AZ

60 nəfərin zəhərlənməsinin ŞOK səbəbi açıqlandı – ÖZƏL

Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması tüstülünməyə səbəb olub.
Tüstülənmə nəticəsində 60 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onların səhhəti diqqət mərkəzində saxlanılır.

Kənd məktəblərinin əksəriyyətinin vəziyyəti acınacaqlıdır, hər an təhlükə baş verə bilər. Şəhər məktəbləri tez-tez təmir olunduğu halda, kənd məktəbləri sanki unudulub. 19 əsrdən qalma soba ilə isidilən sinif otağının acınacaqlı vəziyyəti barədə təhsil eksperti fikirlərini bölüşüb.

Tribunainfo.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycanın Tovuz rayonunda yerləşən Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən tüstülənmə hadisəsi, təhsil sahəsindəki təhlükəsizlik və infrastruktura dair problemlərin dərinliyini bir daha göstərir.

Ekspertin sözlərinə görə, məktəbdə pelet sobasının tıxanması nəticəsində 55-dən çox şagirdin sağlamlığının təhlükəyə məruz qalması, kənd məktəblərinin diqqətdən kənarda qalmasının ciddi nəticələrə səbəb ola biləcəyini nümayiş etdirir.

“Bu kimi halların baş verməsi qanunvericilikdə təhsil müəssisələrində təhlükəsizliyin təmin edilməsinə dair normaların ya tətbiq edilməməsi, ya da lazımi səviyyədə icra olunmaması ilə əlaqədardır.

Azərbaycan Respublikasının Təhsil Haqqında Qanunun 29-cu maddəsinə əsasən, təhsil müəssisələrinin təhlükəsizliyi təmin edilməli, onların sanitar-gigiyenik və texniki tələblərə uyğunluğu mütəmadi olaraq yoxlanılmalıdır. Lakin praktika göstərir ki, xüsusən də kənd məktəblərində bu tələblər çox vaxt nəzərə alınmır. Təhsil müəssisələrinin təhlükəsizliyinə məsul olan yerli icra orqanları və digər qurumlar bu məsələdə ya passiv mövqe tutur, ya da kifayət qədər resurs ayırmırlar. Bu, nəticə etibarı ilə belə qəza hallarının baş verməsinə gətirib çıxarır.

Kənd məktəbləri ilə şəhər məktəbləri arasında infrastruktur baxımından ciddi fərqlər var. Şəhərlərdə məktəblər mütəmadi olaraq təmir edilir, istilik və havalandırma sistemləri yenilənir, təhlükəsizlik tədbirləri gücləndirilir. Kənd məktəbləri isə çox vaxt köhnə avadanlıqlardan istifadə etməyə məcbur qalır. Bu, həm şagirdlərin, həm də müəllimlərin sağlamlığına və ümumilikdə tədris prosesinin keyfiyyətinə mənfi təsir göstərir.

Dünya təcrübəsi göstərir ki, məktəblərdə təhlükəsizlik prioritet məsələ kimi qəbul edilir və bu istiqamətdə xüsusi proqramlar həyata keçirilir. Məsələn, Skandinaviya ölkələrində bütün təhsil müəssisələrinin müasir istilik, havalandırma və yanğınsöndürmə sistemləri ilə təchiz edilməsi qanunla tənzimlənir. Hər il məktəblərdə müvafiq dövlət orqanları tərəfindən təhlükəsizlik yoxlamaları aparılır və ən kiçik çatışmazlıqlar belə dərhal aradan qaldırılır. ABŞ-da isə məktəblərdəki təhlükəsizlik məsələləri federal qanunlarla tənzimlənir və dövlət məktəblərinə bu məqsədlə əlavə vəsait ayrılır. Bununla yanaşı, məktəb idarəçiləri mütəmadi təlimlərə cəlb olunur ki, belə hallarda necə davranmalı olduqlarını bilsinlər.

Azərbaycanın təhsil sahəsində də bu kimi yanaşmalar tətbiq edilməlidir. İlk növbədə, kənd məktəblərinin təmirinə və modernləşdirilməsinə dair xüsusi dövlət proqramı hazırlanmalıdır. Bu proqramda məktəblərin təhlükəsizlik, sanitar-gigiyenik və texniki standartlara uyğunlaşdırılması ilə yanaşı, müasir avadanlıqların quraşdırılması nəzərdə tutulmalıdır. Həmçinin, yerli icra orqanlarının məsuliyyəti artırılmalı, bu sahədə müntəzəm monitorinqlər həyata keçirilməlidir.

Digər tərəfdən, müəllim və məktəb rəhbərlərinə təhlükəsizlik məsələləri ilə bağlı təlimlər keçirilməlidir. Bu, qəza hallarında necə davranmaq lazım olduğunu bilmələri üçün vacibdir. Tovuz rayonunda baş verən hadisədə şagirdlərin səhhətinin qorunması üçün təcili-tibbi yardımın çağırılması müsbət addım olsa da, bu cür halların qarşısını almaq daha önəmlidir.

Bununla yanaşı, qanunvericilikdə təhsil müəssisələrinin təhlükəsizliyinə dair tələblərin daha da sərtləşdirilməsi məqsədəuyğun olardı. Təhsil Haqqında Qanuna uyğun olaraq, məktəblərin təhlükəsizlik standartlarına riayət etməməsi hallarında məsul şəxslərə qarşı ciddi inzibati tədbirlər görülməlidir.

Bu hadisə bir daha göstərir ki, təhsil sahəsində bərabər imkanların təmin olunması vacibdir. Təhsil yalnız şəhər ərazilərində yaşayan şagirdlərin deyil, kənddəki şagirdlərin də hüququdur və onların təhlükəsiz mühitdə təhsil almaq hüququ dövlətin birbaşa məsuliyyətidir. Əks halda, kənd məktəblərinin acınacaqlı vəziyyəti uzunmüddətli perspektivdə ölkənin təhsil sistemində dərin uçurumlar yaradacaq”.

Dəniz

phrase_var_article.chosen
10
3
tribunainfo.az

4phrase_var_article.sources