AZ

Ölən blogerin əməliyyat olunduğu klinikanın baş həkimindən AÇIQLAMA

Xəbər verildiyi kimi Bakıda bloger kimi tanınan 23 yaşlı Nərmin İsgəndərova dünyasını dəyişib.

İddialara görə gənc qız plastik əməliyyatın qurbanı olub. Bloger xanımın "Mərcan" klinikasında doktor Nurlan Həsənliyə qarın gərmə və bədən şəkilləndirmə əməliyyatı etdirdiyi iddia olunur.

Qızın anası Şahnaz Mehdiyevanın yerli mediaya verdiyi açıqlamaya görə, qızı əməliyyata görə 5000 manat ödəniş edib. Əməliyyatdan bir müddət sonra xəstənin yarasından çirkli su axmağa başlayıb. Xəstə bu barədə həkimə məlumat versə də, təəssüf ki, həkim xəstəsinə laqeyd yanaşıb.

Məsələ ilə bağlı “Mərcan “ klinikası ilə əlaqə yaratdıq. Klinikanın baş həkimi Araz Ağayev Bizim.Media-ya açıqlamasında Nərmin İsgəndərovanın qarın gərmə və bədən şəkilləndirmə əməliyyatının “Mərcan” klinikasında icra olunduğunu təsdiqləyib. Amma baş həkim əməliyyatın Nurlan Həsənli deyil, Oruc Məmmədov tərəfindən icra edildiyini bildirib:

“Nərmin İsgəndərova 20.11.2024-cü ildə “Mərcan” klinikasında əməliyyat olunub.

Əməliyyatı plastik cərrah Oruc Məmmədov həyata keçirib. Nurlan Həsənli Rusiyada təhsil alıb, həkimdir, amma Azərbaycanda Səhiyyə Nazirliyi tərəfindən sənədləri təsdiq olunmadığından klinikamızda həkim assistenti kimi fəaliyyət göstərir. Sözügedən iddiaların əsası yoxdur. Əməliyyat səhv icra olunsaydı xanım bir və ya maksimum üç gün sonra rəhmətə gedərdi. 1 ay sonra vəfat edib. Xanımın əməliyyatdan öncə və sonra fotoları var. Müayinələrə gəlib, yaralarına baxış keçirilib. Düzdür xəstəni təkrar baxışa çağırsalar da, gəlməyib. Ümumiyyətlə biz əməliyyatdan çıxmış xəstələri 10 və 20 günlüyündə, eləcə də 1 və ya 3 ayında təkrar müayinələrə çağırırıq. Sadəcə bəziləri səhlənkarlıqlarından və işlərinin çoxluğundan təkrar müayinələrə gəlmirlər”.

Araz Ağayev onu da əlavə edib ki, hadisə ilə bağlı bütün məlumatları, hətta əməliyyatı icra edən Oruc Məmmədovun bütün sənədləri istintaqa təqdim edilib.

Qeyd edək ki, əməliyyatı icra etdiyi iddia olunan Nurlan Həsənli də mediaya açıqlama verib. O, “ölənin arxasınca danışmazlar, amma mən sübutları göstərə bilərəm", - deyə əmıliyyatın özü tərəfindən icra olunduğunu inkar etməyib.

Məlumat üçün onu da bildirək ki, Səhiyyə Nazirliyi onun həkim fəaliyyəti ilə hələki məşğul olmasına icazə verməsə də Nurlan Həsənli “İnstagram” səhifəsində özünü estetik və plastik cərrah kimi təqdim edərək cərrahi əməliyyatlar həyata keçirir.

Alçina Amilqızı, Bizim.Media

Seçilən
6
bizim.media

1Mənbələr