AZ

Parlamentari: "Azərbaycan heç zaman haqsız və ədalətsiz münasibəti qəbul etməyəcək"

"Cənab Prezidentin Borrel kimi şəxslər üzərindən bəzi Qərb ölkələri və beynəlxalq təşkilatların qərəzli mövqeyini vurğulaması strateji bir yanaşma kimi qiymətləndirilə bilər" 

"Bu tip çıxışlar ölkə rəhbərliyinin beynəlxalq münasibətlərdə daha sərt və prinsipial mövqe tutduğunu göstərir"

Prezident İlham Əliyev Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verib. Müsahibə zamanı Prezident İlham Əliyev bir çox mühüm məsələ ilə yanaşı, Avropa İttifaqı Xarici siyasət idarəsinin keçmiş rəhbəri Jozep Borrell barədə də danışıb. Dövlət başçısı qeyd edib ki, “Borrel İspaniya diktatoru Fransisko Franko üçün yaxşı xarici işlər naziri olardı, amma başqa zamanda yaşadığı üçün bəxti gətirməyib”. Eyni zaman Prezident COP29 zamanı Borrelldən sitat gətirdiyini də xatırladıb: "O dedi ki, Avropa çiçəklənən bağdır, qalan hər şey cəngəllikdir. Mən isə dedim ki, əgər biz cəngəllikiksə, bizdən uzaq dur". 

Prezidentin müsahibədə toxunduğu məqamla bağlı "Sherg.az"a danışan Milli Məclisin üzvü Şahin Seyidzadə deyib ki, dövlət başçısının "...Bizdən uzaq dur" ifadəsi həm məcazı mənada, həm də birbaşa xəbərdarlıq mesajıdır. 
Millət vəkili vurğulayıb ki, Azərbaycan heç bir zaman haqsız və ədalətsiz münasibəti qəbul etməyəcək: 

"Cənab Prezidentin Borrel kimi şəxslər üzərindən bəzi Qərb ölkələri və beynəlxalq təşkilatların qərəzli mövqeyini vurğulaması həm daxili, həm də xarici siyasətdə strateji bir yanaşma kimi qiymətləndirilə bilər. Bu cür açıqlamalar, Azərbaycanın suverenliyini, müstəqilliyini və haqlı mövqeyini müdafiə etməklə yanaşı, beynəlxalq aləmdəki ikiüzlü və bəzən qeyri-obyektiv münasibətlərə qarşı da etiraz formasıdır. Prezidentin ironik tərzlə onların qərəzli yanaşmalarını qeyd etməsi Azərbaycanın hüquqlarını müdafiə etmək məqsədi güdür. Belə bir yanaşma, həm də diqqəti cəlb etmək, Azərbaycanın siyasətinin ədalətli və düzgün olduğunu beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədi daşıyır. Bu tip çıxışlar ölkə rəhbərliyinin beynəlxalq münasibətlərdə daha sərt və prinsipial mövqe tutduğunu, eyni zamanda beynəlxalq təşkilatların obyektivlik və ədalət prinsiplərinə uyğun davranmalarını tələb etdiyini göstərir".
Seçilən
4
sherg.az

1Mənbələr