsası məhz Trampın birinci prezidentliyi dönəmində qoyulub. Beynəlxalq hüquq bəlkə də ən çox Tramp dönəmində pozulub. Ona görə də Trampın “sülh göyərçini” olması düşüncəsi inandırıcı deyil. Seçki dönəmində verilən vədlərin heçə sayılması ilk və son olmayacaq. Bəzi münaqişələrdə səngimələr ola bilər, ancaq səngimələr müvəqqəti xarakter daşıyacaq. Hesab edək ki, Ukrayna müharibəsini Tramp durdurdu. Ukrayna ərazi itkisi ilə barışacaq? Qətiyyən! Rusiya ağır itkilər hesabına əldə etdiyi ərazilərdən danışıqlar yolu ilə çəkiləcək? Əsla! Bu cür dondurulmaların sonunu Ermənistan Azərbaycan münaqişəsi fonunda gördük.

Dünya böhran həddindədir. Böhranın hər keçən gün daha da dərinləşdiyini görə bilirik. Ən böyük dövlətlərdən, ən kiçik dövlətlərə qədər bütün ölkələr müdafiə büdcəsini artırır. Götürək, Azərbaycan və Ermənistanı. Hər iki ölkə müdafiə büdcəsini artırdı. Azərbaycan Prezidenti rekord həddə müdafiə büdcəsinin 2025-ci il üçün 5 milyard manat olduğunu bəyan etdi. Ermənistanın başlatdığı silahlanma yarışı Azərbaycanı məcbur edir ki, müdafiə xərclərini artırsın. Çünki qarşı tərəfə verilən silahlara adekvat silahlar alınmalıdır. Bu cür silahlanma isə digər məsələləri arxa plana atır.

Artıq hər bir ölkə güc dili ilə danışır. BMT nizamnamələri heç kimə lazım deyil. Bəhanələr nizamnamələrdən daha öndə durur. ABŞ Əfqanıstana qisas, İraqa kimyəvi silah üçün girdi. Sonda hər ikisinin də bəhanə olduğu ortaya çıxdı. BMT baş katibi Ukraynada səfərdə olanda Rusiya məhz həmin binanın yaxınlığını raketlə vurdu, İsrail HƏMAS toqquşması zamanı isə İsrail BMT nümayəndələrini ölkəsindən qovdu. BMT-nin Ermənistanın Azərbaycan ərazisini işğalı ilə bağlı 4 qətnaməsini Azərbaycan güc yolu ilə həll etdi. Fələstinin müstəqilliyi ilə bağlı BMT qətnamələrinin sayı-hesabı yoxdur. Ortada Fələstin deyə bir şey qalmayıb. Faktiki olaraq güc hər şeyi həll edir. Prezident İlham Əliyevin “RİA Novosti”yə müsahibəsində diqqətimi çəkən yerlərdən biri bu idi: “İkinci Dünya müharibəsi nəticəsində yaranmış reallıqlar, müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir, hətta qlobal aktorlar bunu gizlətmirlər. Siyasi istəklərdə yenidən güc amili ön plana çıxır. Bunu daha tez dərk edən ölkələr bu gün özlərini daha təhlükəsiz hiss edə bilərlər. Halbuki, müasir dünyada heç bir ölkə özünü tam təhlükəsiz hiss edə bilməz”.

