AZ

Tələbələr Yeni ili harada keçirəcəklər? - SORĞU

Bu gün öz üzərində çalışan, səylə oxuyan və gələcəyini düşünən tələbələrin sayı az deyildir. Tələbə ali təhsil müəssisələrində təhsil alan nizam-intizamlı, demokratik düşüncəli, özünə və müəlliminə hörmət edən, öz sözünü deyə bilən, elmi yeniliklərə, texnologiyalara yiyələnən, cəmiyyətdə layiqli yer tutmağa çalışan gəncdir. Bu günün tələbəsi müstəqil, sərbəst düşünməyi istəyir. Tələbə özü axtarmalı, özü nəticə çıxarmalıdır, əsl tələbə belə yaranır. İndi isə Yeni ilə sayılı günlər qala bu zəhmətkeş, həyatı mübarizələrlə dolu olan bu gənclərin Yeni ili harada keçirəcəkləri sualı ortaya çıxır. SİA daima axtarışlar içində olan tələbələrin 2025-ci ili harada, kimlərlə keçirəcəklərini, Yeni illə bağlı hansı planlar qurduqlarını öyrənmək üçün sorğu keçirib.

Tələbə Aysun Qocıyeva: "Yeni ili ailəmlə keçirəcəm. Amma tələbə yoldaşlarımla da planlarım var. Ailəmlə şəhərdə keçirməyi, amma tələbə yoldaşlarımla şənlik keçirməyi düşünürük. 2025-ci ildə bol-bol sağlamlıq, xoşbəxtlik və kəsrsiz il arzu edirəm. Tələbə üçün əsas kəsrsiz olmaqdır. Üçüncü kursam və Pedaqoji Universitetdə təhsil alıram".

Tələbə Ülviyyə Osmanova: "Mən Yeni ili rayonda ailəmlə keçirməyi planlayıram. Dördüncü kurs tələbəsiyəm, sonuncu ilimdir. Tələbə yoldaşlarımla da şənlik keçirəcəyik. Unudulmaz olsun deyə, xüsusi olaraq qeyd etmək istəyirik. 2025-ci il məncə, daha gözəl, yaxşı, uğurlu keçəcək. Belə ümid edirəm. Yeni il üçün gözəl xatirələr saxlayacam. Tələbəlik də bitir, mənim üçün daha mənalı olacağını düşünürəm. Bütün tələbələrə uğurlar və zehin açıqlığı arzu edirəm".

Tələbə Xədicə Abdullazadə: "Yeni ili ailəmlə keçirəcəm, belə planlayıram. Düzdür, qrup yoldaşlarımla da ayrıca şənlik keçirəcəyik. Amma ailəmlə də ayrıca keçirmək istəyirəm. 2025-ci ildə istəyirəm ki, bu il yaşamadığım çox şeyi yaşayım. Təbii ki, yaxşı şeyləri nəzərdə tuturam. Özümə ən gözəl, yaxşı, bərəkətli, uğurlu olan nədirsə, onları arzu edirəm. Çox gözəl hədəflərim var. Onları gerçəkləşdirməyi ümid edirəm".

Tələbə Nərgiz Səlimova: "Üçüncü kurs tələbəsiyəm. Yeni ildə, əslində, işdə olacam. Xüsusi planım yoxdur. Həm oxuyub, həm də işləyirəm. Bir neçə gün işləyəndən sonra da, yəqin ki, bir-iki gün ara verib imtahanlara hazırlaşaram. 2025-ci illə bağlı böyük ümidlərim var. Hədəflərim, məqsədlərim var, onlara çatmaq üçün çalışacam. İnanıram ki, Yeni il hər kəs üçün düşərli olacaq ".

Tələbə Məltəm Adilova: "Yeni il axşamı iş yoldaşlarımla restorana getmək, orada qeyd etmək istəyirəm. Bayram günləri isə istirahətim yoxdur, çünki işləyirəm. Mən işləyən tələbəyəm. 2025-ci ildə öz biznesimi qurmaq istəyirəm. Çalışmaq, zəhmət çəkmək lazımdır. Hədəflərimə çalışmaqla çatacam. İnsanlara isə demək istəyirəm ki, özünüzü sevin, həmişə başqalarına qarşı mehriban olun".

Tələbə Elmira Hətəmova: "Yeni ili ailəmlə evdə keçirməyi planlaşdırıram. Bir yerə getməyi fikirləşmirəm. Bayram günlərində də evdə olacam. Ən gözəl istirahət elə budur. Sonuncu kurs tələbəsiyəm. 2025-ci ildə arzum budur ki, MİQ-ə hazırlaşıb müəllim adını qazanım. Yaxşı müəllim olmaq üçün çalışacam. Yeni ildə hamıya cansağlığı arzulayıram. Çünki can sağlam olanda ardınca hər şey gəlir. Sağlam candan sonra xoşbəxtlik, var-dövlət, hər şey yerini tapır. Əsas hamı sağlam olsun, gerisi boşdur".

Müəllif: Söylü Ağazadə
Seçilən
11
sia.az

1Mənbələr