AZ

Azərbaycan Ermənistan üzərində hərbi üstünlüyünü davamlı olaraq artırır

İkinci Qarabağ müharibəsindən sonra regionda formalaşmış yeni geosiyasi reallığı müxtəlif vasitələrlə dəyişməyə çalışan, bu məqsədlə müntəzəm olaraq hərbi-siyasi təxribatlara əl atan Ermənistan hər dəfə daha ciddi zərbə alıb, uğursuzluğa düçar olub. Ötən ilin sentyabr ayında Azərbaycanın keçirdiyi və cəmi 23 saat davam edən lokal antiterror tədbirləri ilə bu ölkənin ərazilərimizdə ikinci erməni dövləti yaratmaq xülyalarına son qoyulub, qanunsuz xunta rejimi süquta uğradılıb, separatçılığın kökü kəsilib.

Regionda sülhün bərqərar olmasında guya maraqlı olduğunu iddia edən Ermənistan bunun əksi olaraq, sülh və təhlükəsizliyi təhdid edən təxribatçı addımlarından əl çəkmir. Əhalisi səfalət içində yaşayan Ermənistanın 2025-ci il üçün hərbi büdcəsini daha 20 faiz artıraraq 1,7 milyard dollara çatdırması deyilənlərin əyani təsdiqidir. Rəsmi İrəvanın 2023-cü idən etibarən hərbi xərcləri 77 faiz artırması, kütləvi silahlanma siyasəti yürütməsi rəsmi Bakını adekvat tərbirlər görməyə sövq edir.

Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində bununla bağlı deyib: “Əlbəttə ki, Fransa bu məsələdə liderlik edir. İkinci yerdə Hindistan, üçüncü yerdə isə ABŞ-dır. Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər, – hətta bir növ, yəqin ki, bizim acığımıza nümayişkaranə cəsarət göstərirlər, – ABŞ isə bunu etiraf etmir. Halbuki, biz Ermənistanın hava limanlarına enən və oraya silah daşıyan hərbi nəqliyyat təyyarələrini izləmişik…Təbii ki, biz adekvat tədbirlər görməyə məcbur idik. 2025-ci ildə növbəti hərbi büdcəmiz rekord büdcə olacaq. Bu, təxminən beş milyard dollardır. Bu məbləğin ən azı 60 faizini xərcləməyə məcburuq, belə təhdidlər olmasaydı, xərcləməzdik”.

Rəsmi Bakı son illərdə Ermənistanın aqressiv ritorikasının və militarizasiya siyasətinin regional sülhə, təhlükəsizliyə, habelə iki ölkə arasında etimad quruculuğuna ciddi təhdid olduğunu dəfələrlə bəyan etsə də, bu ölkə havadarları vasitəsilə silahlanmanı davam etdirir. Ermənistanın silah aldığı ölkələrin sırası ilbəil genişlənir, təcavüzkar ölkə Fransa, Hindistan, İran, Yunanıstan, ABŞ və Rusiyadan müxtəlif növ silah-sursat tədarük edir. Hazırda Yunanıstandan S-300 hava hücumundan müdafiə komplekslərinin silahlanmaya daxil edilməsi məsələsi müzakirə olunur.

Ermənistanın müdafiə naziri Suren Papikyanın bu günlərdə Fransaya səfəri çərçivəsində hərbi-texniki əməkdaşlığa dair aparılan müzakirələr və əldə olunan razılaşmalar da rəsmi İrəvanın sülh çağırışlarının qeyri-səmimiliyini, lokal antiterror tədbirlərindən sonra yaranmış yeni siyasi reallığı həzm edə bilmədiyini göstərir. Fransa hazırda Ermənistanı ən çox silahlandıran, silah-sursat yardımı edən əsas ölkədir və bu da rəsmi Parisin regionda sabitliyin bərqərar olmasında maraqlı olmadığını bir daha təsdiq edir. Başda Fransa olmaqla, Qərbin bəzi dövlətləri Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasını öz geosiyasi maraqlarına qarşı təhlükə hesab edir, süni gərginlik yaratmaqla Ermənistanı özlərindən tam asılı vəziyyətdə saxlamağa çalışırlar.

