AZ

Laçında istehsal olunan məhsullar dünya bazarına çıxarılacaq

Laçın Aqro və Sənaye Parkının bir hissəsi olan “Lachin Chemical” şirkəti 2023-cü ildə təsis edilib. Müəssisənin təməl daşının atılmasından az müddət keçməsinə baxmayaraq, hazırda istehsalın genişləndirilməsi müzakirə mövzusudur. Artıq müəssisənin istehsal etdiyi məhsullar ictimai iaşə obyektlərinin piştaxtalarında öz yerini alıb. Əsasən gigiyenik məhsullar hazırlayan şirkət Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “Dayaq” mükafatının “Qarabağda uğurlu biznes” nominasiyasının qalibidir.

Müəssisə orqanik məhsul istehsalına fokuslanıb

Təbii ehtiyatlarla zəngin olan Qarabağ və Şərqi Zəngəzurda orqanik məhsullar istehsal etmək mümkündür ki, “Lachin Chemical” da bu imkanlardan maksimum yararlanır. Müəssisənin direktoru Arif Şəmistanlı bildirir ki, bu yaxınlarda yerli resurslar hesabına ərsəyə gələn təbii dəri vasitələrinin istehsalına başlanılıb.

Müəssisədə gündəlik məişətdə istifadə etdiyimiz yuyucu və gigiyenik vasitələr də istehsal olunur. Artıq uşaqların tələbatı üçün lazım olan təmizlik vasitələrinin istehsalına da başlanılıb. Sahibkar deyir ki, yaxın zamanda yerli xammal hesabına yeni çeşid məhsullar da hazırlanacaq.

İş yerlərinin sayı 100-ü ötəcək

Azərbaycanın Şərqi Zəngəzur bölgəsində yerləşən Laçın son aylar dinamik inkişafı ilə diqqət çəkir. Artıq 2 mindən çox insanın bu rayonda məskunlaşması məşğulluğa xeyli hərəkətlilik gətirib. Sözsüz ki, Laçına köçürülən əhalinin sayı artdıqca, yeni iş yerlərinə də tələbat yüksəlir. Hazırda “Lachin Chemical” 15 nəfəri zavodda işlə təmin edib. Amma istehsalın genişləndirilməsi qarşıdakı 6 ayda işçilərin sayını 60-a çatdırmağa imkan verəcək. Direktor bildirir ki, müəssisə tam gücü ilə fəaliyyət göstərdiyi halda, işçilərin sayı 100-ü ötəcək. Bütün bu deyilənlər yeni sənaye zavodlarının işə düşməsi ilə mümkün olacaq.

Sıfır tullantı mexanizmi

“Lachin Chemical” bütün texniki tələblərə cavab verən şəkildə dizayn edilib. Müasir və innovativ texnologiyalar quraşdırılıb, proseslərin təqribən 70 faizi avtomatlaşdırılıb, yeni idarəetmə sistemi qurulub. Bütün bu sadalananlar sayəsində daha az enerji sərf olunur və nəticədə karbon izi minimuma endirilir. Şirkət KOBİA-nın “Dayaq” mükafatını almadan öncə bu qurumun təmin etdiyi ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmindən yararlanıb və məhsullarını dövlət dəstəyi hesabına iri satış məntəqələrinə çıxarıb.

Bölgənin təbii resursları hesabına istehsal edilən orqanik məhsullar daxili bazarda özünə kifayət qədər müştəri tapıb. A.Şəmistanlı ölkənin bütün bölgələrinə çıxış əldə edib satışı genişləndirməyin əsas hədəflər sırasında olduğunu bildirir. Xaricə ixrac məsələsinə gəlincə, hazırda ixraca göndəriləcək çeşidlərin laboratoriya testləri aparılır. Yoxlamalar yekunlaşdıqdan sonra məhsullar sertifikatlaşdırmaya göndəriləcək və ixracla bağlı qərar veriləcək.

Faiq KƏRİMOĞLU

phrase_var_article.chosen
10
vergiler.az

1phrase_var_article.sources