31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar Bakı şəhər və paytaxt rayonları icra hakimiyyətləri tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir.

İndex.az “Bakıbaku”ya istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildiriblər ki, artıq şəhərin parkları, meydan və küçələrinin bəzədilməsi, burada yeni il atributlarının, işıqlı çilçıraqlar və digər bəzəklər quraşdırılması işləri yekunlaşıb.

Dövlətimizin başçısının uğurlu siyasəti nəticəsində ölkəmiz sürətlə inkişaf edir və bu gün xalqımızın əhval ruhiyyəsi çox yüksəkdir, buna uyğun olaraq da şəhərimizdə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xüsusi hazırlıq və tərtibat işləri həyata keçirilir. Ənənəvi olaraq bayram tərtibatı işləri görülən Neftçilər prospekti, Yusif Səfərov, Niyazi, İstiqlaliyyət küçələri və Azərbaycan prospekti də bayramla bağlı bəzədilir.

“Azneft” dairəsində isə yeni il şam ağacı kompleksi yaradılıb. Bu, şəhərin simvolik məkanlarından biri olan “Azneft” dairəsində bayramın qeyd edilməsinə dair ənənəni yaşadır və buraya gələn vətəndaşları, turistləri möhtəşəm bir bayram görüntüsü ilə qarşılayır.

Həmçinin rayon icra hakimiyyətlərinə tövsiyə edilib ki, bayramla bağlı ərazilərində nümunəvi küçələr hazırlansın.
Bu hazırlıqlar, yalnız bayram əhval-ruhiyyəsini yaratmaqla kifayətlənmir, həm də Bakı şəhərinin gözəlliyini və mədəni zənginliyini əks etdirir.