Belə görünür ki, Nikol Paşinyan hakimiyyəti rüsvayçı məğlubiyyətə uğramış və darmadağın edilmiş Ermənistan ordusunu yenidən formalaşdırmaq və hərbi büdcəsini artırmaqla regiondakı qüvvələr nisbətində müəyyən tarazlıq yarada biləcəyinə sadəlövh ümidlər edir. Bundan məqsəd həm də guya gələcəkdə nəyinsə “dəyişə biləcəyi” barədə erməni ictimaiyyətində və bu ölkənin xaricdəki havadarlarında əsassız gözləntilər formalaşdırmağa çalışır.

Kütləvi silahlanmada məqsəd, eyni zamanda,  Ermənistanın son illərdəki hərbi məğlubiyyətlərinə “bəraət” qazandırmaq, hakimiyyətdə olmuş əvvəlki siyasi qüvvələri ittiham hədəfinə çevirməkdir. Məsələ burasındadır ki, Ermənistanda hakimiyyətdə olmuş qüvvələr 30 ilə yaxın müddətdə bütün iqtisadi, siyasi və təbii resurslarını Azərbaycan ərazilərinin ilhaqına yönəltsələr də, qazandığımız tarixi zəfərlər təcavüzkar onların can atdığı işğalçılıq hədəflərini puça çıxarıb. R.Köçəryan və S.Sarkisyan hakimiyyətlərinin 25 ilə yaxın müddətdə yaratdıqları, barəsində saxta “yenilməzlik” mifi formalaşdırdıqları ordu cəmi 44 gün ərzində məhv edilib.

Hazırkı baş nazir Nikol Paşinyan çıxışlarında hərbi məğlubiyyətin səbəblərini həm də əvvəlki hakimiyyətlərin uğursuz ordu quruculuğu siyasəti ilə əlaqələndirməyə,  məsuliyyəti bölüşməyə çalışır. Eyni zamanda, orduya daha çox diqqət ayırmaqla, Ermənistanın guya hərbi təhdidlərə məruz qalan, müdafiəyə ehtiyac duyan ölkə obrazını formalaşdırmağa çalışır.

Kütləvi silahlanmağa rəğmən, Ermənistanın Azərbaycanla hərbi müstəvidə rəqabət aparmaq və regiondakı geosiyasi vəziyyəti hansısa formada dəyişmək imkanları sıfra bərabərdir. Bunu bir sıra beynəlxalq təşkilatların hesabatlarından da aydın görmək mümkündür. Dünya ölkələrinin hərbi gücünü araşdıran “Global Firepower” beynəlxalq təşkilatının 2024-cü il üzrə hesabatına əsasən, Azərbaycan dünyanın ən güclü ordusu reytinqində 59-cu, Ermənistan isə 102-ci yerdə qərarlaşıb.

Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində xüsusi vurğuladığı kimi, bəzi Qərb ölkələrinin pulsuz silah-sursat vermələrinə baxmayaraq, Ermənistanın ölkəmizlə hərbi müstəvidə rəqabət aparması mümkün deyil. Əvvəla ona görə ki, hərbi gücü təmin edən amillər sırasında iqtisadi və demoqrafik üstünlük də vacib rol oynayır. Azərbaycanın 2025-ci il üçün müdafiə və təhlükəsizlik xərcləri 5 milyard dollar təşkil edəcək və bu da Ermənistanla müqayisədə 3 dəfə çoxdur. Bu bir daha göstərir ki, Azərbaycan əldə etdiyi zəfərlərlə arxayınlaşmır, hərbi gücünü artırır, ən müasir silahları və hərbi texnikanı Ordumuzun arsenalına daxil edir.

Ümumiyyətlə, Prezident İlham Əliyevin son müsahibəsi zamanı verdiyi ismarıclar deməyə əsas verir ki, “Qarabağ münaqişəsi” mövzusunu birdəfəlik qapadan Azərbaycan Ermənistan üzərində diplomatik-siyasi və hərbi üstünlüyünü bundan sonra da gücləndirməkdə davam edəcək. Danışıqların milli maraqlarımız çərçivəsində yekunlaşması, revanşizm meyillərinin tam şəkildə aradan qaldırılması üçün hərbi təzyiq üsullarından istifadə aktuallığını qoruyur.

MTM Analitik Qrup

Seçilən
25
1
heftelik.az

2Mənbələr