Artıq ölkə rəhbərləri dünyada baş verən prosesləri açıq şəkildə dilə gətirir. Diplomatik dil də oyun qaydaları kimi arxa plana keçib. Təkcə Rusiya və İranın qonşuluğunda olmağımız kifayət edir ki, təhlükədə hiss edək. Heç İran və Rusiyanın özündən təhlükə gəlməsə belə, onlara qarşı aparılacaq savaş regionu iflic etməyə yetəcək. Təsadüfi deyil ki, Zəngəzur dəhlizinin güc yolu ilə açılma ehtimalı hazırda daha çox xarici media qurumlarında, ekspertlər arasında müzakirə olunur. Bəzən yazanda ki, Zəngəzur dəhlizinin güc yolu ilə açılması realdır, buna müxtəlif reaksiyalar verilir. Ən qəribə reaksiyalardan biri də “Azərbaycan ordusu işğalçı ordu deyil” reaksiyasıdır. İşğal sözü də İkinci Dünya müharibəsinin nəticəsində yaranmış reallıq idi. Artıq o da sıradan çıxıb. İsrailin Suriya ərazisinə daxil olmasına yalnız Azərbaycan kimi işğala məruz qalmış ölkələrin vətəndaşları işğal kimi baxır. Artıq dünyada bufer zona, sərhədin təhlükəsizliyi sözləri daha çox işlədilir. Yeri gəlmişkən, yazılarımda Azərbaycanın bufer zona yaratmalı olduğunu, sərhədin təhlükəsizliyni təmin etmək üçün addımlar atmalı olduğunu dəfələrlə qeyd etmişəm. Dünya dəyişirsə, sən də ayaq uydurmalısan, hətta prosesləri qabaqlamalısan. Bir anlıq gecikmə nəinki məğlubiyyət, hətta yox olmaya gətirib çıxara bilər. Rusiyanın, ABŞ-nin, İranın, ümumilikdə, böyük ölkələrin bir neçə dəfə də səhv etmək lüksü var. Buna həm insan resursu, həm də ərazisinin genişliyi imkan verir. Ancaq Azərbaycan kimi ölkələrin belə lüksü yoxdur, ola da bilməz. Zaman yetişər yetişməz addımlar atılmalıdır. Hətta buna da məcburuq.

Əvvəllər kollektiv Qərbin əlində demokratiya adlı bir çubuğu vardı. Girəcəyi hər yerə demokratiya gətirəcəyini bəyan edirdi. Ölkələrə girildi, hakimiyyətlər dəyişdirildi, ancaq nə ölkələrə demokratiya gəldi, nə də əhali gün üzü gördü. Demokratiya adı altında girilən ölkələrin əhaliləri daha çox zülm gördü, daha çox haqsızlıqla üzləşdi, daha çox ədalətsizliklə qarşılaşdı. Cəmiyyətlərə ədalət gətirmək lazımdır. ABŞ-nin acığına kimisə tutmaq, Rusiyaya xoş getsin deyə kiminsə başını sığallamaq olmaz. Artıq Qərb də demokratiya ilə harasa getdiyini dilə gətirmir. Açıq-aşkar maraqlarını təmin etmək üçün addımlar atdığını bəyan edir.

Bir neçə kəlmə də Türkiyənin hərbi bazası ilə bağlı deyim. Müharibədən öncə də Türkiyənin Azərbaycanda hərbi bazasının qurulması yönündə fikirlər səslənərkən yazırdım ki, Azərbaycanda heç bir ölkənin hərbi bazasına gərək yoxdur. Əvvəla, Azərbaycanın hərbi doktrinası buna imkan vermir. İkincisi isə Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq ən üst səviyyədədir, bunun üzərinə Şuşa Bəyannaməsi və əlavə olaraq iki ölkə arasında imzalanan müqavilələr hərbi bazanın qurulmasına gərək olmadığını deyir. Suriyada baş verən proseslər onu göstərdi ki, hərbi bazalar heç nəyi həll etmir. Ermənistanda Rusiyanın hərbi bazası var, ancaq erməni tərəfi Müdafiə Nazirliyində Fransa və ABŞ nümayəndələrini oturdub. Yəni özün güclü olmaq məcburiyyətindəsən.

Əsgərlikdə olanda komandirimin bir sözü vardı. Deyirdi ki, “komandiri komandir edən güclü əsgəridir. Dövləti də dövlət edən güclü vətəndaşıdır”. Bu müharibələrdən vətəndaşları güclü olan dövlətlər qalib çıxacaq…

Səxavət Məmməd

Seçilən
9
yenicag.az

1Mənbələr