Gənclər, magistraturanın son kurs tələbələri, eləcə də riyaziyyat, informatika və statistika sahələrində təhsil alanlar "Gənc Psixometrik" proqramına qoşulub yeni biliklər əldə edə və gələcəkdə Dövlət İmtahan Mərkəzində (DİM) işləyə bilərlər.
AzEdu.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlama verən DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.
Sədr qeyd edib ki, bu gün psixologiya elmləri üzrə fəlsəfə doktoru və Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysovanın "Tapşırıq Halqaları Modeli: Metodologiya və Tətbiq İmkanları" kitabının təqdimatı ilə yanaşı, DİM-in iki təşəbbüsü təqdim olunur:
“DİM-in təşəbbüslərindən biri könüllülərlə əlaqədardır. Könüllülərin işə cəlb olunması vacibdir, çünki təcrübəsiz gənclər yeni peşələri mənimsəməli və hansı sahələrdə təcrübə qazanmaları barədə bilik əldə etməlidirlər ki, gələcəkdə DİM-də işləyə bilsinlər".
Sədr, həmçinin DİM-in ikinci təşəbbüsü olan “Gənc Psixometrik” təcrübə proqramından da danışıb.
"Bu proqram üç aylıq müddəti əhatə edir və gənclər ilə təcrübəli müəllimlər üçün nəzərdə tutulub. Müəyyən imtahan və sınaqlardan sonra iştirakçılar bu proqrama cəlb olunacaq".
Məleykə Abbaszadə bildirib ki, DİM-də marker və qiymətləndirmə mütəxəssislərinin sayının az olması səbəbindən yazı işləri gec yoxlanılır: "Bizə marker və qiymətləndirmə mütəxəssisləri lazımdır. Bu sahəyə əmək bazarında da böyük ehtiyac var".