AZ

"Azərbaycan bu məsələyə hərbi yolla cavab verə bilər" - Sabiq nazir

Prezident İlham Əliyev ötən gün “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində Fransanı Azərbaycan-Ermənistan münasibətlərində və sülh prosesində tutduğu mövqeyə görə sərt tənqid edib. Makron rejiminin Fransanı uğursuz dövlətə çevirdiyini qeyd edən Azərbaycan lideri Fransanın Ermənistana tədarük etdiyi silahlardan da danışıb.

İlham Əliyev bildirib ki, onlar öldürücü hücum silahlarıdır və Azərbaycan üçün praktiki təhlükə yaradır:

"Ermənistanla sərhədimizin uzunluğunun min kilometrdən çox olduğunu, bir çox yaşayış məntəqələrinin sərhədə yaxın yerləşdiyini və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlərin qayıtdıqlarını nəzərə aldıqda, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik. Dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir", - deyə Prezident əlavə edib.

Mövzu ilə bağlı "Unikal"a açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Makronun dövründə Fransanı, Baydenin dövründə isə ABŞ-ni tənqid edib:

"Burada münasibətlərin problemli olmasının birbaşa səbəbi bu administrasiyaların siyasətçiləridir. Bizim Fransa dövlətinə və millətinə olan münasibətimiz illər ərzində formalaşıb.

Əgər kimsə bu problemin həll edilməsini istəyirsə, deməli top onların tərəfindədir. Onlar özləri seçim etməlidirlər", - deyə sabiq nazir qeyd edib.

T.Zülfüqarov əlavə edib ki, silahlar məsələsi çox ciddidir:

"Bildiyiniz kimi, Azərbaycanın sülh prosesində əsas tələbi bundan ibarətdir ki, Ermənistan rəsmən işğalçı siyasətindən əl çəksin, çünki bu siyasət onların konstitusiyasında və müstəqillik haqqında bəyanatlarında qeyd olunub. Məhz bu şəraitdə Fransanın Ermənistana silahlar göndərməsi və kömək etməsi onu göstərir ki, bu, Azərbaycan üçün real təhlükə təşkil edən məsələdir.

Vaxtilə biz eyni məsələyə görə Rusiyanı tənqid edirdik. Belə ki, onlar da Ermənistana silah göndərirdilər və işğal siyasətinin davam etməsi üçün şərait yaradırdılar.

Bizim mövqeyimiz isə dəyişməz olaraq qalır. Ermənistan işğalçı siyasətindən əl çəkməsə, onlara hərbi sahədə kömək edən istənilən ölkə Azərbaycana qarşı addım atmış hesab olunacaq.

Azərbaycanın bu məsələyə reaksiyası həm siyasi, həm də gələcəkdə hərbi yolla ola bilər. Əgər Azərbaycan hesab etsə ki, bu və digər silahlar vətəndaşlarımıza qarşı hansısa təhlükə yaradır, onları qabaqcıl addımlar ataraq zərərsizləşdirə biləcək".

Murad İbrahimli


 

Seçilən
8
unikal.az

1Mənbələr